Fransada azərbaycanlı bloqerə hücumla bağlı hökm: 30 ilə qədər cəza və siyasi sifariş izi
Məhəmməd Mirzəliyə hücum hökm
Motivi azərbaycanlı siyasi məhbus Məhəmməd Mirzəliyə hücum olan işdə Rennes Assize Məhkəməsinin 10 iyun tarixli hökmü Fransada siyasi mühacirlərə qarşı zorakılıq işlərində nadir dərəcədə sərt qərar kimi yadda qalıb.
Sərhədsiz Reportyorlar (RSF) təşkilatı qərarı “avtoritar rejimlərin Avropadakı transsərhəd təzyiqlərinə qarşı sərt mesaj” kimi qiymətləndirib və bildirib ki, Fransa ədliyyəsi belə əməliyyatların Avropa torpağında cəzasız qalmayacağını göstərib.
RSF-nin xülasəsinə görə, məhkəmə hücumun siyasi motivini açıq şəkildə tanıyıb: Mirzəli təkcə fiziki olaraq aradan götürülməli fiqur kimi yox, həm də Avropadakı başqa dissidentlərə qorxu mesajı ötürmək üçün seçilmiş hədəf kimi qiymətləndirilib. Təşkilat bunu “qırmızı cizgi” adlandırıb və Fransa ilə yanaşı Avropa İttifaqını da bu cür trans-sərhəd repressiyalara qarşı ortaq cavab verməyə çağırıb.
Hücum necə baş verib?
2021‑ci il 14 martda Mirzəli Nantes şəhərinin mərkəzində gəzərkən ona altı nəfər yaxınlaşıb. Hücum edənlərin blogeri yumruqlayıb, bıçaqla qollarına, əllərinə, ayaqlarına, boynuna və üzünə zərbələr endirib, dilini kəsməyə çalışdıqları yazılır.
Hadisə zamanı o 16-17 bıçaq yarası alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Mirzəli yoldan keçənlərin köməyinə qədər özünü müdafiə etməyə çalışıb və polisə zəng vurub. ABŞ Dövlət Departamenti 2022‑ci il hesabatında bu hücumun detallarını təsdiqləyərək qeyd edir ki, qatillər onun dilini kəsmək istəyiblər.
Bu hadisə Mirzəlini hədəf alan yeganə cəhd deyil. 2020‑ci ildə də naməlum şəxslər ona atəş açmışdı.
Hökmün detalları və məhkəmə zalındakı gərginlik
Cinayət işində əsas fiqur sayılan Emin Qasımov 30 il müddətinə azadlıqdan məhrum edilib. Rövşən Göcəyov 25 il, Mehrac Zərbalıyev 18 il, Emin Zamanzadə 15 il, Rza Məlikov isə 13 il cəza alıb. Başqa yardımçı fiqurların 5 ildən 15 ilə qədər dəyişən müddətlərlə cəzalandırıldığı, bir nəfərin isə bəraət aldığı bildirilir. Bu tablo işin təkcə bir “əsas icraçı”dan ibarət olmadığını, müxtəlif ölkələr arasında hərəkət edən və logistika təmin edən daha geniş şəbəkənin mövcudluğunu göstərir; AFP də Məlikovu komandanın “əsas logistik dayaqlarından biri” kimi təsvir edib.
Məhkəmə prosesinin dramatik anlarından biri Qasımovun zalda Mirzəliyə ünvanladığı təhdid olub. O, “Fransada ədalət yoxdur, həbsdə çox qalmayacağam” deyərək Fransanın ədalət sistemini təhqir edib və jurnalistlərə mesaj verib.
Hakimlər qərarda hücumun məqsədinin blogeri “orta əsr üslubunda başını kəsməklə” susdurmaq və Avropadakı dissidentlərə mesaj göndərmək olduğunu vurğulayıblar. Məhkəmə materiallarında telefon dinləmələri və digər dəlillər Qasımovun və digər təqsirləndirilənlərin Azərbaycanın dövlət neft şirkəti olan SOCAR və yüksək vəzifəlilərlə əlaqələrinin olduğu göstərilir.
Əsas təqsirləndirilən Qasımov əmisi ilə danışığında Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazovdan kömək istəməyi xahiş edib və ifadəsində SOCAR‑ın adını çəkməmək barədə təlimat alıb.
RSF-nin 2025-ci il və 2026-cı il materiallarında bildirilir ki, Mirzəli məhz “müstəqil jurnalist fəaliyyəti” və Azərbaycanın avtoritar hakimiyyəti, eləcə də neft-qaz sektorunun rəhbərləri barədə tənqidi materiallarına görə hədəfə alınıb.
Təşkilatın gördüyü məhkəmə sənədlərinə əsasən, ifadələrdə “peşəkar qatillərin” ona görə pul aldığı, çünki Mirzəlinin “prezident haqqında pis danışdığı” və bunu etməklə hökumət dairələrini qıcıqlandırdığı göstərilib.
Mirzəlinin fəaliyyəti və sürgündəki həyatı
Məhəmməd Mirzəli Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bağlı müxalif çevrələrdən çıxıb. O, “Əsgər ölümlərinə son!” aksiyasını təşkil etdiyini və məhz bundan sonra təqib və pis rəftarla üzləşdiyini deyib.
2015-ci ildə “Made in Azerbaijan” adlı platformanı qurub; sonrakı illərdə RSF platformanı Mirzəlinin hökuməti sərt tənqid edən yutub kanalı kimi təsvir edib. O, 2016-cı ildən Fransada siyasi sığınacaq alıb.
Mirzəlinin çıxışlarının mərkəzində İlham Əliyev hökumətinin korrupsiya, insan haqları pozuntuları və yüksək vəzifəli şəxslərinin etdikləri pozuntular dayanır. AFP və RSF-nin materiallarında o, bu səbəbdən dəfələrlə hədəfə alınan, Fransada belə təhlükəsizliyi təmin olunmayan dissident kimi təqdim olunur. 2021-ci il martın 14-də Nantda aldığı çoxsaylı bıçaq zərbələrindən sonra isə onun həyatı tam dəyişib.
Bu gün Mirzəli 24 saat polis eskortu ilə yaşayır, gizli ünvanda saxlanılır və evdən çıxmaq üçün belə əvvəlcədən təhlükəsizlik yoxlamaları aparılır. O, AFP-yə “sanki həbsdəyəm” dediyini, “dostlarının, normal sosial həyatının olmadığını” söyləyib; başqa bir sitatda isə bunu daha sərt ifadə edib: “mənim həyatım ölüb”. O, özünün təcrid olunmuş biri kimi yaşadığını təsvir edir.
Təzyiq yalnız ona yox, ailəsinə də yönəlib. Bloqerin bacısına aid intim videolar onu susdurmaq məqsədilə internetə buraxılıb, bacısının evinə daş atılıb, atası və yeznəsi də ona təzyiq vasitəsi kimi saxlanılıb. IWPR də 2021-ci ildə Mirzəlinin yaxınlarına, o cümlədən bacısına aid intim materiallarla şantaj dalğasının gücləndiyini yazırdı.
Transsərhəd təzyiq və siyasi kontekst
RSF bu işi daha geniş bir modelin – transsərhəd repressiyanın parçası sayır. Təşkilatın Rennes məhkəməsinə təqdim etdiyi mövqe ondan ibarət idi ki, Azərbaycandan kənarda yaşayan jurnalistlərə və müxaliflərə qarşı hədələmə, intimidasiya və zorakılıq artıq ayrı-ayrı epizodlar deyil. İnsan Haqları Gözətçisi də (Human Rights Watch) bu ilin fevralında Azərbaycan hakimiyyətinin sürgündəki tənqidçilərə qarşı qiyabi hökmlər, cinayət təqibi və hətta sərhədlərarası oğurlama metodlarından istifadə etdiyini yazırdı.
İş materiallarında Mirzəlinin şikayətini geri götürməsi üçün ona üç dəfə rüşvət təklif edildiyi, məbləğin 1 milyon avroya qədər yüksəldiyi və bunun açıq hədələrlə müşayiət olunduğu da yer alır. RSF məhz buna görə hökmü sadəcə cinayət işi üzrə qərar yox, Avropada sığınacaq almış jurnalistlərin təhlükəsizliyi üçün “qırmızı cizgi” hesab edir. Təşkilat Fransa, Avropa İttifaqı və tərəfdaş ölkələri bu cür əməliyyatların sifarişçilərinə qarşı hədəfli sanksiyalar və daha koordinasiyalı hüquqi cavab verməyə çağırıb.
Bakıdan gələn ən aydın rəsmi mövqe isə İlham Əliyevin 28 sentyabr 2021-ci ildə “France 24”-ə müsahibəsində səsləndirdiyi inkardır: o, Mirzəliyə və xaricdəki digər tənqidçilərə qarşı zorakılıqda hökumətin iştirakını rədd etmişdi.
Buna baxmayaraq, RSF-nin 2025-ci il materialında artıq Fransa məhkəməsinin Azərbaycan hakimiyyətinə və SOCAR çevrələrinə yaxın fiqurların rolunu açıq şəkildə qabartdığını qeyd edilir.
Rennes məhkəməsini verdiyi hökmünün digər mənası isə bunun təkcə Mirzəli işi üzrə məhkəmə qərarı deyil, həm Azərbaycan hakimiyyətinə, həm də Avropada dissidentləri susdurmağa çalışan başqa avtoritar rejimlərə ünvanlanan xəbərdarlıq mahiyyətinin olmasıdır. Fransa məhkəməsi və RSF-nin vurğulayır ki, məsələ bir bloqerin taleyindən daha böyükdür – söhbət Avropada jurnalistlərin, siyasi mühacirlərin və hüququn qorunmasından gedir.
Məhəmməd Mirzəliyə hücum hökm