Azərbaycanda bullinqə məruz qalan 16 yaşlı məktəblini müdafiə edən tapılmır
Bakıdakı 244 saylı məktəbdə təhsil alan, daha doğrusu, təhsil almalı olan 16 yaşlı Əli Məlikov illərdir bullinqə məruz qaldığını özünə aid sosial media hesablarından paylaşıb. LGTBQI+ məktəbli uzun müddətdir ki, təhsil ocağına gedə bilmir. Onun sözlərinə görə, etdiyi şikayətlərə rəğmən heç bir tədbir görülmür.
- Azərbaycanda 16 yaşlı ictimai fəala qarşı ağır cinayət törədilib – VİDEO
- Müğənni qadın və mentalitet: Azərbaycanlı Melayın çətin səhnə yolu – VİDEO
- “Azərbaycan mənim üçün travmalardan ibarətdir”
Yaşının kifayət qədər az olmasına baxmayaraq, Əli Məlikov JAMnews-da dərc olunmuş və Azəbaycanın regionlarında kuirlərin həyatı ilə bağlı bu qəbildən ilk araşdırma yazısının müəllifidir.
Nə baş verir?
Səkkizinci sinifdən bəri məruz qaldığı bullinqlə mübarizə aparmağa çalışan Əli Məlikov məktəbdə dəhlizə belə özünü təhlükədə hiss edərək çıxır. Onun sözlərinə görə, məktəb dəhlizində yaşıdları söz atır, küçədə fiziki zorakılıq göstərməyə çalışırlar.
Müəllimləri orientasiyasına görə onun dəftərlərini cırır, qiymətlərini aşağı yazır, təhqir edirlər. Yaşıdlarının əşyalarını, sinif otağını dağıtmaqları isə onun üçün sonuncu hədd olub.
Əli deyir ki, dəfələrlə məktəb direktoru Yəhya Abbasova şikayət etsə də, təhsil müəssisəsinin rəhbəri məsələyə etinasız yanaşıb. “Problemli” şagird üçün “Məktəblinin dostu” layihəsindən psixoloq cəlb olunub. Əli yaşadıqlarını psixoloqa danışandan sonra mütəxəssis məsləhət görüb ki, baş verənlərə əhəmiyyət verməsin. “Onlar dəyişməyəcək”, – psixoloqun sözü bu olub.
Daha sonra məsələni yoluna qoymaq üçün Təhsil Nazirliyindən psixoloq cəlb olunub. Lakin mütəxəssisə Əlinin LGBTQI+ olması ilə bağlı məlumat verilməyib. Sadəcə, “Əli adlı uşağın problemləri var, görün alınırsa, onlayn təhsilə keçsin” deyilib.
Polisə müraciət və ombudsmandan məktub
Hazırda orta məktəbin sonuncu – 11-ci sinif şagirdi olan Əli Məlikov bu hadisələrdən sonra bir müddət təhsil müəssisəsinə getməkdən imtina edib. O, təhlükəsizliyi ilə bağlı vəkil Zibeydə Sadıqova ilə birlikdə Binəqədi rayonu üzrə 5-ci polis bölməsinə şikayət edib. Təhlükəsizliyinin təmin olunacağı vəd edilsə də, məsələ ilə bağlı heç bir əsaslı dəyişiklik müşahidə olunmur.
Əli deyir ki, bu məsələlərlə bağlı şikayətlərindən sonra təhlükəsizliyi təmin olunmaq əvəzinə, daha çox diqqət çəkib və ona qarşı təzyiqlər artıb.
O, polisə şikayət etməklə yanaşı, məktəbdəki vəziyyətlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə də müraciət edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmana göndərdiyi şikayətə cavab kimi isə sadəcə bir məktub gəlib.
Psixoloq: “Əli mübarizə aparmaq istəyir”
Əli Məlikovun psixoloqu Aysel Budaq bildirir ki, bu hadisələr Əlinin psixoloji vəziyyətinə güclü təsir edir.
“Əli mübarizə aparmaq istəyir. Amma yaşadıqları başqa formada da büruzə verə bilərdi. Əli güclü olduğu üçün əlindən gələni etdi – məsələni işıqlandırdı. Ən doğru reaksiya budur.
Baş verənlərlə hələ də kifayət qədər maraqlanılmaması Əliyə daha çox diqqət ayrılmasına gətirib çıxarır, o, daha çox tanınır. Bu səbəbdən, özünü təhlükəsizlikdə hiss edə bilər. Şəxsi həyatından artıq hamının xəbəri var.
Lakin bu vəziyyət onda təşviş hissi yarada bilər. Əlinin 16 yaşı var və şəxsiyyətinin formalaşdığı dövründədir.
Yaşadıqları onun inkişafına ciddi formada təsir edə, onda travma qoya bilər. Əli oxuduğu məktəbdə, vətəndaşı olduğu ölkədə təhlükəsizliyini, təhsil hüququnu əldə edə bilmir. Müraciət etdiyi halda heç bir reaksiya ala bilmir. Əlinin bu şikayətlərdən reaksiya ala bilməməsi 11-ci sinif şagirdində əks-təsir göstərə bilər.
Tək və qorunmadığını hiss etsə, bu, onun psixoloji vəziyyətinə ciddi təsir göstərəcək”, – Aysel Budaq Əlinin psixoloji vəziyyətiylə bağlı danışıb.
Ekspert rəyi
Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, hər bir vətəndaşın təhsil hüququ var. İnsanların dini, cinsi, irqi, sosial ayrıseçkiliyə məruz qalması birmənalı şəkildə yolverilməzdir:
“Şagirdlərin bioloji quruluşu, və ya orientasiyasına görə təqib edilməsi, təzyiqə məruz qalması bağışlana bilməz. Vətəndaşların təhsilinə hər hansı bir səbəbdən maneə yaratmaq olmaz. Əgər şagirdin məktəbdə problemi varsa, məktəb psixoloqu müzakirə aparmalıdır. Cəmiyyət hamı üçündür. Hamının öz yeri var. Məktəblərdə bu tipli mövzulara görə uşaqların ayrıseçkiliyə, bullinqə məruz qalmasının əleyhinəyəm. Hər kəsi anlayışla qarşılamaq lazımdır, heç kimin şəxsi həyatına qarışmaq olmaz.
Əgər həmin şəxs məktəbli formasında dərsə gəlirsə, qanunla onun təhsil almasına mane olmaq olmaz. Əgər şəxs məktəbdə hansısa səbəblə ənənəvi təhsil ala bilmirsə, ona alternativ yol təklif edilməlidir. Bu da onun razılığıyla təşkil olunmalıdır. Əgər şagirdin fiziki və psixoloji davranışları dərsin gedişinə mane olmursa, onun təhsil hüququ heç bir halda məhdudlaşdırıla bilməz”.