Əfqan Muxtarlının işi – gürcü jurnalistləri Avropa İttifaqının səfiri ilə görüşüb
“Azərbaycanla Gürcüstan arasında böyük fərq var”, – Yanoş Herman jurnalistlərlə görüşü zamanı deyib. Gürcü jurnalistləri Avropa İttifaqının Gürcüstandakı səfiri Yanoş Hermanla görüşüb. Görüşün mövzusu Tbilisinin mərkəzində yoxa çıxan, sonra da Bakıdakı həbsxanaya gətirilən azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi olub.
Yanoş Herman jurnalistlərə bildirib ki, bu işlə maraqlanır və baş verənlərdən narahatdır. Jurnalistlər görüşdə bildiriblər ki, Muxtarlının itməsi Gürcüstanda söz azadlığının qonşu ölkələrdən daha çox qorunması haqda mifi dağıtdı. Amma media nümayəndələrinin sözlərinə görə, Yanoş Herman bu fikirlə razılaşmayıb.
“O bizə dedi ki, Azərbaycanla Gürcüstan arasında böyük fərq var və o bu, ölkələri eyniləşdirə bilməz”, – “Monitor” tədqiqat studiyasının jurnalisti Nana Biqanişvili deyib.
Gürcüstanın Jurnalistlər Etikası Xartiyasını icra direktoru Nata Cvelişvili qeyd edib ki, Gürcüstan hakimiyyətindən fərqli olaraq, diplomatik korpus məsələnin vacibliyini anlayır. Aİ nümayəndələri yerli hakimiyyətdən, siyasi partiyalardan və prezidentdən informasiyanı toplayır və yalnız bundan sonra nəticə çıxarmağa hazırlaşır.
Sabah, iyunun 6-da jurnalistlər ABŞ-ın Gürcüstandakı səfiri ilə görüşə hazırlaşır. Eyni zamanda mətbuat nümayəndələri Gürcüstanın parlament sədri ilə görüşə bilmir.
Artıq üçüncü gündür ki, onlar spikerə rəsmi məktubla müraciət ediblər, amma hələ də cavab almayıblar. KİV nümayəndələri deyir ki, Gürcüstan hakimiyyətinə azacıq təsir edə bilən hər kəslə görüşmək istəyirlər.
Son bir neçə gün ərzində Muxtarlının itməsiylə bağlı bəyanatlarla ABŞ Dövlət Departamenti və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi çıxış ediblər.
Onlar Gürcüstan hökumətini vaxtında və şəffaf istintaqın aparılmasını təmin etməyə çağırıblar. Onlar həm də Azərbaycan hökumətinə özünün beynəlxalq öhdəliklərini yerinə yetirməyə və öz fundamental hüquqlarının istifadəsinə görə saxlanılan bütün şəxsləri azad etmək çağırışı ilə müraciət ediblər.
“Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının, o cümlədən də hüquq müdafiəçilərinin qaçırılması və qanunsuz saxlanılması, necə ki bu, bəyan edilmişdi, bundan sonra da Azərbaycanda həbs və cinayət təqibi təcili, dərin və şəffaf istintaqın aparılmasını tələb edir. Biz Gürcüstan hakimiyyətinin bildirdiyi kimi, Gürcüstanda bu cür istintaqın başlanmasını alqışlayırıq. Gözləyirik ki, bütün vətəndaş və siyasi hüquqlar qorunacaq, həm də ölkədə qanuni yolla yaşayan xarici vətəndaşların hüquqları təmin olunacaq. Avropa İttifaqı bu işi diqqətlə izləyir”, – Federika Moqerininin bəyanatında deyilir.
Jurnalist Əfqan Muxtarlı Gürcüstana Azərbaycandan 2014-cü ildə gəlib və oturum icazəsi alıb. Köçməyə səbəb Azərbaycan hakimiyyəti tərəfindən təzyiq hallarının artması olub. Onun insan haqlarının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə etdiyi bir neçə müraciət baxılma mərhələsindədir. Son zamanlar IWPR və Meydan.tv beynəlxalq media və təşkilatları ilə əməkdaşlıq edib.
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Tbilisidə 29 may 2017-ci il tarixində itib. Sonradan məlum olub ki, o, Azərbaycanın hüquq-mühafizə orqanlarındadır. Muxtarlının özünün sözlərinə görə, Gürcüstanda o, yerli xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən oğurlanıb, başına torba keçirilib və Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarına verilib. Azərbaycan məhkəməsi Muxtarlının barəsində sərhədi qanunsuz keçməsinə və qaçaqmalçılığa görə 3 ay müddətinə həbs qəti imkan tədbiri seçib. Muxtarlının sözlərinə görə, onun cibinə 10 min avro qoyublar.