Gürcüstanlı ictimai fəalı osetiyalı jurnalistlə şəkil çəkdirdiyinə görə “xain” elan ediblər
Gürcüstan gənclərinin BMT-dəki keçmiş nümayəndəsi Tatia Dolidzeni osetiyalı jurnalist və hüquq müdafiəçisi Timur Tsxurbatı ilə şəkil çəkdirdiyinə görə “xain” adlandırıblar.
Qalmaqala səbəb olan fotonu “Facebook”da Tatia Dolidzenin özü yerləşdirib. Şəkil ötən il Serbiyada, “Vətəndaş forumu” tərəfindən təşkil olunan gürcü-osetin görüşlərindən birində çəkilib.
Əvvəlcə fotoşəkli “Facebook”da “Gürcü marşı”nın (millətçilərin Tbilisidə iyulun 14-də baş tutan və Tatia Dolidzenin özünün “Facebook”dakı səhifəsində tənqid etdiyi çıxışının) tərəfdarları kompromat qismində yaymağa başlayıblar.
“Tatia Dolidze osetiyalı separatçı ilə şəkil çəkdirib”, – sosial şəbəkələrdə yazıblar.
Bu, “marş” iştirakçıları tərəfindən Tatia Dolidzeyə ilk hücum deyil – iki gün əvvəl marşın bir neçə iştirakçısı “Facebook”dakı açıq müzakirə zamanı onun tənqidi statusuna görə qrup şəklində zorlama ilə təhdid ediblər.
“Gürcü marşı”nın təşkilatçıları iyulun 14-də Gürcüstanda xaricilərin yaşaması qaydalarının sərtləşdirilməsini tələb ediblər. Sosial şəbəkələrdə və TV-dəki çıxışlarında onlar opponentlərin ünvanına homofob və irqçi ifadələr səsləndiriblər.
Tatia Dolidzenin ünvanına mümkün təhdid faktı ilə bağlı Gürcüstan DİN-i iyulun 17-də istintaqa başlayıb.
Bu dəfə “gürcü marşı”nın fəalları Dolidzeyə “kompromat”la hücum çəkiblər.
Tatia Dolidze özünün “Facebook”dakı səhifəsində cavab olaraq yazıb ki, Tsxubatı ilə şəkli onun özü yerləşdirib.
“Sizə maraqlıdırsa, cavab verim ki, BMT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Team Of Trust” layihəsi çərçivəsində gürcülərlə osetinlər arasında etimadın bərpası prosesində iştirak edirəm. Timur qondarma Cənubi Osetiyanın müstəqilliyini istəyən osetindir, gürcülərə qarşı döyüşüb, amma bu gün müharibəni istəmədiyini deyir və etimadın bərpası prosesinə qoşulub. Bu gün o, gənc osetinlərin nümayəndə heyətinə başçılıq edir”, – Dolidze yazır.
Bu məsələ ilə bağlı Gürcüstan “Facebook”unda fikirlər iki yerə bölünüb– istifadəçilərin bir hissəsi “gürcü marşı”nın təşkilatçılarının fikrini bölüşür və hesab edir ki, “osetiyalı separatçı ilə yanaşı durub, şəkil çəkdirmək ayıbdır”, ikincilər bu şəklin kompromata çevrilməsindən narazıdır: “maraqlıdır, görəsən biz bu qədər arzuladığımız “ərazi bütövlüyünü” necə bərpa etməyə çalışırıq, əgər osetinlərlə və abxazlarla görüşlər və söhbətlər kompromat sayılır”, – istifadəçilərdən biri yazır.
Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar müəllifinin şəxsi mövqeyini əks etdirir, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır