Ermənistanın Fövqəladə Hallar Nazirliyi 2016-cı ildə Ermənistanda qeydə alınan intiharların rəsmi statistikasını dərc edib. 2015-ci illə müqayisədə onların sayı iki hal, 2014-cü illə müqayisədə isə 42 hal artıb.
Ermənistanda qeydə alınmış 197 intihardan 160-da özünü öldürən kişidir. Ötən il özünə qəsd edən qadınların da sayı daha çox olub.
133 halda intihar özünü asaraq həyata keçirilib, 40 nəfər isə özünü yüksəklikdən atıb. İntihar hallarının çoxu Yerevanda baş verib.
Rəsmi məlumatlara əsaslanaraq Ermənistanda orta statistik intiharçının portretini cızmaq mümkündür. Bu, 60-dan yuxarı yaşı olan, özünü Yerevandakı mənzilində və ya evində asan kişidir.
Tert.am ilə söhbətində psixoloq Samvel Xudoyan bildirib ki, Ermənistan bütün dünyada intihar həddi ən aşağı olan ölkələrdən biridir. Bu da sız dostluq və qohumluq əlaqələrilə izah olunur.
Eyni zamanda intiharlar şəhərlərdə kəndlərə nisbətən daha çox baş verir, çünki şəhərlərdə insanlar daha təcrid olunmuş şəraitdə yaşayırlar, insanlar arası bağlar o qədər də güclü deyil..
Psixoloq qeyd edir ki, intihar haqda qərar bir, ya iki günə qəbul edilmir: adətən insanlar uzun müddət bu addımı düşünür, planlaşdırırlar.
İntiharlar əsasən ağır emosional vəziyyətdə, depressiyada həyata keçirilir. İnsanlar bu yolla problemlərdən qaçmağa çalışırlar. Mütəxəssislərin bildirdiyinə görə, bu addımı atan insanlar psixi pozuntu vəziyyətində olurlar.
Ekspertlərin rəyincə, qadınlar intihara daha az əl atırlar, çünki analar övladlarını belə bir acıdan qorumağa çalışırlar. Bundan başqa qadınlar adətən vəziyyətə daha rahat uyğunlaşır, mürəkkəb vəziyyətlərdən daha asanlıqla çıxış yolu tapırlar.