Şəraitdən şikayət edən uşaq evi sakini ətrafında hadisələr ciddiləşir
3 saylı uşaq evində qalmaqal
Uşaq evlərindən birinin sakini Məhəmməd Hacıyevin saxlanma şəraiti ilə bağlı şikayəti ilə başlayan qalmaqal getdikcə böyüyür. Yeniyetmənin uşaq evi rəhbərliyinin korrupsiya əməlləri ilə bağlı danışığını əks etdirən videosu sosial şəbəkələrdə yayılandan sonra o, ruhi xəstəxanaya yerləşdirilib. Xəstəxananın baş həkimi uşağın ruhi xəstə olmadığını bildirib və səhəri gün işdən çıxarılıb.
- Aİ Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəkmi? Bakıdan görünüş
- Azərbaycanda inflyasiyanı niyə cilovlamaq olmur?
- “Xalqa Rusiya yox, Avropa lazımdır” – Gürcüstan prezidentinin parlamentdəki çıxışı
Ötən həftədən sosial şəbəkələrin Azərbaycan seqmentində 16 yaşlı Məhəmməd Hacıyevin video-müsahibə və ondan sonra baç verənlər müzakirə olunur.
Uşaqların yeməyini oğurlayırlar
Yerli internet-kanala müsahibəsində Məhəmməd sakini olduğu Bakıdakı 3 saylı uşaq evində yarı ac yaşadıqları haqda danışır. O, deyir ki, səhər yeməyinə onlara şor-çörək verilir, amma çörək böyük olsa da, üzərinə yaxılan şor çörəyin heç yarısını tutmur, üstəlik də çörək quru olur.
“Mən özümə görə demirəm, nə olsa yeyərəm, onlara görə deyirəm. O uşaqlar o çörəkdən doymur. Səhər onu yeyib gedirlər məktəbə. Məktəbdə də o uşağın ağzına baxırlar, bu uşağın ağzına baxırlar. Ev uşaqlarından dilənməyə məcbur olurlar”, – yeniyetmə danışır.
Onun sözlərinə görə, uşaq evi lazımi hər şeylə təmin olunur, amma rəhbərlik onların haqqını oğurlayır:
“Ətin sümüklü, piyli tərəflərini bişirirlər, ətli yerlərini aparırlar. Südü, almaları aparırlar, çürüklərini saxlayırlar”.
Bu video yayılan günün səhərisi Məhəmməd Hacıyev 1 saylı psixiatrik xəstəxanaya yerləşdirilib.
“O, psixi xəstədir”
3 saylı uşaq evinin direktor müavini Ülkər Babayevının sözlərinə görə, Məhəmməd həmişə “pis davranışı” ilə fərqlənib:
“Həqiqət odur ki, Hacıyev Məhəmməd dəfələrlə uşaq evində oğurluq hadisəsi törədib. Dəfələrlə daxili nizam-intizam qaydalarına tabe olmayıb. Bu haqda lazımi qurumlar məlumatlandırılıb.
Dəfələrlə psixiatrik xəstəxanada müalicə alıb, davranış pozuntusu ilə bağlı”.
Məhəmməd Hacıyevin psixiatrik xəstəxanada olduğunu uşaq evinin rəsmiləri təsdiq ediblər və bildiriblər ki, yeniyetməni xəstəxanaya polis əməkdaşları aparıblar.
Psixiatriya xəstəxanasının baş həkimi: “Yeniyetmə xəstə deyil”
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov sitat.az-a açıqlamasında bildirib ki, yeniyetmə ruhi xəstə deyil.
Onun sözlərinə görə, hazırda uşağa sahib çıxan yoxdur və bu səbəbdən psixiatriya xəstəxanasında qalır:
“Onda müəyyən psixoloji pozuntular var, amma çox cüzidir. O pozuntulardan Bakının yarısında var. Əhalinin yarısı gəlib bizim xəstəxanada yatmalıdır? Bunun problemi çox yüngüldür, bu bizdə yatmamalıdır. Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox”.
Ötən gün bu müsahibəni verən baş həkim bu gün səhiyyə nazirinin əmri ilə tutduğu vəzifədən azad edilib. Rəsmi səbəb kimi də həkimin yaşı göstərilib.
İşdən azad ediləndən sonra Rəsulov yerli mediaya açıqlamasında öz sözlərini bir daha təsdiqləyib: “Bu yeniyetmə ruhi xəstə deyil”.
Uşaq evinin direktoru təkzib edir
3 Saylı Uşaq Evinin müdirəsi Məhbubə Hüseynova isə iddiaları rədd edib. O, Abzas Media-ya bildirib ki, uşaqdan təkzib istəyi olmayıb:
“Mən elə söz deməmişəm. O, uşaqdır, nə edib ki, məndən üzr istəsin? Öz başlarından şişirtməsinlər. Elə söhbət olmayıb.
Mən heç o həkimin üzünü də görməmişəm, tanımıram. Uşaq bura gəlmişdi, ancaq sənədləri yerində deyildi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gəlib apardı ki, sənədlərini düzəldib, sığınacağa göndərsinlər.
Yəni, qaytarılacaq geri, o uşaq ortada qalmayacaq. O uşaqdır, mən kiməm onunla prinsip aparım, mənim nə ixtiyarım var?”, – o deyib.
Məhbubə Hüseynova son iki ildə iki dəfə qalmaqallı olayların baş qəhrəmanı kimi medianın gündəminə gəlib.
Beləliklə, 2021-ci ildə bu uşaq evində uşaqlar üçün yeməyin və yataq dəstlərinin acınacaqlı vəziyyətdə olduğunu əks etdirən kadrlar sosial şəbəkələrdə yayıldı. Həmin video yayımlanandan sonra Hüseynova töhmətlə cəzalandırıldı.
Keçən il həmin uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva video yayaraq Mahbubə Hüseynovanı ət oğurluğunda ittiham etmişdi. Qadının dediyinə görə, Qurban bayramında uşaq evindəki uşaqlara ət gətirilsə də, direktor əti öz maşını ilə uşaq evindən çıxarıb.
Dörd qardaşın acı taleyi
Məhəmmədin böyük qardaşı 20 yaşlı Əli Hacıyev ailəsinin acı taleyi haqda jurnalistlərə danışıb.
“Biz 4 qardaş anamla yaşayırdıq. Böyük uşaq mənəm 20 yaş, Məhəmməd 16, digər qardaşlarımın isə 13 və 12 yaşları var. Anam yataq xəstəsi idi.
Kimsəsiz və nəzarətsiz qalmayaq deyə, öz istəyimlə 2014-cü ildə “ANS” TV -də yayımlanan “Adam içində” verilişinə çıxıb hamımızı uşaq evinə yerləşdirmələri üçün kömək istədim. Beləcə, bizi uşaq evinə yerləşdirdilər. Müdir sağ olsun, anamın müalicəsində də bizə dəstək oldu. Təəssüf ki, anam 2016-cı ildə vəfat etdi.
13 və 12 yaşı olan qardaşlarım övladlığa götürülüblər. Sonuncu dəfə 13 yaşlı qardaşımla bir il əvvəl əlaqə saxlaya bilmişdim, amma kiçiklə danışa bilməmişəm. Valideynləri istəmədikləri üçün narahat etmirəm. Amma maraqlanıram, məlumat alıram və normal yaşadıqlarından əminəm.
Məhəmməd də övladlığa verilmişdi, lakin ailə rəsmi şəkildə imtina etdi”, – Əli deyib.