Niyə gənclər vətəndə oxumaq istəmir?" />

Azərbaycandan Türkiyəyə beyin axını

Niyə gənclər vətəndə oxumaq istəmir?

Türkiyədə 15 min azərbaycanlı tələbə təhsil alır.

«Türkiyədə oxuyan əcnəbi tələbələrin arasında azərbaycanlı gənclər ilk sıradadır”,

– Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdülqafur Böyükfırat deyir.

Azərbaycanın ali məktəblərində 2016/2017-ci tədris ilində tələbələrin ümumi sayı 170 740 nəfər olub. Belə çıxır ki, Azərbaycanda təxminən hər on iki abituriyentdən biri oxumaq üçün Türkiyəyə gedir. Çoxları təhsildən sonra da orada qalır.

Akif artıq 12 ildir Türkiyədə yaşayır. Ali təhsil alıb, işləyir, evlənib. Özü demişkən, həyatını qurub. Akif üçün Azərbaycan indi tarixi vətəndən başqa bir şey deyil:

“Mən dədə-baba torpağımda özümü tapa bilmədim. Universiteti bitirəndən sonra geri qayıtdım, 8 ay iş yeri axtardım, gördüm ki, alınmayacaq. Qayıtdım Ankaraya. İş tapdım, şirkətlərdən birində öz ixitsasıma uyğun satış üzrə menecer işləyirəm, vəziyyətim normaldır, anam tək qalmasın deyə onu da yanıma gətirmişəm. Amma anam tez-tez deyir ki, öləndə onu doğma torpaqda dəfn edim”.

Niyə Azərbaycan olmasın?

Oxumağa Türkiyəyə getmək istəyən, indi orada təhsil alan və ya artıq təhsilini bitirən gənclər arasında sorğu keçirdik. Bu da Azərbaycanda oxumamaq üçün onların gətirdikləri səbəblərin siyahısı:

1. Yerli təhsil çox aşağı səviyyədədir. Daha doğrusu, Azərbaycanda ümumiyyətlə təhsil yoxdur.

Yaşıdlarım arasında çoxlu tələbələr var, onların əlində bircə dənə kitab da görməmişəm. Nə oxuduqları bəlli deyil. Ancaq imtahanlar çatanda “əl-ayağa düşürlər” Sonra da hansısa yolla yaxşı işlərdə işləyirlər. Mənim buna imkanım və marağım yoxdur,

– 20 yaşlı Eldar deyir.

Keçmiş ali məktəb müəllimi:

“Mən məzun olduğum zaman rüşvət aldıqları üçün iki müəllimi birdən işdən azad etmişdilər deyə məni işə qəbul etdilər. Onların ikisi də mənə dərs demişdi və əslində çoxlarından daha peşəkar iidilər, amma nəyə görəsə məhz onları tutmuşdular. Bizdə elə müəllim vardı ki, bütün leksiya boyu oturub pəncərədən baxırdı – kaş ki, ondansa, rüşvət alaydı. Çox yaxşı pedaqoqlar da vardı, amma ümumilikdə sistem elə qurulub ki, heç kimə heç nə öyrətməmək olar və kimsə bunun fərqinə varmayacaq”.

2. Azərbaycanda təhsil həm də çox bahalıdır.

Qəbul imtahanlarında kifayət qədər bal toplamasan, dövlət sənin pulunu ödəmir, onda da “ödənişli bölmədə” tədrisin keyfiyyətinə uyğun olmayan böyük məbləğlər ödəməli olursan.

Qiymətlər də ildən ilə qalxır. Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin illiyi bir il əvvəl 3800 manat idi, indi isə 4300 manata başa gəlir. Digər ali məktəblərdə illik ödənişlər 2000 manatdan 3000 manata qədəərdir.

3. Bir çox gənclər hələ məktəb illərindən Azərbaycanın təhsil sistemindən incik düşüb: iş orasındadır ki, Azərbaycanda ali məktəbə qəbul imtahanına bir neçə il qalmış uşaqlar üçün fərdi müəllimlər tuturlar.

Bu isə ən azı iki il beş fənn üzrə fərdi hazırlıq– ailə büdcəsi üçün ağır yük deməkdir. Çünki qəbul imtahanları məktəb proqramlarından xeyli mürəkkəbdir.

Keçmiş təhsil naziri Misir Mərdanov açıq şəkildə bu problemi etiraf etmişdi:

“Biz məktəbdə biliyi qaşıqla veririk, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə biliyi çömçə ilə tələb edir”.

4. Azərbaycan diplomu digər ölkələrin işverənləri üçün heç bir nüfuza malik deyil. Bir qayda olaraq, Azərbaycanda da ixtisas üzrə iş tapmaq çətindir.

“Bacım oğlu Bakıda memarlıq fakültəsini bitirib, pullu oxuyub. 5 ildir ixtisasına uyğun iş tapa bilmir. Çünki heç ixtisasını da bilmir. 5 il boş-boşuna universitetə ayaq döyüb. İş üçün hara getdisə, dedilər ki, 2 aylıq kursdan da keçməlidir. Çünki ona iş həmin kursda öyrədiləcək, onda universitetdə niyə oxuyub? Bu kurslar bir az bahalıdır və kursda sertifikat aldıqdan sonra iş tapa biləcəyi də sual altındadır. Mənimki də elə olmasın deyə xaricə göndərəcəyəm”,

– Zeynəb Quliyeva danışır.

İşsizlik haqda daha ətraflı

Əmək və əhalinin sosial təminatı naziri Səlim Müslümov bildirir ki, Azərbaycan gənclərin işlə təmin olunmasına görə dünyanın on lider ölkəsi sırasındadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 5 faiz təşkil edib. 2016-cı ildə bu rəqəm dəyişməz qalıb. Onun sözlərinə görə, rəsmi işsiz statusuna sahib olan şəxslərin sayı 36,3 min nəfərdir.

İqtisadçı ekspert Toğrul Maşallı bildirir ki, Azərbaycanda işsizlik səviyyəsini müəyyən etmək çətindir və Dövlət Statistika Komitəsinin metodikası bu işi sadələşdirmir. Məsələ ondadır ki, heç də bütün işsizlər əmək birjasında rəsmi qeydiyyata düşmür, həmçinin Azərbaycanda işləyənlərin də hamısı işçi olaraq rəsmi qeydiyyata deyil:

“Əmək Nazirliyinin məlumatına görə, 2016-cı il ərzində əmək birjasında işsiz olaraq rəsmi qeydiyyata düşmək üçün 204 min nəfər müraciət edib, onlardan 11 mini işsiz statusu alıb. 57 min nəfərə yaxın müraciətçi işlə təmin olunub. Belə nəticə çıxarmaq olar ki, 136 min nəfər 2016-cı ildə iişsiz qalıb. 2017-ci il yanvarın 1-ə olan məlumata əsasən 227 min nəfər “iş axtarışında” olub”.

“Atam da Rusiyada oxuyub, Azərbaycna qayıtdıqdan sonra 9 il özünə normal həyat qurmağa cəhd edib, alınmayıb, yenidən Rusiyaya qayıdıb. Mən də rejissor olmaq istəyirəm. Ən yaxşısı Türkiyəyə getməkdir. Orda oxuyaram, sonrasına baxarıq.

Niyyətim Azərbaycana qayıtmamaqdır. Avropaya gedə bilsəm, bunu edəcəyəm. Amma buna imkanım olmasa, qalıb Türkiyədə işləyəcəyəm.

Bakıda oxusam, sonra da işləmək istəsəm, ancaq “bozbaş müğənnilərə” klip çəkə bilərəm” – Eldar deyir.

Bakıda Türkiyə mədəniyyəti günləri

Niyə məhz Türkiyə?

  • Türkiyənin təhsil səviyyəsini Azərbaycanla heç müqayisə eləmək bellə mümkün deyil. Amerikanın U.S. News & World Report xəbər jurnalı dünyanın ən yaxşı universitetlərinin siyahısını dərc edib. Türkiyə universitetləri dünyanın ən yaxşı universitetlərinin top-500-ə düşüb, onlardan üçü top-50-ə də daxildir.
  • Türkiyə ali məktəblərinin diplomları bütün dünyada tanınır. Türkiyədə təhsil bu ölkəyə köçmək üçün platforma olmaqla yanaşı, həm də digər ölkələrdə karyera qurmaq üçün tramplin də ola bilər. Üstəlik Türkiyədə ingilis və digər dillərdə də təhsil almaq mümkündür, ödənişsiz təhsil almağa imkan verən təqaüd sistemi də var.
  • Türkiyədə ali məktəblərinin məzunları Azərbaycana qayıtmaq qərarına gəlsələr onlar üçün iş tapmaq da çox asan olacaq. Bakının özəl klinikalarında məhz Türkiyədə təhsil almış çox sayda həkim çalışır.
  • Gənclər Azərbaycan dilinə və mədəniyyətinə çox yaxın olduğu üçün türk dilinə və mədəniyyətinə asanlıqla adaptasiya olunur.
  • Vizasız rejim və coğrafi yaxınlıq Türkiyəni ən cəzbedici varianta çevirir.
  • Təhsil qiymətləri də burada çox liberaldır. Eyni ixtisas üzrə Azərbaycandakı təhsil ödənişi ilə müqayisə etdikdə Türkiyədə xeyli ucuz başa gələr. Üstəlik təqaüd qazanıb, pulsuz oxumaq imkanı verən çox sayda proqram mövcuddur.

Uşağı Türkiyəyə göndərmək neçəyə başa gəlir?

Bakıda Əlibəy Hüseynov küçəsi

Bakıda Əlibəy Hüseynov küçəsində tələbələri Türkiyəyə təhsilə göndərən çox sayda kurs var. Biz qiymətlərlə maraqlandıq. Türkiyənin dövlət universitetlərinə qəbul olmaq istəyənlər hazırlığa ildə azı 1600 manat ödəyir. Bundan başqa hər universitetə imtahan rüsumunu ödəmək lazım olur – imtahan qiymətləri 50 dollardan başlayır. Üstəlik 400 manat da lazım olan səviyyədə türk dilini öyrənməyə gedir.

Bütün xərcləri nəzərə alsaq, Türkiyədə ali məktəbə daxil olmaq üçün ailə ilk il azı 3500-4000 manat xərcləməlidir. 500 manat orta əməkhaqqı səviyyəsində bu, böyük məbləğdir.

Dövlət “itirilmiş uşaqların” təhsil haqqını ödəyəcəkmi?

Azərbaycanda xaricdə təhsil üzrə dövlət proqramı vardı. Bu proqrama az əvvələ qədər Kaliforniyanın Sakit Okeanı Universitetinin məzunu olan təhsil naziri Mikayıl Cabbarov rəhbərlik edirdi. İdeya daha sonra vətənin çiçəklənməsi üçün çalışacaq qərb təhsilli gənclər ordusunun yetişdirilməsindən ibarət idi. Tələbələrlə təhsildən sonra qayıdıb azı beş il ölkədə çalışacağına dair müqavilə imzalanırdı.

Nə qədər tələbənin geri qayıtdığı haqda nazirlik məlumat vermir və ümumiyyətlə beyin axını problemini açıq şəkildə etiraf etmir. Bununla belə, bu yaxınlarda xaricdə təhsil almış şəxslərə dövlət strukturlarında işə imtahansız qəbul olunacaqları vəd edildi.

Təəssüf ki, bu işlərdə əməkhaqqı çox aşağıdır və inkişaf etmiş ölkələrdəki karyera imkanları ilə müqayisəyə gəlmir.

2015-ci ildə dövlət xaricdə təhsil alanların maliyyələşdirilməsini dayandırdı. Təhsil naziri yeni proqramın hazrlandığını elan etdi, amma hələlik bu proqramdan bir səs çıxmayıb. Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən vergilər naziri vəzifəsinə keçiriləndən sonra bu proqramın aqibətinin necə olacağı bəlli deyil – hər şey yeni təyin olunacaq nazirdən və onun yürüdəcəyi siyasətdən asılıdır.

Milli Məclisin təhsil üzrə komissiyasının keçmiş sədri Şahlar Əsgərov ölkədən gedən tələbələri “itirilmiş uşaqlar” adlandırır:

“Son 5 ildə 3500-4000 nəfər gənc xaricə getmişdisə, yarısı geriyə qayıtmayıb. Xərci dövlət çəkir, ilkin təhsil verir, amma faydasını başqa ölkələr görür”.


More on JAMnews