Şamxal “Molokan bağı” ətrafında “parkovşik” işləyir. Bu işi ona polis dostu tapıb. Sürücülərə maşınlarını park etməyə kömək edir və onlara göz-qulaq olur.
Deyir ki, hər işin öz çətinliyi var. Daha doğrusu, telefonun ekranına yazır, mən də oxuyuram. Şamxalın anadangəlmə eşitmə problemi var. Jestlərlə danışır, jestləri anlamayanlara isə sözünü yazaraq deyir.
Şamxal Cəlilabadda doğulub, böyüyüb. Atası ağır xəstəliyə düçar olanda evlərini satıb onun müalicəsinə xərcləməli olublar. Amma yenə də onu xilas edə bilməyiblər. Şamxal deyir ki, atasını itirdikdən sonra ailənin ağır günləri başlayıb.
Uşaqlıqdan müəllim olmaq istəsə də, ailənin acınacaqlı vəziyyəti üzündən ali təhsil dalınca gedə bilməyib. Erkən yaşlarından işləməyə məcbur olub.
İndi həyat yoldaşı, qızı, anası və qardaşı ilə birlikdə Bakıda kirayədə yaşayırlar. Şamxal əlilliyə görə 200 manat müavinət alır. Deyir ki, bu pulu heç nəyə çatdırmaq mümkün deyil. Odur ki, hazırda işi olduğu üçün çox sevinir.
Şamxal eşitmə və danışma problemləri olan uşaqlar üçün xüsusi məktəbdə təhsil alıb. Elə gələcək həyat yoldaşını da məktəbdə tanıyıb. Bir-birlərini çox seviblər. Bir neçə il öncə, artıq əli çörək tutandan sonra sevdiyi qızla evlənib. İndi onların bir qızı var.
Şamxal deyir ki, onun bütün dünyası 1 yaşlı qızı Mələkdən ibarətdir. Mələk eşidir, artıq danışmaq üçün ilk cəhdlərini edir. Şamxal deyir ki, tezliklə eşitmə cihazına sahib olmaq istəyir, çünki ən böyük arzusu Mələyin “ata” deməyini eşitməkdir. Daha doğrusu, telefonun ekranına yazır, mən də oxuyuram.