Dağıstanda hakimiyyəti kinoteatrları “əxlaqsız filmlər” göstərməməyə çağırıb
Paylaşmaq
Paylaşmaq
Dağıstanda “əxlaqsız filmlər” prokata buraxılmamalıdır – Dağıstanın Vicdan Azadlığı Komitəsinin rəhbəri Maqomed Abduraxmanovun müraciətində deyilir.
Dağıstanda fəaliyyətdə olan kinoteatrların sahibləri gənclərin mənəvi inkişafına görə öz məsuliyyətini dərk etməlidir, onlar “geniş izləyici auditoriyası üçün kino məhsullarının nümayişini nizamlayacaq daxili etik məcəllə” hazırlamalıdırlar, – Abduraxmanovun bu çağırışın yer aldığı müraciətini Dağıstanın Vicdan Azadlığı və Dini Qurumlarla Qarşılıqlı Əlaqə üzrə Komitənin mətbuat xidməti yayıb, – “Kavkazski uzel” xəbər verir.
“Bu müraciət öz mövqeyini yeritmək, hansısa doğru formatı gözləməyə məcbur etmək, bu və ya digər iş formatı formalaşdırmaq cəhdi deyil. Bu, daha çox kinoteatr sahiblərinə yönəlmiş müraciətdir ki, onlar özünənəzarəti işə salsınlar, özünü senzuranı təcrübə etmək və cəmiyyətimizin mənəvi dəyərlərini zədələyən, tamaşaçılarda cinayətkarlara rəğbət oyadan, zorakılığı, narko-mədəniyyəti, alkoqolizmi təbliğ edən, dini və ailə dəyərlərinə etinasızlıq yaradan filmlərin nümayişinə son qoysunlar”, – müraciətdə bildirilir.
Abduraxmanovun müraciəti İslama həsr olunmuş Rusiya saytlarında və sosial şəbəkələrdəki qruplarda da yayılıb.
Bu mətnin böyük hissəsi cüzi dəyişikliklərlə Vladimir Putinin 2011-ci ildə Rusiyanın baş naziri olaraq kinematoqrafçılara etdiyi müraciətlə üst-üstə düşür. Putin də, Dağıstan kinoteatrlarının sahiblərinə edilən müraciətin müəllifi də “kinonun böyük inandırma gücünün” fərqindədir və bilir ki, “bu və ya digər emosiyanın ötürülməsi üçün hansı imkanlara malikdir”; hər ikisi ekrana çıxan filmləri “sarı mətbuatın” məhsulları ilə müqayisə edir; hər ikisi qeyd edir ki, kino “elmi tərəqqi ilə birlikdə inkişaf edir” və “insanların ağlına və ruhuna yeni təsir gücü” əldə edir.
Putinin müraciətində özünə nəzarət və kino işçilərinin məsuliyyətli olmasının vacibliyi vurğulanır, etik məcəllənin mövcud olmasının müsbət təcrübəsi kimi baş nazir ABŞ-da 1930-cu ildə qəbul edilmiş Xeyzin etik məcəlləsinə istinad edir. Putinin kino aləminin nümayəndələri ilə həmin görüşünün video yazısı bu günə qədər YouTube-da qalmaqdadır, müraciətin mətni Rusiya hökumətinin saytından silinib, amma onların təkrar dərc versiyaları qalır.
Buna qədər Dağıstanda ənənəvi dəyərlərə zidd olan mədəniyyət nümunələrindən insanları uzaq tutmaqla bağlı dəfələrlə çağırışlar səslənib. 2015-ci ilin fevralında yerli məmurlar insanları “Bozun 50 çaları” erotik romanının ekran versiyasını boykot etməyə səsləmişdilər. 2016-cı ilin iyununda Kaspiyskdə musiqi dinləməyin günah olduğu haqda plakat yerləşdirilmişdi, 2016-cı ilin avqustunda isə sosial şəbəkələrdə Holi boya festivalına getməyə hazırlaşanların ünvanına ölüm təhdidləri yağdırılmışdı.