ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın təsirinə qarşı qanun qəbul edib
Paylaşmaq
Paylaşmaq
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın ABŞ və Avropa ölkələrində gizli təsirinə müqavimət göstərmək haqda qanunvericilik aktı qəbul edib. Bu sənədlə birlikdə Rusiyanın təsirinə qarşı addımların maliyyələşdirilməsi üçün büdcə təsdiq edilib.
Sənəddə Moskvanın ABŞ-da daxili siyasi proseslərə təsirinin azaldılması və Rusiya xüsusi xidmət orqanlarının ölkədə addımlarının qarşısının alınması üçün müəyyən tədbirlər nəzərdə tutulub. Sənəddə həm də Rusiyanın başqa ölkələrə təsirinə qarşı tədbirlər görən xüsusi komitənin yaradılmasından danışılır.
Amerikalı qanunvericilər Rusiyanın saxta təşkilatların yaradılması, medianın manipulyasiya edilməsi, dezinformasiyanın yayılması, təxribatların təşkili, insan haqlarının pozulması, korrupsiya, siyasi opponentlərin qətli və terror hücumları kimi təsir formalarına diqqət yetirirlər.
Ukrayna və Gürcüstanın bütövlüyünün qorunması
Sənədin hissələrindən biri Ukrayna və Gürcüstanın bütövlüyünün qorunmasına həsr olunub. ABŞ administrasiyasına Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyan ölkələri dəstəkləmək qadağan edilir. Həm də bu regionların Rusiya tərəfindən işğalını.
Bundan başqa, ABŞ administrasiyası Rusiya tərəfindən Krımın ilhaqını dəstəkləməməli, həm də Krıma Amerika sərmayələrinin qoyulmasına imkan verməməlidir.
Vətəndaş cəmiyyətinin dəstəklənməsinə 100 milyon dollar
Sənədə əsasən, Avropa ölkələrinə, o cümlədən keçmiş SSRİ respublikalarına yüz milyon dollar həcmində maliyyə dəstəyi ayrılacaq. Bu vəsaitlər bu ölkələrdə vətəndaş cəmiyyətlərinin, demokratik institutların və mətbuat azadlığının dəstəklənməsi üçün nəzərdə tutulub. Sənəddə həm də Rusiyada demokratiyanın dəstəklənməsi proqramlarına, o cümlədən də azad internetə pulun ayrılmasından danışılır.
Bundan başqa, Şərq tərəfdaşlığı ölkələrinə onların Rusiyanın iqtisadi və siyasi təzyiqindən asılılığını azaltmaq məqsədiylə Avropa İttifaqı ilə azad ticarət haqqında müqavilələrin implementasiyası üçün vəsaitin ayrılması nəzərdə tutulur.
Sənəd yaxın zamanlarda ABŞ senatı tərəfindən qəbul edilməli və prezident tərəfindən də imzalanmalıdır.
Məqalənin hazırlanmasında “Deutsche Welle”nin məlumatından istifadə edilib