ABŞ Ermənistana maliyyə yardımını artıracaq
Amerika Birləşmiş Ştatları Ermənistana göstərilən maliyyə yardımının həcmini artırmağa hazırlaşır. Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils deyib.
Yardımın miqyasları
2019-cu ildə ABŞ Dövlət Departamenti Ermənistana təxminən 26 milyon dollar ayıracaq. Bu, daha öncə nəzərdə tutulduğundan 20 milyon artıqdır. Bu il Ermənistan artıq əlavə 14 milyon maliyyələşdirmə alıb.
Yardım nəyə sərf olunacaq
Vəsaitlərin bir hissəsi vətəndaş cəmiyyəti quruculuğunu və müstəqil medianı stimullaşdıran proqramların icrasına istiqamətləndiriləcək. Digər hissəsi erməni və amerikan şirkətləri arasında ticari və işgüzar əlaqələrin genişləndirilməsinə, o cümlədən Ermənistan üçün prioritet olan informasiya texnologiyaları sahəsinə və energetikada islahatların həyata keçirilməsinə gedəcək.
Bu proqramlar keçid dövründə ölkənin yeni siyasi rəhbərliyinə, çoxpartiyalı sistemin təşəkkülünə və azad, ədalətli seçkilərin keçirilməsinə dəstək vermək məqsədini güdür.
Ötən illərdə ABŞ-ın Ermənistana yardımı
Ermənistan müstəqillik qazanandan sonra Birləşmiş Ştatlar daim ölkədə cəmiyyətin demokratikləşməsi üzrə proqramların həyata keçirilməsi üçün maliyyə yardımı göstərib. 2006-cı ildən etibarən maliyyə yardımı həm də ABŞ Dövlət Departamentinin “Minilliyin çağırışları” korporasiyası vasitəsilə həyata keçirilib.
Həmin proqram çərçivəsində Ermənistana 177 milyon dollar məbləğində investisiya qoyulub. Eyni zamanda, Ermənistanla “Minilliyin çağırışları” korporasiyası arasında imzalanmış sazişə görə, Ermənistana 235 milyon dollar həcmində investisiya yatırmaq nəzərdə tutulurdu.
Proqram nəzərdə tutulduğundan tez başa çatdı. “Minilliyin çağırışları” korporasiyasının ABŞ-ın dövlət katibi Hillari Klintonun rəhbərlik etdiyi Direktorlar Şurası proqramın maliyyələşdirilməsinin kəsilməsini qərara aldı. Bu, korrupsiya riskləri və 2008-ci ilin prezident seçkilərindən sonra faciəvi hadisələrlə bağlı idi. O zaman nümayiş dağıdılarkən seçkilərin nəticələrindən narazı nümayişçilər həlak olmuşdular.
2018-ci ilin “məxməri inqilab”ından sonra Ermənistan hakimiyyəti və ABŞ-dakı erməni lobbi təşkilatları yenidən maliyyə yardımının göstərilməsi məsələsini qaldırıblar. Lakin korporasiya özünün Ermənistana maliyyə axını istiqamətləndirməmək qərarını bununla izah edib ki, ölkə müəyyən edilmiş kriterilərə uyğun gəlmir.
Nəticədə, Ermənistan “Minilliyin çağırışları” korporasiyasından maliyyə yardımı ala bilmədi. Buna baxmayaraq, artıq indidən bəllidir ki, Ermənistanın yeni hakimiyyəti bəzi proqramların gerçəkləşdirilməsi üçün birbaşa ABŞ büdcəsindən pul alacaq.