Rusiyalı “Gecə canavarları” Gürcüstana gəlməyi planlaşdırır
Gürcüstana çox güman ki, mayın 9-da rusiyalı “Gecə canavarları” baykerlərini gətirəcəklər. Bu haqda məlumatı Rusiya yönlü “Rusiya-Gürcüstan gənclər birliyi” təşkilatının rəhbəri İrakli Kipiani yayıb.
Rusiyalı baykerlərin Gürcüstana gəlişinə qarşı ölkədə artıq imza toplamağa başlayıblar. “Gürcüstana Kreml motosikletçilərini buraxmayın” adlı onlayn-manifesti bu ana qədər artıq 2 mindən çox adam imzalayıb, imza toplama davam edir.
Bununla belə, “Gecə canavarları”nın saytında onların Gürcüstana səfərinin planlaşdırılması barədə məlumat yoxdur. İrakli Kipiani isə deyir ki, baykerlərin gəlib-gəlməyəcəyi ancaq onların Gürcüstanda təhlükəsizliyinin nə dərəcədə qorunmasından asılı olacaq. Onun sözlərinə görə, Gürcüstana 30-35 bayker gəlməyə hazırlaşır, onlar üçün də təhlükəni keçmiş hakim “Milli hərəkat” partiyası (lideri – keçmiş prezident Mixail Saakaşvilidir) ilə əlaqəli olan təşkilatların nümayəndələri yarada bilər. O cümlədən də üzvləri 2015-ci ildə rusiyalı baykerlərlə münaqişəyə girən “Azad zona” təşkilatı.
Gürcüstanın daxili işlər nazirinin müavini Şalva Xutsiaşvili bildirib ki, hüquq-mühafizə orqanları “Gecə canavarları”nın Gürcüstana səfərini “nəzarət altına alacaq” və onlar Gürcüstanın suverenliyini pozsa, polis adekvat tədbirlər görəcək. Bir qədər sonra, mayın 2-də Xutsiaşvili bildirib ki, “canavarlar” tərəfindən planlaşdırılan aksiya 9 may gününün ruhuna “uyğun deyil”, baykerlərin özlərinin də səfəri “arzuolunmazdır”, çünki ötən dəfə bu, ictimaiyyətin bir hissəsinin mənfi reaksiyası və neqativ münasibəti ilə üzləşib. Bununla belə, DİN “canavarlar”ın Gürcüstana buraxılıb-buraxılmayacağı ilə bağlı hələ də dəqiq cavab verə bilmir.
Gecə canavarları kimdir?
Rusiyalı “Gecə canavarları” bayker qruplaşması Kreml tərəfindən dəstəklənir. Həm də onların lideri Aleksandr Zaldostanov dəfələrlə Rusiya prezidenti Vladimir Putinlə birlikdə publika qarşısına çıxıb.
Qruplaşmanın 5 mindən çox üzvü hər il mayın 9-da Qələbə Gününə həsr olunmuş tədbirlərdə iştirak üçün xarici ölkələrə yola düşürlər. Səfərləri də əksər vaxtlarda konfrontasiya ilə bitir. Baykerlər postsovet ölkələrində daha çox Rusiya imperializmi və sovet işğalının simvolu kimi qəbul edilən “Georgi lentləri” ilə səfərə çıxırlar. “Georgi lentləri”nin yayılması aksiyaları 2005-ci ildən Rusiya büdcəsindən maliyyələşdirilir.
Bu il “Gecə canavarları” öz səfərlərinə Slovakiyadan başlayıb, amma Polşada problemlərlə üzləşiblər. 1 may 2016-cı ildə də “Berlinə aparan qələbə yolları” motoyürüşündə iştirak edən baykerləri Polşaya buraxmadılar. Rusiya KİV-nin məlumatına görə, Polşa sərhədini ancaq Avropa İttifaqı ölkələrinin vətəndaşları olan yürüş iştirakçıları keçə bildilər. Eyni problemlərlə “Gecə canavarları” 2015-ci ildə də Almaniya onların Şengen vizalarını ləğv edəndə üzləşdilər.