Duşetidə Xada dərəsində polis amerikalı ailəni – ər, arvad və dörd yaşlı övladlarını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb. Bu 19 yaşlı çobandır. O artıq Rayan Smit və oğlunu ov tüfəngi ilə qətl etdiyini etiraf edib. Saxlanılan şəxs bildirib ki, onların arasında münaqişə sözlü mübahisədən başlayıb. Rayan Smitin həyat yoldaşı Loraya gəlincə o, mübahisə yerindən qaçmağa çalışdığı zaman qayadan yıxılıb və həlak olub.
Bu detallar haqda Gürcüstan Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bəlli olub. DİN-in məlumatına görə, iyulun 6-da “112” xidmətinə Gürcüstanda yaşayan amerikalı ailənin yoxa çıxması haqda məlumat daxil olub. Eyni gün Tsveri kəndində hüquq mühafizəçiləri itkin düşənlərin maşınını və şəxsi əşyalarını tapıblar. Həmin gün dərədə şəlalənin yanında Lora Smitin meyiti tapılıb və onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
DİN-də keçirilən brifinqdə bildirilib ki, günahlandırılan şəxs Rayan Smitin meyitini həlak olduğu yerdə qoyub, uşağın meyitini isə yaxınlıqda gizlədib.
Reginfo informasiya agentliyinin xəbər verdiyinə görə, çoban öz ifadəsində bildirib ki, o, Smit ailəsini uşaqla birlikdə şəlalənin yanına aparıb, onlar orada şəkil çəkdiriblər, o Lora Smitə kömək edib – onun ayağı sürüşüb və az qala aşağı yıxılacaqmış. Çobanın sözlərinə görə, məhz bu, Rayan Smitin qəzəbinə səbəb olub, mübahisə düşüb, davaya keçib və nəticədə o, amerikalını qətlə yetirib. Uşaq ağlamağa başlayıb, “mən də onu öldürməyə məcbur qaldım”, qadın isə qaçmağa çalışıb və uçurumdan yıxılıb. Çobanın sözlərinə görə, törətdiyi cinayəti gizlətmək üçün o, uşağı oradaca basdırıb.
Rayan və Lora Smit artıq altı ildən çoxdur ki, Gürcüstanda yaşayırlar. 2012-ci ildən onların ikili vətəndaşlığı olub. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda iki və daha artıq yetkin insanın qətlə yetirilməsi və azyaşlının xüsusi amansızlıqla qətlə yetirilməsini və müvafiq olaraq ömürlük həbs cəzasını nəzərdə tutan 109-cu maddəsi ilə aparılır (ikinci hissə B bəndi və üçüncü hissə A bəndi).
Müttəhimin anlaqlı olub-olmadığını üzə çıxarmaq üçün psixiatrik ekspertiza təyin olunub.