Azərbaycanda ekoloqlar həyəcan təbili çalır: Qax Dövlət Təbiət Yasaqlığında Qırmızı Kitaba düşmüş quşların ovu davam edir. Hakimiyyət ərəb turistlərin əməlinə heç bir reaksiya vermir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nadir quşların qırılması ilə bağlı heç bir açıqlaması olmayıb.
JAMnews Bakıdan 400 kilometr məsafədə Qax Dövlət Təbiət Yasaqlığının ərazisində Acınohur düzündə ərəb turistlərin qanunsuz ovu haqda artıq yazmışdı. Rəsmi olaraq Azərbaycanda ov mövsümü 20201-ci il fevralın 28-də başa çatıb.
Ərəb turist öldürülmüş nadir Qafqaz durnası ilə
Novruzla bağlı bayram tətili başlayandan Azərbaycanın eko-fəalları durmadan ərəb ölkələrindən gələn turistlərin qoruq ərazisində qanunsuz əməllərini, Qırmızı Kitaba düşmüş quşların öldürülməsini əks etdirən yeni materiallar paylaşırlar.
Ərəb turistlərin ov şahini adı Qırmızı Kitaba daxil edilmiş bəzgəki parçalayır
Azərbaycanın Eco-front ekoloji təşkilatının aktivistləri bəzgək və bağrıqaraların ovlandığını əks etdirən fotolar və videolar paylaşıblar. Fotolarda təbiətdə cəmi 200 cüt qalmış Qafqaz durnasının öldürüldüyü də əks olunub.
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin timsalında hakimiyyət baş verənlərə heç bir reaksiya vermir. Ekologiya nazirliyi qoruq ərazisində ov edən turistlərin cərimələndiyi haqda açıqlama ilə yetinib. Ov isə bu günə qədər davam edir.
Ərəb turistlərin öldürdüyü bir neçə bağrıqara
Eco-front təşkilatının rəhbəri Cavid Ağanın sözlərinə görə, ərəblərin qoruq ərazisində qurduğu çadırları Azərbaycan polisləri qoruyur və bu yerlərə gedib çıxmaq ekoloqlar üçün çətindir. Sosial şəbəkələrdə yayılan fotoların və videoların çoxunu eko-aktivistlər ərəb ovçuların öz səhifələrindən götürüblər.
“Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yoxdur. Muxtar Babayev özünə hörmət edirsə istefa versin!”, – Cavid Ağa Facebook səhifəsində yazıb.