Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin qurbanları yad edilib.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə müstəqillik uğrunda xalq hərəkatını yatırmaq və fövqəladə vəziyyət tətbiq etmək üçün Bakı və Azərbaycanın bəzi digər şəhərlərinə sovet ordusunun qoşunları yeridilib.
Faciə SSRİ-də yaşanan böhran, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ətrafında münaqişənin eskalasiyası və sovet hakimiyyətinin Qarabağ münaqişəsində mövqeyinin doğurduğu narazılığın artması fonunda baş vermişdi.
Bütün bunların qarşısını almaq üçün Bakıya qoşun yeridildi.
Rəsmi məlumata əsasən, həmin gecə 147 nəfər dinc sakin qətlə yetirilib, yüzlərlə insan yaralanıb.
1994-cü ildə müstəqil Azərbaycanın Baş Prokurorluğu SSRİ prezidenti Mixail Qorbaçov da daxil olmaqla bir neçə yüksək vəzifəli sovet məmurunu faciədə günahkar elan etdi. Amma faktla bağlı heç kim cəzalandırılmayıb.
20 yanvar Azərbaycanda matəm günü kimi qeyd edilir. Həmin gün ölkənin rəsmi şəxsləri, diplomatlar və sadə vətəndaşlar Şəhidlər Xiyabanına gələrək faciədə həlak olanların xatirəsini yad edirlər.
Şəhidlər Xiyabanı, Bakı. Foto: AzərTAcPrezident İlham Əliyev ölkənin birinci xanımı ilə Şəhidlər Xiyabanında. Foto: AzərTAc
“Xalqımıza qarşı törədilən dəhşətli cinayətlərə, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı qəsdlərə, torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın hərbi işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzün, ötən ilin 19-20 sentyabr tarixlərində aparılan lokal antiterror əməliyyatları suverenliyimizin tam bərpası ilə nəticələndi. Milli azadlıq hərəkatının zirvəsinə çevrilməklə əks nəticə verən 20 Yanvar faciəsinin 34-cü ildönümü bu il ilk dəfə oğul və qızlarımızın uğrunda canlarından keçdiyi suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edir.
Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizin daim qəlbimizdə yaşayan xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik”, – Azərbaycanın Xarici İşlər Nazirliyinin anım günündə yaydığı bəyanatda deyilir.
20 Yanvar şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükut. Foto: AzərTAc