2018-ci ilin payızında kim Gürcüstan prezidenti ola bilər?
Gürcüstanda iqtidarda olan “Gürcü arzusu” partiyası çox güman ki, qarşıdan gələn prezident seçkilərində öz namizədini irəli sürməyəcək. Bu haqda Gürcüstanın baş naziri Mamuka Baxtadze bəyan edib.
O, qeyd edib ki, “Gürcü arzusu”nun sıralarında prezident seçkilərində “layiqli nəticələrə nail ola biləcək” adamlar az deyil. Amma iqtidar partiyasının parlamentdə konstitusiya çoxluğuna sahib olması, özünüidarə orqanlarında çoxluqla təmsil olunması fonunda “bizim demokratiyamız üçün “Gürcü arzusu”nun prezident seçkilərində öz namizədinin olmaması daha yaxşı olar”, – baş nazir bəyan edib.
Partiya yekun mövqeyini yaxın günlərdə formalaşdırmaq niyyətindədir.
Gürcüstanın iqtidar partiyasının yaxında baş tutacaq seçkilərdə prezident kürsüsünə öz namizədini irəli sürməyəcəyini iyunun 24-də “Gürcü arzusu” partiyasının sədri, keçmiş baş nazir və milyarder Bidzina İvanişvili də tele-müsahibəsi zamanı bildirib.
Müxalifətin namizədləri kim olacaq?
Hazırda müxalif partiyalara aid iki namizəd haqda məlumdur.
“Avropa Gürcüstanı” partiyası (Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının üzvləri tərəfindən 2016-cı ilin əvvəlində yaradılıb) artıq Saakaşvilinin prezidentliyi dövründə parlament spikeri olmuş David Bakradzenin namizədliyini irəli sürüb.
“Vahid Milli Hərəkatın” özü isə doqquz kiçik partiya ilə bir blokda birləşərək, onlarla birlikdə vahid namizəd irəli sürüb, onların namizədi 2008-2012-ci illərdə xarici işlər naziri olmuş Qriqol Vaşadzedir.
Ehtimal olunur ki, Gürcüstanın keçmiş parlament spikeri (2012-2016), Respublikaçılar Partiyasının lideri David Usupaşvili də namizədliyini irəli sürmək niyyətindədir. O, ictimai şəkildə bununla bağlı hazırkı prezident Giorgi Marqvelaşvili ilə məşvərət aparacağını bildirib.
Salome Zurabişvili namizəd olacaqmı?
İyulun əvvəlində Gürcüstan mediasında hakim partiyanın prezidentliyə namizəd irəli sürməyəcəyi və müstəqil deputat Salome Zurabiişvilnin namizədliyini dəstəkləyəcəyi ilə bağlı ehtimallar dərc olunmuşdu.
“Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili iqtidar partiyasının öz namizədini irəli sürməyəcəyini bəyan edəndən sonra “Gürcü arzusu” partiyasının nümayəndələri açıq şəkildə Zurabişvilinin ünvanına rəğbətlərini ifadə etməyə başlayıblar.
“Salome Zurabişvili ölkədə, xaricdə, parlamentdə böyük nüfuz sahibidir. Əgər o, namizədliyini irəli sürmək qərarına gəlsə, həqiqətən də ən güclü namizədlərdən biri olacaq”, – iyulun 25-də parlament çoxluğunun lideri Arçil Talakvadze bildirib. Amma onun sözlərinə görə, partiya hələlik yekun qərarını qəbul etməyib.
Salome Zurabişvili özü isə hələlik jurnalistlərin prezidentliyə namizədliyini irəli sürmək niyyətinin olub-olmaması ilə bağlı suala cavab verməyib və gələn həftə açıqlama ilə çıxış edəcəyinə söz verib. 2003-2004-cü illərdə o, Fransanın Gürcüstandakı səfiri olub. 2004-cü ildə Prezident Mixail Saakaşvili ona Gürcüstan vətəndaşlığı verib və xarici işlər naziri təyin edib. Zurabişvili 2005-ci ilin oktyabrınd hakim partiya ilə münaqişəsi zəmnində istefaya göndərilib. Həmin zamandan bəri o, Saakaşvili hökumətinə qarşı müxalifətdə olub.
2016-cı ilin oktyabrında Zurabişvili iqtidar partiyasının namizəd irəli sürmədiyi Tbilisinin Mtatsminda dairəsindən bitərəf majoritar deputat seçilib.
Bu müddət ərzində Zurabişvilinin ikili vətəndaşlığı olub – Gürcüstan və Fransa. Amma konstitusiyaya əsasən, başqa ölkə vətəndaşı Gürcüstan prezidenti ola bilməz. Zurabişvili jurnalistlərin Fransa vətəndaşlığından imtina edibmi sualını cavablamayıb.
Gürcüstanda prezident seçkiləri bu ilin oktyabrında baş tutacaq. Hələlik dəqiq tarix bəlli deyil, tarixi hazırkı prezident təyin etməlidir. Qüvvədə olan konstitusiyaya əsasən, Gürcüstan prezidentinin səlahiyyətləri məhduddur – o əsasən, təmsili funksiyaları yerinə yetirir, həmçinin qismən xarici siyasətdə iştirak edir. Hazırkı seçkilər konstitusiyaya əsasən, sonuncu ümumxalq prezident seçkiləridir. Növbəti prezidenti artıq parlament deputatları seçəcək.