25 il ərzində 100 milyon uşaq malyariya və dizenteriyadan xilas edilib
Paylaşmaq
Paylaşmaq
Cüzamlı xəstələr həkim növbəsində gözləyir. Foto: MoniqueJaques, The New York Time
Bütün günü ancaq Suriya, Şimali Koreya, ya da Tramp və Putini əhatə edən o qeyri-adi dünyadan gələn xəbərləri izləsəz, gec-tez sizi dövlət hesabına ruhi xəstəxanaya səyahət gözləyəcək.
Bu, baş verməsin deyə bəzən qəzetlərin və telekanalların top siyahısına düşməyən xəbərləri də izləmək lazımdır. New York Times qəzeti bir neçə belə xэbərin icmalını hazırlayıb.
1
Bunu az adam bilir, amma fakt bundan dəyişmir: insanlıq çox iddialı məqsədə doğru gedir – 2020-ci ilə qədər planetdə bircə uşaq da cüzama yoluxmayacaq. Bu qorxunc xəstəlik hələ Bibliya dövründən insanları vahiməyə salırdı. Cüzam xəstələri onlar üçün ayrılmış gettolarda tədricən çürüməyə məhkum idilər.
Belə idi. Amma artıq belə olmayacaq.
1985-ci ildən cüzama yoluxma halları Yer kürəsində 97 faiz azalıb. Yeni dərmanlar sayəsində bu xəstəlik artıq tam müalicə oluna bilir. Yaxın zamanlarda o da çiçək xəstəliyi kimi yoxluğa qərq olacaq.
2
1990-cı ildən başlayaraq malyariya, dizenteriya və bağırsaq qurdundan ölümə məhkum olmuş 100 milyon uşaq xilas edilib.
Və bu, yalnız əczaçı və tibb işçilərinin sayəsində olmayıb. Bir az əvvələ qədər on milyonlarla insanı həyatdan qoparan bu xəstəliklərin yox olması həm də yoxsulluq, aclıq və antisanitariya ilə qlobal mübarizənin nəticəsidir. Bizə necə görünməyindən asılı olmayaraq, ləng də olsa uğurlu mübarizənin nəticəsi.
3
Bütün insanlıq tarixi boyu insanların 90 faizi yoxsulluq içində yaşayıb. İndi bu rəqəm 10 faizdən az təşkil edir.
4
Ümumdünya bankının məlumatına görə, hər gün:
– dünyada 250 min insan yoxsulluq səviyyəsindən çıxır (gündə 2 dollardan artıq həyat səviyyəsində yaşamağa başlayır)
– 285 min nəfər ilk dəfə elektrik,
– 300 min nəfər isə təmiz su əldə edir
– Yer kürəsi əhalisinin 85 faizi savadlıdır
– XX əsrlə müqayisədə hərbi əməliyyat qurbanlarının sayı kəskin azalıb.