25 nəfər yerli gürcüyə Cənubi Osetiya pasportu verilib
Cənubi Osetiyanın Leninqor rayonunda [Gürcüstan terminologiyasında Axalqor rayonu] yaşayan 25 nəfər gürcü Cənubi Osetiya pasportu alıb. Ən son bu, 2014-cü ildə baş vermişdi.
“Exo Kavkaza” nəşri yazır ki, bu iki hadisəni birləşdirən fakt halda qərarın parlament seçkisi ərəfəsində verilməsidir. Cənubi Osetiyada bu ilki seçkilər aprelin 9-da baş tutacaq.
2014-cü ildə Cənubi Osetiya vətəndaşlığı rayonun gürcü millətindən olan yüz sakininə verilmişdi.
“Rayon sakinləri bu hadisədən məmnundurlar… Son il yarımda insanlar nə vaxtsa Cənubi Osetiya pasportu ala biləcəklərinə dair ümidlərini itirmişdilər”, – “Exo Kavkaza” nəşrinə müsahibəsində yerli vətəndaş cəmiyyəti fəalı Tamara Mearakişvili bildirib.
Onun sözlərinə görə, vətəndaşlıq verilməsi ilə bağlı rayon sakinləri Cənubi Osetiya prezidenti ilə az əvvəl baş tutmuş görüş zamanı xahiş ediblər. Leonid Tibilov bu problemi həll edəcəyinə söz verib.
Eyni zamanda Mearakişvili pasportların verilməsi ilə prezidentin seçkiöncəsi kampaniya arasında hər hansı əlaqənin olduğunu inkar edir, çünki onun sözlərinə görə, “pasport alanlardan çoxu Tibilovun rəqiblərinin açıq tərəfdarlarıdır”.
Mearakişvilinin sözlərinə görə, yerli sakinlər onlara Cənubi Osetiya pasportları verilməsi məsələsinin “həmişəlik çözüldüyünə” ümid edirlər, çünki respublikanın prezidenti açıq etiraf edib ki, Leninqor rayonunun köklü sakinlərinə vətəndaşlıq verilməməsi yanlışdır.