Qayıtmaq üçün getmək? Ermənistanın baş nazirinin gedişinin anlamı nədir? – Şərhlər
Ermənistanda baş nazirin istefası və öz vəzifəsinin icrasını davam etdirmək qərarı qızğın müzakirə olunur. Nikol Paşinyan aprelin 25-də istefaya getdiyini elan edib.
Konstitusiyaya əsasən, bu, iyunun 20-ə təyin edilmiş parlament seçkilərinin keçirilməsi üçün mütləq şərtdir. İndi parlamentin özünü buraxması üçün qanunverici orqanın iki dəfə yeni hökumət başçısını seçməməsi lazımdır.
Növbədənkənar seçkilər Qarabağ müharibəsindən sonra ölkədə yaranan siyasi böhranın nəhayət həll edilməsi üçün keçirilir. Ermənistan tərəfinin məğlubiyyətindən dərhal sonra müxalifətbaş nazirin istefasını tələb etməyə başlayıb. Amma Nikol Paşinyan bildirib ki, bütün ölkə sakinlərinin iradəsi ilə seçilib və sadəcə müxalifətin tələbi ilə vəzifədən getməyəcək. Nəticədə o, parlamentdə təmsil olunan müxalifətlə növbədənkənar seçkilərin keçirilməsi haqda razılığa gəlib.
Nikol Paşinyan bildirib ki, onun rəhbərlik etdiyi Vətəndaş Sazişi Partiyası seçkilərdə iştirak edəcək cə o, baş nazirliyə namizəd olacaq.
“Əgər xalq belə qərara gəlsə ki, mən baş nazir postundan getməliyəm, o zaman mən bu istəyi yerinə yetirəcəm. Əgər xalq mənim baş nazir olaraq qalmağıma qərar versə, mən bu qərarı da yerinə yetirəcəm”, – o vəd edib.
Paşinyan xalqa müraciətində qeyd edib ki, seçkiqabağı dövrdə hökumət başçısı vəzifəsinin icrasını davam etdirəcək.
Müxalifətçilər buna qarşı çıxıblar. Onlar bildiriblər ki, könüllü istefadan sonra baş nazir hökumət başçısının səlahiyyətlərini yerinə yetirə bilməz.
Baş nazirin qərarı haqda Ermənistan müxalifəti və eks-prezident Levon Ter-Petrosyan nə düşünür?
- Ermənistanda Seçki Məcəlləsi dəyişdirilib: parlament seçki ərəfəsində dəyişiklikləri təcili təsdiqləyib
- Siyasi qeyri-stabillik, işsizlik, Qarabağ münaqişəsi – Ermənistanın üç əsas problemi
Müxalifətin şərhi
Müxalif Bir Ermənistan Partiyasının lideri, hüquqşünas Artur Kazinyan hesab edir:
“Nikol Paşinyan istefa verib, müvafiq olaraq, o, artıq Ermənistanın baş naziri deyil. Yaranmış vəziyyətdə [baş nazirin müavini] Tiqran Avinyan hökumətin növbədənkənar iclasını çağırmalıdır, baş nazirin öz səlahiyyətlərini yerinə yetirməsinin mümkünsüzlüyünü təsbit etmək və baş nazir səlahiyyətlərini müvəqqəti olaraq öz üzərinə götürməsi üçün”.
Kazinyan Milli Təhlükəsizlik Xidmətini Paşinyanın dövlət mühafizəsini dayandırmağa, hökumətin işlər idarəsinin rəhbərini isə onun kabinetinin və ailəsi ilə birlikdə yaşadığı hökumət iqamətgahının boşaldılması üçün tədbirlər görməyə çağırıb.
Maariflənmiş Ermənistan Partiyasından olan deputat Taron Simonyan da düşünür ki, Nikol Paşinyan istefada olduğu halda baş nazir səlahiyyətlərini yerinə yetirə bilməz:
“Qanunda dəqiq təsbit olunmayıb. Və əlbəttə ki, kim necə istəyir, elə də yozur. Amma əgər məsələyə peşəkarca yanaşsaq, insan istefa verirsə, o, bundan əvvəlki funksiyaları daha yerinə yetirməməlidir. İstefa səbəbi bundadır”.
Müxalif baxışlara sahib olan vəkil Tiqran Atanesyan hesab edir:
“Baş nazirin istefasından sonra onun səlahiyyətlərini müavinlərindən biri öz üzərinə götürməlidir. Məsələn, hansısa nazir istefa verəndə, istefası qəbul olunduqdan sonra o, səlahiyyətlərinə davam etmir, bunu nazir müavini edir”.
Onun sözlərinə görə, “Mənim addımım” iqtidar blokunun hüquqşünaslarının düşündüyü yanaşma qanuni deyil və Ermənistanın cinayət məcəlləsinin 300-cü maddəsinin 2-ci hissəsinincinayət tərkibini özündə əks etdirir:
“Baş nazirin istefası halında hökumət üzvlərinin öz vəzifələrinin icrasına davam etməsini təsbit edən Konstitusiya müddəası könüllü şəkildə istefa verən baş nazirə aid ola bilməz. Məsələn, Serj Sarqsyan istefadan sonra [2018-ci ilin aprelində “məxməri” inqilab zamanı] baş nazirin səlahiyyətlərini müvəqqəti yerinə yetirən şəxs olmayıb, öz səlahiyyətlərini baş nazirin müavini Karen Karapetyana ötürüb”.
Keçmiş prezidentin şərhi
Ermənistanın birinci prezidenti, Ermənistan Milli Konqres Partiyasının lideri Levon Ter-Petrosyan parlament partiyalarını qeyri-legitim seçkilərə getməməyə çağırıb. O, ölkənin bütün siyasi partiyalarına müraciət edib və Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryana ciddi münasibət göstərməyə çağırıb.
Kazaryan Facebook səhifəsində baş nazirin stefadan sonra niyə hökumət rəhbərinin səlahiyyətlərini yerinə yetirə bilməyəcəyinə dair əsasları sadalayıb:
“Ermənistan konstitusiyasına əsasən, baş nazirin istefa verəndən sonra səlahiyyətləri yerinə yetirən şəxs olmaq hüququ yoxdur. Konsqitusiyanın 158-ci maddəsində deyilir ki, hökumət yeni seçilən Milli Məclisin birinci sessiyasında respublika prezidentinə istefa istəyini təqdim edir […]. Hökumət üzvləri yeni nazirlər kabineti formalaşana qədər öz vəzifələrinin icrasına davam edirlər”.
Amma Kazaryanın sözlərinə görə, baş nazir hökumət üzvü olduğu zaman başqa konstitusion statusa sahib olur, buna görə də onun səlahiyyətləri icra edən şəxs olaraq qalmaq hüququ yoxdur.
Edqar Kazaryan yazır ki, bütün dövlət subyektləri konstitusiyaya zidd olan seçki keçirilməsinə görə məsuliyyət daşıyacaq.
Bundan başqa, o, 2018-ci il dekabrın 9-da “inqilab eyforiyası dalğasında” keçirilən ötən seçkiləri konstitusiyaya zidd adlandırır və hesab edir ki, həmin seçkilər eyni sxemlə keçiriləcək növbəti seçkilər üçün presedent ola bilməz.
Keçmiş prezidenti bu fikri tam dəstəkləyir. Levon Ter-Petrosyan bəyan edir ki, bütün siyasi qüvvələr, Ermənistan prezidenti, Konstitusiya Məhkəməsinin hakimləri və xüsusən də Çiçəklənən Ermənistan və Maariflənmiş Ermənistan parlament fraksiyalarından olan deputatlar növbəti konstitusiyaya zidd seçkilərin keçirilməsinə görə məsuliyyətli kimi nəzərdən keçiriləcəklər.