Pxenyanda həbs olunan Virciniya Universitetinin tələbəsi Otto Varmbayer. Foto 2016-cı ilin martında, Şimali Koreyanın Ali Məhkəməsində çəkilib. REUTERS
Şimali Koreya hakimiyyəti bu ölkədə il yarım həbsdə saxlanılmış amerikalı Otto Varmbayeri azad edib. O, koma vəziyyətindədir.
22 yaşlı Varmbayer il yarım əvvəl turist qrupunun tərkibində Pxenyana gəlib. Otelin dəhlizində o, divardakı plakatı çıxarıb. Bu, video-nəzarət kamerası tərəfindən qeydə alınıb.
Varmbayer həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib, çünki Şimali Koreya hakimiyyəti onun divardan endirdiyi plakatı “siyasi” hesab edib. İl yarımdan sonra Varmbayer “humanist nöqteyi-nəzərdən” azad edilib. Şimali Koreya hakimiyyətinin iddiasına görə, həbsdə olarkən botulizmə düçar olduğu üçün o, komaya düşüb.
İyunun 15-də Amerika həkimləri Otto Varmbayeri müayinədən keçirib və bildiriblər ki, onun beyninin əhəmiyyətli hissəsi zədələnib, o, şifahi nitqə cavab vermir və baş verənləri anlamır. Botulizm izləri aşkarlanmayıb, – CNN xəbər verir.
Baş verənlərlə bağlı ictimai reaksiya prezident Trampı Şimali Koreyaya qarşı kəskin mövqe nümayiş etdirməyə sövq edə bilər. Üstəlik Şimali Koeya son aylarda ona qarşı tətbiq edilən sanksiyaları pozaraq raketlər də buraxmışdı və ABŞ ərazisini hədəf alacaq ballistik raket hazırlanması üzərində işlərin aparıldığı haqda məlumat vermişdi.