Ərzaqlar qeyri-leqal olub
Rusiyanın “Aşağı Zaramaq gömrük məntəqəsində, Cənubi Osetiya istiqamətində artıq üç həftədir ki, tez xarab olan ərzaqlarla dolu yük maşınları bir-birinin ardınca düzülüb. Sahibkarlar malını keçirə bilmir, çünki o bir an içində qeyri-leqal oldu.
Cənubi Osetiya Gömrük Komitəsinin başçısı Murat Tsxovrebovun bildirdiyi kimi, Cənubi Osetiya sahibkarları Rusiyada malı satış üçün alırlar, amma onu şəxsi istifadə üçün əşya və ya predmet kimi deklarasiya edərək idxal edirlər, yəni rüsum ödəmədən. Bu sistem indiyə qədər işləyib, indi artıq işləmir. İndi hər şey rəsmiləşdirilib və ixrac üçün nəzərdə tutulan malların müvafiq sertifikatları olmalıdır.
Problem anındaca mağazalarda da əks olundu. İnsanlar tələsik süd məmulatları və dekabr idxalından satışda qalan sosiska, sardelka və kolbasa almağa başladılar. Daha kəskin problem yumurta və süd məmulatları ilə yaşanır. Onları sərhəddən keçirmək üçün təkcə ixrac üçün sertifikar deyil, həm də Moskvada alınmalı olan baytarlıq şəhadətnaməsi tələb olunur.
Sahibkarların bildirdiyinə görə, problemi həll etmək faktiki olaraq mümkün deyil. “İxrac üçün sertifikat almaqdan ötrü bilavasitə istehsalçıdan, yəni zavoddan böyük satış partiyaları almaq lazımdır. Biz isə bir adda olan maldan 10 qutudan çox almırıq. Bu cür cüzi alışla zavodda bizimlə heç danışmaq istəyən də olmayacaq, o da osun sertifikat tərtib etmək, – sahibkar Alik Qabarayev onu və daha bir neçə yerli biznesmeni dinləməyə razılıq verən parlament spikeri Anatoli Bibilova izah etdi.
“Zavodda bizə 10 qutu konfet satmağı xahiş etsək, bizi bazara dilerlərin yanına göndərəcəklər. Burada da ancaq fakturalar verirlər ki, onlar da gömrük üçün sənəd sayılmır.
Mağazalardakı satıcılar bildirirlər ki, tez xarab olan ərzağın heç olmasa bir hissəsini xilas etmək üçün, belə bir çıxış yolu tapdılar – partiyalarla sərnişin maşınlarına yükləyirlər, çünki sərnişin maşınlarına qarşı belə bir tələb yoxdur, hər halda hələ ki yoxdur.
Dəyişikliklərin Cənubi Osetiyada qiymətlərin artmasına gətirib çıxarması labüddür. “Mən təxminən 300 adda mal gətirirəm, gömrükdə hər adda mala görə rüsum 200 rubldan 500 rubla qədərdir [5 dollara yaxın]. Belə çıxır ki, mən maşına görə ən azı 60 min rubl [750 dollara yaxın] ödəməliyəm. Əlbəttə ki, mən qiymətləri 20-50 faiz qaldırmalı olacam, – Alik Qabarayev öz hesablamaları ilə parlamant başçısı ilə bölüşür.
Anatoli Bibilov mümkün çıxış yolunu Rusiya ilə ticarət haqqında sazişə dəyişikliklərin edilməsində görür və bunun üçün “mümkün olan hər şeyi edəcəyinə söz verdi. Sahibkarlarla görüşən daha bir dövlət rəsmisi – hökumət sədrinin müavini Alan Texov da bu cür düşünür.
Bu zaman xalq arasında isə deyirlər ki, bu qəfil qərar Rusiyada rublun məzənnəsinin qəfil düşməsi və pula böyük ehtiyacla bağlıdır.