Psixoloq danışır " />

Azərbaycanlıların psixoterapiya haqqında geniş yayılmış yeddi yanlış fikri

Psixoloq danışır

«Sözün düzü, çoxdandı, yanınıza gəlmək istəyirdim, – on birinci sinif şagirdi utancaq halda gülümsünür, – amma qorxurdum ki, hamı mənim psix olduğumu düşünəcək».

Ona ürək-dirək verirəm, deyirəm ki, cəsarətli oğlandır, hətta qəhrəmandır. Və bu, həqiqətən də belədir. O, ruhi xəstə kimi tanınmaq qorxusuna qalib gələrək, psixoterapevtin qəbuluna yazılıb. İndi yeniyetmə öz probleminin – buraxılış və qəbul imtahanları ilə bağlı yaşadığı güclü stresin öhdəsindən daha rahatlıqla gələcək.

Halbuki ondan daha yaşlı və daha təcrübəli adamlar psixoloqun otağının qapısından içəri keçməyə qorxur və öz problemləri ilə baş-başa qalırlar.

Çünki

Mif № 1: psixoloq psixlər üçündür

Psixi xəstə insanların müalicəsiylə psixiatriya məşğul olur. Psixologiya isə psixi sağlam olan insana uzadılan yardım əlidir. Çətinliklərlə üzləşən və bu anda təkbaşına öz problemlərinin öhdəsindən gələ bilməyən insana.

Mif № 2: Güclü insan özü problemlərinin öhdəsindən gəlir, onun köməyə ehtiyacı yoxdur

Əlbəttə ki, bu, belə deyil. Çünki problemi təkbaşına həll etmək üçün daha uyğunlaşmağı bacaran xarakterə sahib olmaq lazımdır. Həm özünə arxalanmaq, həm də başqasının dəstəyindən yararlanmaq. Kömək istəməyən güclü deyil, sərt insandır. Külək qopan kimi sınacaq.

Belə bir metafora gətirim. Pəhləvan adam tarlanı təkbaşına belləyə bilər. Amma bunun torpağa xeyir gətirməsi üçün onun kənd təsərrüfatından başı çıxmalıdır. Traktoru necə idarə etməyi, hansı dərinlikdə qazmağı, bitkilərin köklərini necə qorumağı, yaxınlıqdakı çayı necə çirkləndirməməyi bilməlidir, üstəlik bu zaman özünü də ölümcül vəziyyətə çatdırana qədər yormamalıdır.

Əks halda bütün əməyi boşuna və hətta ziyana olacaq.

Psixoterapiya da bu cürdür. Güclü olmaq və həyatdakı çətinliklərə təkbaşına sinə gərməyə hazır olmaq kifayət etmir. Çətin vəziyyətdə öz-özünlə ən yaxşı şəkildə qarşılıqlı fəaliyyətdə olmağı bacarmaq lazımdır. Doğru suallar vermək, əsl motivlərini anlamaq və etiraf etmək. Zəif və güclü tərəflərini nəzərə almaq, gücünü düzgün hesablamaq. Çox vaxt dərk etməni, özünü qiymətləndirməni artıran, ağır hissləri yaşamaq, özünə dayaq olmaq və başqalarına güvənmək bacarığını inkişaf etdirən alətlərə ehtiyac yaranır.

Buna görə də bu, heç də güc məsələsi deyil, özünlə münasibətdə vəziyyəti dərk etmək bacarığıdır. Adam psixoterapevtin qəbuluna gedəndə bu bacarıq artır. Əvvəlcə siz hər şeyi birlikdə edirsiz, sonra da sizdə təkbaşına problemlərin öhdəsindən gəlmək vərdişi yaranır.

Mif № 3: “Dostlarım olan yerdə psixoterapevt nəyimə gərəkdir ki?”

Dostlar böyük resursdur! Başınız və ya qarnınız ağrıyırsa, onlar kömək edəcək – yanınızda olacaqlar, pəncərəni açacaqlar, aptekdən aktivləşdirilmiş kömür gətirəcəklər, bir stəkan su verəcəklər. Amma başınız artıq üç gün dayanmadan ağrıyanda, mədənizdəki narahatlıq kəskinləşib, ürəkbulanması ilə müşayiət olunanda, siz artıq təcili tibbi yardım çağırırsız və ya öz həkiminizə zəng edirsiz. Niyə? Çünki dostların bilikləri və kömək etmək bacarıqları məhduddur. Belə olan halda siz öz həyat və sağlamlığınıza görə məsuliyyəti mütəxəssisin üzərinə atırsız. Bu, psixoterapiyaya da aiddir.

Mif № 4: “Psixoloq qəsdən, ya da təsadüfən hamıya mənim problemlərim barədə danışacaq”

Psixoloqlar və psixoterapevtlər öz müştərilərinə məxfilik zəmanəti verirlər. Bu, ilk görüş zamanı razılaşdırılan əsas qaydalardan biridir.

Rəfiqəniz psixoloqunun başqa müştərilərinin problemləri barədə danışmağından dəhşətə gəlib? Onların adlarını çəkir, iş və yaşayış yerinin ünvanını göstərir?

Maraqlanın, təsadüfən o hansısa qondarma quru və ya fırıldaqçının qəbuluna getmir ki? Və ya saxta psixoloq-parapsixoloq-astroloq-manual-terapevt-okulist sertifikatı olan “mütəxəssis”ə rast gəlməyib ki? Onu necə və kimin məsləhətiylə tapıb?

Etibarlı kanallar vasitəsiylə tapdığınız qanuni sertifikatlı mütəxəssislər arasında vicdansız adam tapmaq şansı azdır. Birincisi, psixoloqların özləri əvvəlcədən şəxsi terapiyadan keçir və məxfiliyin vacibliyini çox gözəl anlayırlar. İkincisi, onlar üçün reputasiyaları məsələsi çox vacibdir. Çünki məhz reputasiyaları sayəsində pul qazanırlar.

Mif №5: “Problemim barədə internetdən oxuya, psixologiyanı isə kitablardan öyrənə bilərəm. Psixoloq mənə yeni heç nə deməyəcək, özüm haqqında onsuz da hər şeyi bilirəm”

Bir çox tanışlarım psixoloji terminologiyanı bilməsiylə öyünməyi sevir. Onların fikrincə bu, adi prosesləri adi dillə izah etməkdir. Bu da adətən yarlıq asmaq və səthi biliklərdən o tərəfə getmir.

İstənilən sahədə şəxsi təhsil təqdirə layiqdir, əgər peşəkar yardımın yerini tutmaqdan söhbət getmirsə. Diş tacının mina, dentin və pulpadan ibarət olduğunu bilmək və ağrının nədən yarandığını təxmin etmək yaxşı şeydir. Müaicə etməksə diş həkiminin işidir. Elə deyilmi?

Psixoterapiyanın işi istənilən peşəkar kömək kimi daha çox problemi tez biz zamanda üzə çıxarmaq deyil. İnsana özünü anlamağı, özüylə dost olmağı və çətin vəziyyətlərdə rəftar etməyi öyrətməkdir.

Miflər psixoterapeftin otağına qədər gəlib çıxanları da təqib edir.

Mif № 6: “Psixoloq düzgün yaşamaq haqqında hər şeyi bilir və mənə də öyrədəcək. Bir neçə məsləhət verəcək və mən ideal olacam”

Hazır resept yoxdur. Yeganə doğru olan həyat sxeminin və ideal insanların olmadığı kimi. Hər bir müştərisini də psixoterapevt onun şəxsi yolu ilə müşayiət edir. Birlikdə onlar duruma uyğun ən yaxşı versiyanın yeni imkanlarını axtarıb tapırlar. Biri üçün uyğun olan, başqası üçün qəti qadağandır. Əslində, psixoloq məsləhət vermir: sizin özünüz onun köməyilə suallarınızın cavablarını tapırsız.

Mif № 7: “Psixoloqla işləyəndən sonra bütün problemlər birdəfəlik yox olacaq. Ya da mən onlara qarşı biganələşəcəm”

Problemlər heç yerə yox olmur. Siz də Madam Tüssonun mum fiquruna çevrilmirsiz.

Siz problemləri həll etmək iqtidarında olan insana dönürsü. Özü də sizə ən uyğun olan üsulla. Psixoloqun işinin ən yaxşı nəticəsi və qürur yeri sərbəst müştəridir.

Amma bu heç də o demək deyil ki, siz heç vaxt ağrı və qorxu hisslərini keçirməyəcəksiz.

Azərbaycanda psixoterapiya haqqında əsas miflər bunlardır.

Bir bonusla da paylaşa bilərəm. Ən geniş yayılmış, eyni zamanda da reallıqdan ən uzaq olan miflə:

“Azərbaycanda heç kəs psixoloq yanına getmir”

İxtisaslı mütəxəssislərin onlayn və offlayn işində bir dəqiqə boş vaxt yoxdur. Onları həyat keyfiyyətinin yaxşılaşdırılmasına ehtiyacı olan insanlar gözləyir.

Bunların da böyük hissəsi region sakinləridir.

“Axır vaxtlar tez-tez mübahisə edirik, seksdə həyatımızda da hər şey qaydasında deyil”, – Şamaxıdan olan evli cütlük şikayətlənir. Qəbula düşmək üçün səhər erkəndən Bakıya yola düşüblər, uşaqları da qohumlarının yanına qoyublar.

Burada “İt hürər, karvan keçər” atalar sözünün tam yeridir.


More on JAMnews