Yerevan məktəblərində mobil telefonlardan istifadəyə qadağa: meriyanın təklifi
Ermənistan məktəblərində mobil telefonlar
Yerevan meriyası 1–6-cı sinif şagirdlərinin məktəbdə mobil telefondan istifadəsini qadağan etməyi və yuxarı siniflər üçün müəyyən məhdudiyyətlər tətbiq etməyi təklif edib. Bu məsələ ilə bağlı yekun qərar qəbul edilməzdən əvvəl yeni qaydalar ilkin olaraq paytaxtın 15 məktəbində tətbiq olunacaq. Daha sonra onların şagirdlərin fiziki və psixoloji vəziyyətinə, həmçinin müvəffəqiyyət səviyyəsinə necə təsir etdiyini müəyyənləşdirmək üçün monitorinq aparılacaq.
Hələlik bu təşəbbüsün Təhsil Nazirliyi ilə razılaşdırılıb-razılaşdırılmadığı məlum deyil. Yerli mediadan gələn sorğuya cavab olaraq qurum məlumat verməyib. Lakin bildirilib ki, nazirlik müasir metodlardan istifadə etməklə tədris prosesinin təşkilinə böyük önəm verir və “dərs zamanı telefonlardan istifadə də bu məqsədə xidmət edə bilər.”
Nazirlikdən jurnalistlərin sorğusuna cavabda qeyd olunub ki, “qadağalar rəqəmsal savadlılığın inkişafına töhfə vermir və [uşaqların internetdə qarşılaşdığı kiberbullinq, dələduzluq, məlumat oğurluğu, uyğun olmayan kontent kimi] problemləri sadəcə məktəbdən kənara çıxarır.”
Sosial şəbəkələrdə meriyanın təşəbbüsünü şərh edən bir çox valideynlər xatırladıblar ki, dərsliklərdə hazırda QR-kodlu tədris materialları var. Onlar soruşublar ki, əgər uşaqların yanında mobil telefon olmayacaqsa, bu materialları necə öyrənəcəklər.
Lakin təhsil üzrə ekspertlər bunu problem hesab etmirlər. Onların sözlərinə görə, şagirdlər bu materiallarla uyğun texniki avadanlıqlarla təchiz olunmuş siniflərdə tanış ola bilərlər.
- Paşinyan hökuməti “Həqiqi Ermənistan” konsepsiyasını irəli sürür: cəmiyyətdə reaksiyalar
- “Çoxqütblü dünya”: ABŞ, Çin, Rusiya, ŞƏT, BRİCS və Azərbaycan-Ermənistan arasındakı sülh
- “Paşinyanın hakimiyyətdə qalmaq şansı yoxdur, biz seçkilərdə fəal olacağıq” — Ermənistanın sabiq prezidenti
Meriyanın təşəbbüsünün detalları
Yerevan meriyası 1–6-cı sinif şagirdlərinin dərs zamanı, məktəb tədbirlərində və hətta fasilələrdə belə telefonlardan istifadəsini tamamilə qadağan etməyi təklif edir.
“Müəyyən hallarda, uşaq hansısa səbəbdən telefonla məktəbə gəlməyə məcbur olarsa, dərsin əvvəlində telefonu sinif rəhbərinə təhvil verəcək. Telefon müvafiq yerdə saxlanılacaq və yalnız dərslər bitdikdən sonra geri qaytarılacaq”, – deyə meriyanın ümumi təhsil idarəsinin rəhbəri Marqarit Xaçatryan bildirib.
Onun sözlərinə görə, 7–12-ci sinif şagirdlərinə məktəbdə həftədə 1–2 dəfə telefonlardan istifadə etməyə icazə veriləcək, lakin müəyyən məhdudiyyətlərlə. Yuxarı sinif şagirdləri telefondan yalnız tədris məqsədilə, müəllim zəruri hesab etdikdə və onun nəzarəti altında istifadə edə biləcəklər. Bundan başqa, yeni qaydalar təkcə telefonlara deyil, həm də ağıllı saatlara, planşetlərə və digər cihazlara da şamil ediləcək.
Meriyanın ekspertlərinin və mer Tiqran Avinyanın fikrincə, bu təşəbbüs şagirdlərin tədris prosesindən yayınmamasına kömək edəcək.
Ekspertlərin rəyi
Təhsil məsələləri üzrə ekspert Serob Xaçatryan bildirir ki, Ermənistanda artıq mobil telefondan istifadənin qadağan olunduğu məktəblər var. Lakin şagirdlər bu qadağanı müxtəlif yollarla keçə bilirlər:
“Onlar hiylə işlədirlər. Məsələn, bir telefonu müəllimə verirlər, digəri isə özlərində qalır. Müəllimlər çox vaxt bunun fərqinə varsalar da, səssiz qalırlar. Düşünürlər ki, qoy bu şagird telefona baxsın, dərsə mane olmasın. Amma yol vermək olmaz ki, sinfin bir hissəsi ikinci telefonu gizlədib istifadə etsin, digərlərinə isə bu qadağan olunsun.”
Ekspertin fikrincə, əgər təşəbbüs təsdiqlənsə, ən çətin məsələ qadağaya və məhdudiyyətlərə əməl olunmasına nəzarət olacaq.
QR-kodlu tədris materialları ilə bağlı müzakirələri şərh edən Xaçatryan qeyd edib ki, zərurət yarandıqda kodlardan müəllimin telefonu vasitəsilə sinifdə və ya evdə istifadə etmək mümkündür. O, QR-kodların dərsliklərə daxil edilməsini müsbət addım hesab etmir.
“Elektron dərsliklər və QR-kodlarla bağlı müxtəlif təcrübələr aparılıb, lakin onların təhsilin keyfiyyətinə heç bir müsbət təsiri olmayıb”, – deyə Xaçatryan vurğulayıb.
Məktəb dərsliklərinin müəllifi Kristine Soqikyan əmindir ki, mobil telefonlar şagirdlərin diqqətini yayındırır. O deyir ki, bunu şəxsən müşahidə edib, çünki onun da məktəb yaşında övladı var.
Soqikyan hesab edir ki, məktəb dərslərində telefondan imtina “rəqəmsal gigiyena elementi” ola bilər və şagirdləri onlayn zorakılıqdan, dələduzluqdan və hətta istismardan qoruya bilər. O izah edir ki, ibtidai sinif şagirdləri hələ mediaya dair savad və kibertəhlükəsizlik barədə kifayət qədər məlumatlı deyillər:
“Bu, həm məktəbdə, həm də evdə nəzərə alınmalıdır. Mən mobil telefonlardan imtinanın uşaqları kiberzorakılıqdan qorumaqla yanaşı, onların idrak qabiliyyətlərinin və müvəffəqiyyət səviyyələrinin artmasına da kömək edəcəyini düşünürəm.”
Soqikyanın sözlərinə görə, bəzi Yerevan məktəblərində artıq mobil telefonlardan istifadə qadağan olunub və o, həmin məktəblərin şagirdlərinin “bundan ciddi şəkildə zərər görmədiyini” bildirir.
Kristine Soqikyan ümumtəhsil məktəblərinin üçüncü və dördüncü sinifləri üçün ingilis dili dərsliklərinin həmmüəllifidir. Onun hazırladığı dərsliklərdə də QR-kodlu materiallar var. O izah edir ki, bu materiallarda əlavə məlumatlar yer alır və onlara təkcə dərs zamanı müəllimlə birlikdə deyil, həm də evdə, valideyn nəzarəti altında baxmaq mümkündür.
O hesab edir ki, mobil telefondan istifadəyə qoyulan qadağa şagirdlərin multimedia tədris alətlərindən istifadə imkanını məhdudlaşdırmayacaq:
“Məktəb müəyyən dərslərdə istifadə üçün yalnız tədris resurslarına çıxışı olan cihazlar təqdim edə bilər. Bu, şagirdin dərs prosesindən yayınmasına səbəb olmayacaq.”
Soqikyan vurğulayır ki, bu dəyişiklik şagirdlərin sosiallaşmasına da kömək edəcək. Çünki son illərdə şagirdlər arasındakı ünsiyyətin əsas hissəsi telefon və kompüter oyunları üzərindən baş verir.
Valideynlərin övladları ilə dərs zamanı əlaqə saxlamaq istəyi ilə bağlı narahatlıqlarına gəlincə, o, onlara smartfonlar əvəzinə adi düyməli telefonlardan istifadə etməyi tövsiyə edir.
Sosial şəbəkələrdəki şərhlər
“Siz dərsliklərə QR-kodlar yerləşdirmisiniz və şagirdlər onları telefon vasitəsilə skan etməyə məcburdur. Sizin sözləriniz və hərəkətləriniz bir-birinə ziddir.”
“Əvvəlcə tədris proqramını qaydaya salın, sonra ‘şərlə’, yəni smartfonlarla mübarizəyə başlayın.”
“QR-kodlar elə də böyük problem deyil. Müəllim onu bütün sinif üçün aça bilər, şagird isə bu materialı evdə də dinləyə bilər. Axı 35 nəfər bir anda eyni QR-kod materialına qulaq asa bilməz. Bu qərar, şübhəsiz ki, doğrudur, hətta bir az gecikmişdir! Telefonlar bütün siniflərdə qadağan olunmalıdır. Bizim məktəbdə çoxdan belə qayda var: sinfə daxil olanda telefonu qutuya qoyursan və dərs bitənə qədər götürmürsən.”
“Bu qərar çoxdan qəbul edilməli idi. Bütün bir nəsil telefondan asılı vəziyyətə düşüb, tam bir savadsızlıq hökm sürür.”
“Məhdudiyyətlər təkcə Yerevanda deyil, regionlarda da tətbiq olunmalıdır.”
“Bu çox pis qərardır. Çünki əksər valideynlər işləyir və uşaqlarının evə çatdığını bilmək istəyirlər. Təhsilin acınacaqlı vəziyyətdə olduğu bir vaxtda başqa, daha vacib məsələlərlə məşğul olmaq lazımdır.”
“Bu halda müəllimlərə də dərs zamanı mobil telefondan istifadəni qadağan edin. Onlar dərs vaxtı belə telefonlardan ayrılmırlar.”
Ermənistan məktəblərində mobil telefonlar