Gürcüstan Səhiyyə Nazirliyi yanında Tibbi Fəaliyyətin Nizamlanması Agentliyinin rəhbəri Qiya Tvalavadze Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, psixotrop preparatların qanunsuz satışına dəstəkdə ittiham olunur.
Vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülmüş Tvalavadzedən başqa beş aptek rəhbəri də saxlanılıb. Onlardan ikisi qadındır.
DTX-nın Antikorrupsiya Agentliyinin əməkdaşları bildirirlər ki, Tbilisi və Qoridə 15 aptek psixotrop preparatlarla təchiz edilir və satışı ilə qanunsuz məşğul olurmuş.
Xüsusi nəzarətdə saxlanılmalı olan güclü təsirə malik preparatlar reseptsiz satılırmış. Bu kimi faktlara reaksiya verməyə məsul olan Qiya Tvalavadze isə bu “biznesə” lobbiçilik edirmiş.
Saxlanılan məmur Qiya Tvalavadze
İstintaq müəyyən edib ki, qurumun qaynar xəttinə apteklərdə psixotrop preparatların reseptsiz satılması haqda bir neçə dəfə məlumat daxil olub, amma Tvalavadze onlara reaksiya verməyib.
Ümumilikdə Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, bu işlə bağlı 20 nəfər məsuliyyətə cəlb olunub. Onların qanunsuz fəaliyyətdən əldə etdiyi gəlir isə 4 milyon lari (1,5 milyon dollara yaxın) təşkil edib.
2014-cü ilin sentyabrından psixotrop, yuxugətirən və sedativ preparatların (otlardan hazırlananlardan başqa) reseptsiz satışı qadağan olunub. Həmçinin antidepressantlar, antibiotiklər və bir çox başqa dərmanlar da reseptsiz satıla bilməz.
Tətbiq olunan bu qadağanın əsas arqumenti “aptek narkomaniyası” ilə mübarizədir.
“Aptek narkomaniyası” problemi Gürcüstanda 90-cı illərdən bəri qalmaqdadır. 2013-cü ilə qədər Gürcüstanda narkotik aludəçilərinin əhəmiyyətli hissəsi məhz “aptek narkomanları” olub. Ekspertlərin fikrincə, son illərdə bu problemin miqyası xeyli azalıb.
Qadağaya baxmayaraq, sosial şəbəkələrdə mütəmadi olaraq bu və ya digər aptekdə psixotrop preparatların reseptsiz satıldığına dair məlumatlar yer alır. Bu mövzuda bir neçə jurnalist araşdırması da aparılıb və məlum olub ki, Tbilisinin bəzi apteklərində reseptsiz dərmanları problemsiz satırlar.