Əfqanıstanda gürcü hərbçisi həlak olub
Faciə Baqramdakı aviasiya bazasına bitişik ərazidə baş verib. Gürcü hərbçiləri digər ölkələrdən olan həmkarları ilə birlikdə bazada keşik çəkdikləri zaman bazaya hücum edilir.
Hücum nəticəsində “Qətiyyətli dəstək” əməliyyatının iştirakçısı, 26 yaşlı kiçik serjant Mdinari Bebiaşvili həlak olub. Bu haqda Gürcüstanın Müdafiə Nazirliyi məlumat verib.
Mdinari Bebiaşvili sülhməramlı missiyanın yerinə yetirilməsi zamanı Əfqanıstanda həlak olan 32-ci gürcüstanlı hərbçidir.
Bebişavili Gürcüstan SQ-də 2010-cu ildə xidmət çəkməyə başlayıb. Əfqanıstana o, iki dəfə, 2012 və 2014-cü illərdə gedib, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) sıralarında olub. “Sülhməramlı əməliyyatlarda iştiraka görə” medallarla təltif olunub.
Baqramdakı bazaya hücum zamanı üç gürcüstanlı hərbçi yaralanıb. Onlardan birinin – kapitan Mixail Qvirdjişvilinin vəziyyəti stabil ağırdır, qalan iki hərbçi – baş leytenant Qiqa Xaxutaşvili və kapral Qeqa Xarşilavanın vəziyyəti qənaətbəxşdir. Hər üçü Baqramdakı aviasiya bazasının hospitalında müalicə olunur.
- Gürcüstan bölməsi NATO-nun “Qətiyyətli dəstək” missiyasında 2015-ci ildən iştirak edir. Missiyaya 14 ölkədən 13459 hərbçi cəlb olunub, onlardan 870 nəfər Gürcüstandandır. Bu, NATO üzvü olmayan ölkələr arasında ən yüksək göstəricidir. NATO ölkələrindən Əfqanıstana daha çox hərbçi ABŞ-dan ezamiyyət olunub.
- NATO-nun “Qətiyyətli dəstək” missiyası (Resolute Support Mission) ISAF alyansının missiyasını 1 yanvar 2015-ci il tarixində əvəz edib. Məqsədi treninq və Əfqanıstan silahlı qüvvələrinə dəstəkdir. Gürcüstan hərbçilərinin vəzifələrinə terrorizmlə mübarizə, əhalinin təhlükəsizliyinin təminatı və səyyar nəzarət postlarının təminatı üçün əyalətlərdə keşik çəkilməsi daxildir.