Azərbaycan və Ermənistan arasındakı Sülh Sazişinin mətni paylaşılıb
Sülh sazişinin mətni yayılıb
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin mətni paylaşılıb.
Sülh sazişinin mətninə görə, Azərbaycan və Ermənistan, iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün qarşılıqlı maraq kəsb edən aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmalar bağlaya bilərlər.
Sazişə görə, tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.
Mətnə əsasən, tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər.
Tərəflər Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər.
Sülh müqaviləsi 17 maddədən ibarətdir və heç bir dəyişiklik edilməyəcəyi bildirilir.
Sazişin tam mətni
Azərbaycan Respublikası və Ermənistan Respublikası (bundan sonra Tərəflər), Bölgədə ədalətli, hərtərəfli və davamlı sülhün təsis edilməsinə təcili zərurəti anlayaraq, bu məqsədə dövlətlərarası münasibətlərin təsis edilməsi yolu ilə töhfə verməyi arzulayaraq,
BMT Nizamnaməsini, BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətləri və əməkdaşlıq ilə bağlı beynəlxalq hüququn prinsipləri haqqında Bəyannaməni (1970),
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Helsinki Yekun Aktını (1975) və 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini rəhbər tutaraq, və orada əks olunmuş norma və prinsiplər əsasında əlaqələri inkişaf etdirmək məqsədi güdərək,
Öz aralarında mehriban qonşuluq münasibətləri təsis etməklə bağlı qarşılıqlı iradəni ifadə edərək,
Aşağıdakılar əsasında öz aralarında sülh və dövlətlərarası münasibətləri təsis etmək barədə razılığa gəlirlər:
Maddə I
Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər;
Maddə II
Tərəflər, I Maddəyə tam riayət etməklə, bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını təsdiq edirlər;
Tərəflər digər tərəfin ərazi bütövlüyü və ya siyasi birliyini tamamilə və ya qismən parçalamağa yönəlmiş hər hansı bir hərəkətə, o cümlədən belə hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə və dəstəklənməsinə yol verməyəcəklər.
Maddə III
Tərəflər bir-biri ilə qarşılıqlı münasibətlərdə ərazi bütövlüyü və ya siyasi müstəqilliyə qarşı və ya BMT Nizamnaməsinə zidd olan hər hansı bir digər formada, güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəklər.
Onlar öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin digər Tərəfə qarşı BMT Nizamnaməsinə zidd olaraq güc tədbiq etmək üçün istifadə edilməsinə imkan verməyəcəklər.
Maddə IV
Tərəflər bir-birinin daxili işlərinə müdaxilədən çəkinəcəklər.
Maddə V
Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra […] gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar.
Maddə VI
Tərəflər, hazırkı Sazişin I Maddəsindən irəli gələn öhdəliklərinə tam uyğun olaraq, onlar arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında Sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında bu Komissiyaların razılaşdırılmış əsasnamələri əsasında vicdanla danışıqlar aparacaqlar.
Maddə VII
Tərəflər qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməyəcəklər. Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.
Maddə VIII
Tərəflər dözümsüzlük, irqi nifrət və ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pisləyirlər və özlərinin müvafiq yurisdiksiyaları çərçivəsində bu hallarla mübarizə aparacaqlar və özlərinin bununla bağlı müvafiq beynəlxalq öhdəliklərinə əməl edəcəklər.
Maddə IX
Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər.
Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər.
Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır.
Maddə X
Tərəflər, iqtisadiyyat, tranzit və nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün qarşılıqlı maraq kəsb edən aidiyyəti istiqamətlər üzrə ayrıca razılaşmalar bağlaya bilərlər.
Maddə XI
Hazırkı Saziş Tərəflərin beynəlxaq hüquq və onların hər birinin digər BMT üzvdövlətləri ilə bağlanmış müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmir.
Tərəflərdən hər biri onunla digər hər hansı üçüncü tərəf arasında hazırda qüvvədə olan beynəlxalq razılaşmaların onun bu Saziş üzrə götürdüyü öhdəliklərinə xələl gətirməməsini təmin edəcəklər.
Maddə XII
Tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar.
Tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər;
Tərəflər, Müqavilələr hüququ haqqında Vyana Konvensiyasına (1969) uyğun olaraq, bu Sazişin qüvvəyə minməsindən əvvəl onun obyekti və məqsədinə xələl gətirən fəaliyyətlərdən çəkinəcəklər.
Maddə XIII
Tərəflər bu Sazişin tam icrasına zəmanət verirlər və hazırkı Sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər. Bu Komissiya Tərəflər arasında razılaşdırılacaq modallıqlar əsasında fəaliyyət göstərəcək.
Maddə XIV
Tərəflər, onların beynəlxalq hüquq və qarşılıqlı münasibətlərində onlar üçün məcburi xarakter daşıyan müqavilələr üzrə hüquq və öhdəliklərinə xələl gətirmədən, bu Sazişin təfsiri və tətbiqi ilə bağlı hər hansı mübahisəni, XIII Maddədə istinad olunan Komissiya da daxil olmaqla, birbaşa məsləhətləşmələr yolu ilə həll etmək istiqamətində çalışacaqlar.
Bu məsləhətləşmələr 6 ay ərzində Tərəflərin hər ikisi üçün məqbul nəticə vermədiyi təqdirdə, Tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət edəcəklər.
Maddə XV
XIV Maddəyə xələl gətirmədən, Tərəflər hər hansı bir hüquqi müstəvidə onlar arasında bu Sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı bir formada həll edəcəklər.
Bir-birinə qarşı bu cür iddiaları, şikayətləri, etirazları, iradları və icraatları başlatmayacaq, və tərəflərdən hər hansı birinə qarşı hər hansı digər üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hər hansı bir formada cəlb olunmayacaqlar;
Tərəflər bu Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər.
Maddə XVI
Bu Saziş Tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq daxili prosedurların bitməsi barədə bildiriş sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək.
Bu Saziş BMT Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçiriləcək.
Maddə XVII
Hazırkı Saziş Azərbaycan, erməni və ingilis dillərində bağlanılmışdır, bütün üç mətn bərabər autentikdir. Hər hansı autentik mətnin müddəasının təfsirində fikir ayrılığı olduqda ingilis dilindəki mətn üstünlük təşkil edəcəkdir.
Kontekst
● 2020-ci ilin payızında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük ikinci Qarabağ müharibəsi baş verdi. Nəticədə Azərbaycan Qarabağın bir hissəsinə və ona bitişik yeddi rayona nəzarəti bərpa edib.
● 19 sentyabr 2023-cü ildə Azərbaycan Qarabağda yerli hərbi əməliyyat keçirdi.
● 28 sentyabrda tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Samvel Şahramanyan respublikanın buraxılması haqqında fərman imzaladı.
● 15 oktyabr 2023-cü ildə prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın suverenliyinin tam bərpasını, Qarabağ probleminin həllini və münaqişənin başa çatmasını bəyan edib.
● Hazırda Azərbaycanda tanınmamış DQR-nin keçmiş prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, keçmiş xarici işlər naziri David Babayan, parlamentin sədri David İşxanyan, generallar Leva Mnatsakanyan və David Manukyan da daxil olmaqla 14 nəfər həbsdədir. Bakıda onların məhkəmə prosesləri gedir.
● Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb.
Sülh sazişinin mətni yayılıb