Əziz dayının bostanı - Giləzi kəndindən 13 foto
Əziz dayı ailəsi ilə birlikdə Xızının Giləzi kəndində yaşayır. Əsas məşğuliyyətləri heyvandarlıqdı. Yay aylarında qarpız, yemiş və xiyar becərirlər. Əziz kişi bu il 2 hektara yaxın ərazidə bu tərəvəzlərdən əkib.
“Biz burda altı nəfərik. Hər gün səhər saat 5-də artıq burda oluruq. Suvarırıq, dərib, yığırıq sahənin kənarına, sonra maşına yükləyib elə yolun qırağında satırıq”.
“Günorta vaxtı çox isti oldugu üçün burda qalmaq mənasızdı. Həm də hələ tam yetişmədiyi üçün burda elə də iş olmur. Axşam üstü evdən bostana gələndə gördüm ki, nə qədər mal-qara bostandadır və qarpızı yeyir. Başladım bir-bir onları sahədən çıxarmağa. Tək olduğum üçün o qədər heyvanı qovub çıxarana qədər hərəsi bir tərəfdən yeyirdi. Həm də onları sahədən qovub çıxardıqca şitilləri əzib zədələyirdilər. Sahibinə də desən, deyəcək ki: “qardaş, əkmisən, becərirsən əziyyət çək qoru, mənim də heyvanlarım girməsin”.”.
“Canavar, çaqqal da gəlir girir bostana. Əvvəllər əkib becərəndə qalırdım, amma məhsulu tam qorumaq olmur heyvanlardan.
Bir dəfə məhsul daha çox idi, hər gecə qalırıb, qarovul çəkirdim. Günlərin birində çardaqdan fanarla tez-tez sahəyə baxırdım. Birdən hiss etdim ki, aşağı tərəfdən 2-3 çaqqal sahəyə girdi. Nə qədər qışqırdım, daş atdım xeyri olmadı. Qarpızları yaddan çıxarmışdım, ancaq özümü düşünürdüm. Qorxdum ki, indi mənə də hücum edəcəklər. Sakitcə oturub gözlədim çarəsiz vəziyyətdə. Yeyib doyana qədər çardaqda oturdum.
Səhər durub gordüm ki, 40-45 qarpızı dişləyib xarab ediblər. Ondan sonra mövsümün sonuna qədər itləri yanımda gətirirdim. İndi belə hallar çox az az olur. Həm də burda birinci ildi əkmişəm deyə və kəndə yaxın olduğu üçün qorxurlar çox gəlmirlər”.
“Məhsulu səhərlər yığırıq, yükləyirik maşına, aparıb yolun kənarında satırıq. Bir dəfə istirahətə gedən bir adam maşını saxladı qarpız almaq üçün. Soruşdu ki, qarpızın necədi, yaxşıdı? Dedim, bəli. Gübrəsizdi, dərmansızdı. Gübrəni ancaq şitili qurd yeməsin deyə vururuq. Böyütmək üçün yox.
Dedi, kəs birini baxım. Kəsdim, dadsız çıxdı. Dedi, birini də kəs qarpızdı da olanda olur. Birini də kəsdim o da dadsız çıxdı. Müştəri baxdı üzümə dedi ki, bəs deyirsən dadlıdır? Utandım. Çıxartdı 10 manat verdi, dedi ki: yalan danışma heç vaxt. Əgər dadsızdırsa, elə də de.
O qarpızlar da mənim deyildi əslində, yanımdakı sahədə olan qonşumun idi. Sadəcə həmin gün qonşumun işi var idi, xahiş etmişdi ki, onun məhsulunu da satım. Sonra müştəriyə dedim ki gözlə sənə yemiş kəsəcəm, dadına bax. Qorxa-qorxa kəsdim oyemişi. Fikirləşdim, bu da dadsız çıxsa, rüsvay olacam. Amma çox dadlı çıxdı. Müştəri dedi 20 kilo çək, yığ maşına.
Mən də yemişlərin pulunu almadım. Dedim qarpızların əvəzi olsun. Bundan sonra o adam hər dəfə burdan keçəndə yemiş alıb gedirdi məndən. Qarpız elə şeydir ki, içini bilmək olmur. Bəzən bir şitildən həm dadlı, həm də dadsız qarpız çıxır”.