ABŞ Dövlət Departamenti: “Korrupsiya Azərbaycanda işləyən şirkətlər üçün ciddi problem olaraq qalır”
Dövlət Departamenti Azərbaycanda investisiya mühiti haqda
Ciddi problemlər qalsa da, Azərbaycanda ümumi investisiya mühiti yaxşılaşır – ABŞ Dövlət Departamentinin 2022-ci il üzrə dərc etdiyi “İnvestisiya mühiti haqqında bəyanatlar” adlı hesabatda deyilir. Sənəddə qeyd olunur ki, Azərbaycanda işləyən şirkətlər üçün korrupsiya ciddi problem olaraq qalır.
- “Azərbaycan hökuməti hələ də özünü kövrək hiss edir” – Bakıdan şərh
- Erməni maraqları nəzərə alınmayan regional proseslər? Rəy
- “Jurnalist Muxtarlını qaçırmaq əmrini İvanişvili verib” – həbsxanadan etiraf
ABŞ Dövlət Departamenti 2022-ci il üzrə “İnvestisiya mühiti haqqında bəyanatlar” adlı hesabat dərc edib. Sənəd dünyanın 160 ölkəsini əhatə edir. Postsovet ölkələrindən Ukrayna və Rusiya istisna olub. ABŞ Dövlət Departamenti bunu Ukraynada Rusiya tərəfindən işğalçı müharibə davam etdirildiyi müddətdə oradan informasiya toplamağın mümkünsüzlüyü ilə izah edib. Rusiyaya qarşı beynəlxalq sanksiyalar nəticəsində ölkə iqtisadiyyatının konyukturasında baş verən kəskin dəyişikliklərə görə RF-də investisiya mühiti haqda məlumat yoxdur.
“Ciddi problemlər qalır”
Hesabatın Azərbaycana aid hissəsində ABŞ dövlət Departamenti qeyd edib ki, ciddi pproblemlər qalsa da, Azərbaycanda investisiya mühiti yaxşılaşır.
“Azərbaycan hökuməti xarici investisiyalar cəlb etməyə, iqtisadiyyatının diversifikasiyası və özəl sektorun öncüllük etdiyi artımın stimullaşdırılması üçün islahatlar keçirməyə can atırdı. Amma Azərbaycan iqtisadiyyatı ixrac gəlirlərinin təxminən 88 faizini və dövlət büdcəsinin yarıdan çoxunu təşkil edən neft və qaz hasilatından ciddi şəkildə asılı olaraq qalır. Azərbaycan iqtisadiyyatı 2021-ci ildə əvvəlki illə müqayisədə 5,6% artıb (2020-ci ildə 4,3 faiz azalma olub), – sənəddə deyilir.
Bildirilir ki, iqtisadiyyatın pandemiyadan sonra bərpası davam etdikcə iqtisadiyyatın həm neft-qaz (1,7%), həm də qeyri-neft və qaz (7,2%) sektorları genişlənib. Neft və qaz sektoru tarixən xarici investisiyaların ən böyük hissəsini cəlb etdiyi halda, Azərbaycan hökuməti iqtisadiyyatı şaxələndirmək üçün dörd qeyri-neft sektorunu hədəfləyib: kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat/logistika.
“Biznes mühitinin yaxşılaşdırılması və ümumi iqtisadiyyatda islahatların aparılması üçün son illərdə görülən tədbirlərə artıq sahibkarlıq lisenziyası kateqoriyalarının ləğvi, məşhur Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (ASAN) dövlət xidmət mərkəzlərinə lisenziyalaşdırma səlahiyyəti verilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, bəzi biznes yoxlamalarının dayandırılması və vergi rejiminin islahatı daxildir” – amerikalı analitiklər qeyd ediblər.
Sənədin bir hissəsi Azərbaycan hökumətinin koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə həsr olunub.
“A2021-ci ildə Azərbaycanda COVID-19-un təsirinin azaldılması tədbirlərinə, o cümlədən peyvəndlərin alınması, tibb işçilərinə mükafatların ödənilməsi və modul tipli xəstəxanaların fəaliyyətinin dəstəklənməsi üçün dövlət büdcəsindən 800,8 milyon manat (471 milyon ABŞ dolları) vəsait ayrılıb”, – sənəddə deyilir.
“Korrupsiya şirkətlər üçün ciddi problem olaraq qalır”
“Biznes mühitinin açılması istiqamətində ciddi səylərə baxmayaraq, şaxələndirilmiş və rəqabət qabiliyyətli özəl sektorun yaradılması üçün tələb olunan struktur islahatları ləngiyir və korrupsiya Azərbaycanda fəaliyyət göstərən firmalar üçün əsas problem olaraq qalır.
Hökumətlə əlaqəli şirkətlərin kiçik bir qrupu iqtisadiyyatda üstünlük təşkil edir, əqli mülkiyyət hüquqlarının müdafiəsi yaxşılaşır, lakin qeyri-kafi olaraq qalır və məhkəmə şəffaflığı yoxdur”, – ABŞ Dövlət Departamentinin hesabatında vurğulanır.
Amma o da qeyd olunur ki, Azərbaycan qanunvericiliyinə əsasən, xarici sərmayələr tam və qeyd-şərtsiz hüquqi müdafiəyə malikdir və xüsusi hallar istisna olmaqla, milliləşdirilə və ya mənimsənilə bilməz. Özəl qurumlar sərbəst şəkildə sahibkarlıq subyektləri yarada, əldə edə və öz maraqlarına dair sərəncam verə bilərlər. Xarici vətəndaşlar, təşkilatlar və müəssisələr torpaq icarəyə götürə bilər, lakin mülkiyyət hüququna malik deyillər.
Hesabatda deyilir: “Azərbaycan hökuməti qeyri-qanuni özgəninkiləşdirmə yolu ilə ABŞ vətəndaşları və ya qurumlarına qarşı heç bir ayrı-seçkilik nümunəsi göstərməyib. Birləşmiş Ştatlar və Azərbaycan arasında İkitərəfli İnvestisiya Müqaviləsi (BIT) ABŞ investorlarına İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzdən (ICSID) istifadə edərək investisiya mübahisələrini həll etmək üçün müraciət etmək imkanı verir. Beynəlxalq biznes mübahisələrini yerli məhkəmələr və ya mübahisələrin alternativ həlli yolu ilə həll etmək üçün tələb olunan orta vaxt geniş şəkildə dəyişir”.
Ərazilərin bərpası və minalardan təmizlənməsi haqda
Amerika hökumətinin hesabatında Azərbaycan hakimiyyətinin ikinci Qarabağ müharibəsi nəticəsində rəsmi Bakının nəzarəti altına qayıdan ərazilərdə apardığı işlər də öz əksini tapıb.
“2020-ci ilin payızında Dağlıq Qarabağ münaqişəsində intensiv döyüşlərə son qoyan Ermənistan, Azərbaycan və Rusiyanın üçtərəfli atəşkəs bəyanatı noyabr ayında açıqlandıqdan sonra Azərbaycan hökuməti əvvəllər Ermənistanın dəstəklədiyi separatçıların nəzarəti altında olan Dağlıq Qarabağ ətrafındakı ərazilərə cəlb etmək üçün yeni investisiyalar axtarır. Azərbaycanın 2022-ci il dövlət büdcəsində bu ərazilərin bərpası və yenidən qurulması üçün 2,2 milyard manat (1,3 milyard ABŞ dolları) vəsaitin ayrılması nəzərdə tutulub.
Bu vəsaitin mədəniyyət və tarixi abidələrin bərpası ilə yanaşı, yol infrastrukturunun, işıq, qaz, su, rabitə infrastrukturunun, təhsil və səhiyyə sahələrinin bərpasına yönəldiləcəyi bildirilir. Hökumət bu regionda yaşıl enerji layihələrini də həyata keçirir. Bu ərazilərin yenidən qurulması və köçürülməsi üçün nəzərdə tutulmuş xüsusi büdcə ayırmalarının davam etdirilməsi ilə yanaşı, yenidənqurma işlərinin növbəti illərdə davam etdirilməsi gözlənilir. Yenidənqurma işləri çərçivəsində bu ərazilərin minalardan təmizlənməsi Azərbaycan hökumətinin prioriteti olaraq qalır,” – hesabatda qeyd edilir.