Əcnəbi dili necə öyrənməli
Yeni dil öyrənmək möhtəşəm seçimdir. Bu, bəziləri üçün çox çətin addım kimi görünə bilər, ancaq xarici dili öyrənmək fikirləşdiyinizdən daha asandır.
Motivasiyanızı yüksək tutaraq, bu işin öhdəsindən gələ bilərsiniz. Məktəb vaxtından bildiyimiz klassik metodlardan kənara çıxsanız, qısa müddət ərzində fərqi özünüz də görəcəksiniz.
Bu işin beş əsas prinsipi var.
1. Ətrafınıza həmin dili bilən insanları toplayın
Lazım olan xarici dilə filmlərdə, mahnılarda, xəbərlərdə və buna bənzər bir çox yerlərdə rast gələ bilərsiniz. Bununla dili eşitmə bacarığınızı inkişaf edə bilərsiniz. Ancaq siz əcnəbi dildən istifadə etməsəniz, bu, sadəcə, nəzəriyyə olaraq qalacaq. Bir müddətdən sonra isə unudulacaq. Ancaq həmin xarici dili bilən insanlarla ünsiyyətdə olsanız, artıq nəzəriyyədə deyil, təcrübədə tətbiq etmiş olacaqsınız. Nəticədə, danışıq bacarığınız da inkişaf edəcək.
2. Həmin dildə danışmaqdan çəkinməyin
Bu bloqu oxuyursunuzsa, ya müəyyən qədər xarici dil bilirsiniz, ya da həmin dili öyrənmək fikriniz var. Heç vaxt öyrəndiyiniz dildə danışmaqdan çəkinməyin. Bacardığınız hər mühitdə həmin dildə danışmağa çalışın. Bu, həm sizdə özgüvən yaradacaq, həm də komplekslərinizin öhdəsindən gəlməyə kömək olacaq. Ətrafınıza topladığınız əcnəbi dil bilən insanlardan mütləq faydalanın, çünki danışmadan dil öyrənmək mümkün deyil.
3. Texnologiyanın imkanlarından faydalanın
Qeyd etdiyim kimi, ətrafınıza öyrəndiyiniz dili bilən insanlar toplayın. Onları ən asan sosial şəbəkələrdə tapa bilərsiniz. “Dil dəyişdirmə” metodundan istifadə edərək, siz yeni dostlarınıza öz dilinizi öyrədə və onlardan sizə doğma dillərini öyrətmələrini xahiş edə bilərsiniz. Yaxud da telefonunuza bir proqram yükləyib, bir çox sözün qarşılığını öyrənə bilərsiniz. Gözünüzün həmin dilə daha da alışması üçün telefonunuzun, hətta kompüterinizin dilini dəyişə bilərsiniz.
4. Dil öyrənməyi hobbiniz edin
Tək dil öyrənmək yox, hər hansı bir şeyi etmək üçün bunu sevmək çox vacibdir. Xarici dil öyrənməyi sevin, özünüzə məcburiyyət qoymayın. “Bu gün mütləq 50 söz öyrənəcəyəm” deməyin. Əgər içinizdən onu etmək gəlirsə, edin. Yox, içinizdən gəlmirsə, etməyin. Bir şeyi sevərək etmək “ən yaxşısını edəcəyəm” deməyin bir başqa yoludur. Əgər dili sevərək öyrənsəniz, əmin olun ki, çox qısa vaxtda nəticəsini görəcəksiniz.
5. Qısa müddətlik də olsa, həmin ölkədə yaşayın
Hazırkı vəziyyətdə bir az mümkünsüz görünsə də, ən faydalı olacaq metod budur. Öz ölkənizdə əcnəbi dili hansısa bir kursda öyrənmisinizsə, həmin dildə danışılan ölkədəki kursda daha qısa zaman ərzində öyrənə bilərsiniz. Həm məcburiyyətdən, həm də düşdüyünüz mühitdə özünüzü başa salmaq üçün başqa şansınız olmayacaq. Ola bilər ki, öz ölkənizdə həmin dili çox möhtəşəm biləsiniz, ancaq danışmaqda çətinlik çəkirsiniz. Xarici ölkədə isə belə şansınız olmayacaq. Məcbur danışmalı olacaqsınız.