Təhlükəli insanlar
Onlar dindirilir, həbs olunur, yaxınlarına və özlərinə hədə-qorxu gəlinir. Bir çoxlarının ölkədən çıxışına qadağa qoyulub. Hökümət nümayəndələri iddia edir ki, bu təyziq deyil sədəcə “qeyri-qanuni fəaliyyətə qarşı ehtiyat tədbirləridir.
Jurnalistlər danışır:
Qurumun əməkdaşı Orxan Məmməd bildirdi ki, ilk olaraq iyun ayında Meydan TV-də yazdığı yazılara görə atasını işindən azad ediblər: “Əvvəllər də bir neçə dəfə xəbərdarlıq etmişdilər. Sonra bacım universitetlərin birinə işləməyə sənədlərini verəndə məni bəhanə edib sənədlərini geri qaytardılar. Bu yaxınlarda da qohumlarımızın evinə gedib, onlara xəbərdarlıq ediblər. Hərçənd ki, bizim illərdir qohumlarımızla əlaqəmiz yoxdur, ayrı şəhərlərdə yaşayırıq.
Müstəqil jurnalist Aytən Fərhadova isə Meydan TV ilə əməkdaşlığının ailəsinə “təsirini belə açıqladı: “Ailəm Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığım barədə məhz Zəngilan rayonunun dövlət qurumlarından birində işləyən əməkdaşın əmimə zəngi nəticəsində xəbər tutub. Bacardıqca ailəmi narahat etməməyə çalışırdım. İndi bütün ailə, nəsil məni qınaq yerinə çevirib. Deyirlər ki, “niyə başqa işdə işləmirəm, savadımmı yetmir yoxsa, nəyimə lazımdır bu işlər və sair.
Aytən deyir ki, hazırda Meydan TV ilə əməkdaşlıq edə bilmir. “Mən ümumiyyətlə jurnalist kimi fəaliyyət göstərmirəm. Açığı, göstərə bilmirəm. Azərbaycanda jurnalist olmaq cinayətkar olmağa bərabərdir. Bu haqda danışmaq mənim üçün çox ağırdır. Yüzlərlə mövzu, dərdli insan var. Ancaq heç birindən material hazırlaya bilmirəm. Çünki mənim fəaliyyətdə olmağım həmin an düyməyə basılmaq kimi bir vəziyyət yaradıb. Mənim həbs olunmağım qaçılmaz olacaq deyə düşünürəm.
Cavid Abdullayev öz dindirilməsi barədə danışır: “ Mənə zəng vuruldu ki, media ilə bağlı cinayət işi var, gəlməlisən. Məlum oldu ki, səbəb Mingəçevir hadisələri imiş. Amma məndən Meydan TV-nin fəaliyyəti ilə bağlı suallar soruşdular. Bir faktı da deyim ki, biz Ukraynaya təlim gedəndə kirayə qaldığım evimdə axtarış aparılıb. Kameralarım və kompüterim götürülüb. Bununla bağlı da heç bir açıqlama verilmir.
Meydan TV-nin təsisçilərindən biri Həbib Müntəzir “Bu qədər təzyiqlər qarşısında əməkdaşlarınızın təhlükəsizliyini nə dərəcədə təmin edə bilirsiniz? sualımıza: “Biz bacardığımız qədər hüquqi yolla əməkdaşlarımızın təhlükəsizliyini təmin etməyə çalışırıq. Hər bir əməkdaşımız üçün vəkil tutulub və onların haqlarını müdafiə edirlər. Hələ ki, bundan başqa əlimizdən gələn bir şey yoxdur şəklində cavab verdi.
Jurnalist Orxan Məmməd də qurumun öz işçilərini müdafiəsi ilə bağlı məsələyə münasibət bildirdi: “Mən şəxsən Meydan TV-dən heç nə gözləmirəm. Onlar bizim təhlükəsizliyimizi qoruyacaq qədər güclü deyillər, heç bu qədər güclü olmalarına hakimiyyət də icazə verməzdi. Mən sadəcə azad səsin boğulmaması üçün onlara yardım edirəm.
• Meydan TV- həftəlik onlayn telekanaldır. Məqsədi – “ölkədə siyasət, iqtisadiyyat, sosium, tarix və mədəniyyətlə bağlı müzakirələrin aparılması üçün müstəqil platforma yaratmaqdır. Kanalın təsisçisi – tanınmış ictimai xadim Emin Milli iki il yarım həbs olunmuşdu. (Amnesty International kimi beynəlxalq təşkilatların hesabatlarına görə, o, siyasi motivlərlə həbs olunub.) Hal-hazırda Emin Milli Avropada yaşayır.