JAMnews-un Kələxana kəndindən fotoreportajı " />

Azərbaycanda sufi türbələri: ən əsası ilanlara dəyməməkdir

JAMnews-un Kələxana kəndindən fotoreportajı

Azərbaycanın Şamaxı şəhərinin cənubunda kiçik yaşıl kənd var – Kələxana kəndi. Cəmi beş kilometr aralıda yerləşsə də, bura bir saata gəlib çatmaq olur – yol çox pisdir, yağış yağmasa yenə də bəxtiniz gətirər. Kəndin düz yanında böyük çöllük var, burada isə məşhur Kələxana türbələri yerləşir.

Burada sufi “Çilkəy şeyxləri” təriqətinin üzvləri dəfn edilib.

Əvvəllər burada doqquz dənə səkkizüzlü böyük daş tikili olub, indi səkkizi qalıb, biri də yarı dağılmış vəziyyətdədir. İslamın ən qədim və məşhur cərəyanlarından birinin üzvləri olan sufilər tam məsuliyyətlə bu işin qulpundan yapışıblar – Kələxana türbələri Azərbaycan ərazisində yeganə olmasa da ən gözəl türbələr sayılır.

Sufizm İslamın ezoterik cərəyanıdır. Azərbaycana demək olar ki, dinin özüylə eyni vaxtda gəlib. Sufilər adətən çox sayda olan müxtəlif məzhəblərdə birləşirdilər. Konkret olaraq “Çilkey şeyxləri” məzhəbi haqqında mütəxəssislərin çox az məlumatı var. Elə türbə kompleksi haqqında da. Mövcud informasiya isə xeyli mübahisəlidir.

Kompleksin XVII əsrdə tikildiyi güman edilir. Hər halda onu əhatə edən divarın tağındakı yazı bundan xəbər verir. Yazıya görə, bina 1663-1664-cü illərdə Əbdül Əzim adlı usta tərəfindən tikilib. Yeri gəlmişkən, “Çilkey şeyxləri”ndə türbənin divarlarında hər hansı yazı, hətta Qurandan sitat və dini simvollar yazmaq adəti yoxuydu, təkcə dəfn edilənin adından ibarət bir məlumat lövhəciyi olurdu – bu istisna hal memarın şöhrətə olan həvəsinin göstəricisiydi.

Amma bu danılmaz sübuta baxmayaraq, “Miras” ictimai təşkilatının əməkdaşı Fariz Xəlili hesab edir ki, türbələr XIV-XV əsrlərdən xeyli əvvələ aiddir. Onun fikrincə, türbə kompleksinin daha detallı araşdırılmasına ehtiyac var, çünki tədqiqat xeyli sürpriz gətirə bilər.

Bu türbələrlə bağlı yerlilərin qorxulu bir əfsanəsi var, mahiyyəti də ondan ibarətdir ki, soyğunçuluqla məşğul olmaq, heyvanları incitmək olmaz. Deyirlər ki, bir dəfə bir nəfər asan qazanc əldə etmək üçün türbələrdən birinə qızıl axtarmaq üçün gedir və təsadüfən orada ilan öldürür. Səhəri gün bir sürü zəhərli ilan öldürülən ilanın qisasını almaq üçün küçələrə, evlərə dolur və yerli sakinləri buradan qaçmağa vadar edir. Ancaq xeyli müddət keçəndən sonra insanlar bura qayıtmağa cəsarət tapır.

Kələxana türbələri yerli əhəmiyyətli memarlıq abidələri sayılsa da, kəndlilərin sözlərinə görə, məmurlar onlara o qədər də diqqət yetirmir.

İlk dəfə kompleksdə hələ sovet dövründə bərpa işləri aparılıb, sonradan bir dəfə də olsun restavrasiya olunmayıb və burada heç bir ciddi qazıntı işləri aparılmayıb.

Facebook Comments

More on JAMnews