2016-cı ildə Ermənistanda 5 min ailə zorakılığı faktı qeydə alınıb. Bu haqda ailə problemləri ilə məşğul olan ictimai təşkilatlar məlumat verir.
Bu ilin ancaq birinci yarısında artıq qadınların hüquqlarının pozulması ilə bağlı 773 məlumat alınıb ki, onlardan 267-sı Krizis Mərkəzinə müraciət edib.
“Bu kifayət qədər kədərli göstəricilərdir”, – “Qadın Hüquqları Mərkəzi” QHT-nin nümayəndəsi Kristina Petrosyan bildirir. O qeyd edib ki, Ermənistanda qadınların müdafiəsini həyata keçirmək və ailədaxili zorakılığın qarşısını almaq üçün çox sayda maneə və çətinliklər var.
“Qadın zorakılıqla bağlı polisə müraciət edəndə hadisə yerinə gələn polisin sadəcə bir təsir aləti olur: qanun pozucusundan iltizam almaq, bu isə qadının təhlükəsizliyi üçün zəmanət deyil və zor tətbiq edənin cəzalandırılmasını nəzərdə tutmur. Elə hallar olur ki, polis qanun pozucusundan iltizam alıb, hadisə yerini tərk edir, qadın isə polisə zəng vurduğu üçün uşaqlarla birlikdə daha ağır zorakılığa məruz qalır”, – Petrosyan deyir.
İstintaq Komitəsindən News.am nəşrinə bildiriblər ki, 2017-ci ilin ilk aylarında ailə zorakılığı ilə bağlı 215 cinayət işinə baxılıb.
Onların çox hissəsi ərin törətdiyi zorakılıqla, yəni qadını döyməsi ilə bağlı olub. Həmçinin ailə üzvünün qətl edilməsi, uşaqlara qarşı seksual hərəkətlərə yol verilməsi və valideynlərin uşaqlara qayğı göstərməkdən qəsdən yayınması ilə bağlı işlər də araşdırılıb.
İstintaq Komitəsindən bildirilib ki, artıq 43 iş üzrə 46 şəxs haqqında ittiham hökmləri elan olunub.