Günahkarlar tapılmaya bilər, istintaqın gedişatı haqda isə məlumat verilmir" />

Azərbaycanda səs-küylü cinayətləri necə “unudurlar”?

Günahkarlar tapılmaya bilər, istintaqın gedişatı haqda isə məlumat verilmir

Haqqında söz açacağımız son on ilin qalmaqallı cinayət işləri Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olub. Amma günahkarların cəzalandırılması əvəzinə insanlar hakimiyyətin “istintaqı nəzartdə saxlamaq” vədi ilə kifayətlənməli olublar.

İstintaq müddətində cəmiyyətə hansı məlumat verilib və hansı məlumatlar verilməli idi?

Generalın qətli

11 fevral 2009-cu il

General Rail Rzayev Azərbaycanda böyük hörmətə sahib idi, çünki o, müstəqil Azərbaycan Ordusunun qurucularından biri olmuşdu – Hərbi Hava Qüvvələrinə rəhbərlik edirdi.

Rail Rzayev evinin önündə öz maşınında qətlə yetirilib. Bu qətl hələ də çox sayda sual duğurur. Versiyalardan birinə görə, onun başına arxadan yaxın məsafədən, digər versiyaya görə isə maşının ön şüşəsindən atəş açılıb. Generalın köməkçisi, onun oğlu və həmin gün binada növbə çəkən mühafizəçinin nəyə görə müxtəlif müddətlərə azadlıqdan məhrum edildikləri də aydın deyil. Nəticədə onların heç biri qətldə ittiham olunmayıb.

Mühafizəçi Elşən Eyvazovun vəkili o zaman prosesdə bildirmişdi ki, onun müvəkkilinə həbsxanada işgəncə verərək generalın qətlini boynuna qoymaq istəyiblər. Sonda isə Eyvazov dələduzluq və narkotik saxlamağa görə 3,5 il cəza alıb.

Qətldən dərhal sonra prezident İlham Əliyev bəyan edib ki, bu işi şəxsi nəzarəti altına götürüb. Amma 10 il keçsə də, dövlət strukturlarından bu haqda heç bir şərh və bəyanat verilməyib – nə cinayətin mümkün səbəbləri, nə də şübhəlilər haqda.

Publisistin qətli

23 noyabr 2011-ci il

“Teokratiyaya insanlıq çoxdan yox deyib; bu sayaq mübahisələrə yüzillərdir nöqtə qoyulub.

Çağdaş dünyada teokratik dövlət eybəcər və qorxuncdur.

Şəriət qanunları sivil hüquqla dissonans təşkil edir”.

Rafiq Tağı məqaləsindən olan bu sitata görə öldürülüb – ölümündən əvvəl o özü belə deyib.

Publisist və yazıçı Rafiq Tağı 2011-ci il noyabrın 23-də vəfat edib. Bundan 4 gün əvvəl naməlum şəxslər ona hücum edərək, bıçaqla yaralamışdı. Xəstəxanada Tağı jurnalistlərə bir neçə müsahibə və istintaq orqanlarına ifadə verməyə macal tapıb.

Onun qətlini islamın tənqidi ilə əlaqələndiriblər. O zamana qədər Rafiq Tağı dini ayrıseçkilik yaymaq ittihamı ilə artıq 3 il azadlıqdan məhrum edilmişdi. Qətlindən bir il əvvəl təbrizli ayətullah Murteza Bani Fəzl Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün publisistin qətlinə fətva vermişdi və qəzəbli müsəlmanlar Azərbaycanın İrandakı səfirliyi qarşısında bir neçə mitinq keçirmişdi.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, qatil müşahidə kameralarına yaxalansa da, istintaq bu işi aydınlatmaqda maraqlı deyil, çünki bu, İranla diplomatik əlaqələrə toxuna bilər. Səkkiz il keçib, amma nə bir şübhəli, nə saxlanılan, nə də istintaqın gedişatı haqda hər hansı məlumat yoxudr.

Platformada yanğın

4 dekabr 2015-ci il

SOCAR şirkətinin Günəşli yatağındakı platformasında baş verən yanğın nəticəsində 12 nəfər həlak olub, 18 nəfər itkin düşüb. Güclü külək səbəbilə yanğın ancaq bir həftə sonra söndürülüb.

225.2-ci (ağır nəticələrə gətirib çıxaran yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddəsi ilə cinayət işi qaldırılıb, operativ istintaq qrupu və baş nazir Artur Rəsizadənin rəhbərliyi ilə xüsusi komissiya yaradılıb.

O zamandan bəri heç kim məsuliyyətə cəlb olunmayıb və istintaqın gedişatı ilə bağlı rəsmi bəyanat səslənməyib.

Həlak olanların ailələrinin hər birinə 15 min manat kompensasiya ödənilib.

Üç həftə sonra Bakıda Yeni İl atəşfəşanlıqla qeyd olunub. Vətəndaş cəmiyyəti bundan sarsılsa da, zamanla faciə unudulub.

Gündüz Ağayevin karikaturası

 

Cəsus qalmaqalı

7 may 2017-ci il 

Azərbaycanın güc strukturları hərbçilərdən və mülki şəxslərdən ibarət cəsus şəbəkəsinin ifşa edildiyi haqda birgə bəyanat yayıblar. Həbs olunanlar Tərtər rayonunda “Ermənistan qüvvələri ilə əlbirlikdə” günahlandırılıblar.

Az sonra mediada ittiham olunanlara işgəncə verildiyi və onların çoxunun işgəncə nəticəsində öldüyü haqda məlumatlar getdi. Daha sonra isə onlardan bir neçəsinə ölümündən sonra bəraət verildi. Həlak olanların yaxınları dəfələrlə prezident aparatı qarşısında toplaşaraq bütün bu məsələlərə aydınlıq gətirilməsini tələb ediblər.

Cəmiyyətə istintaq haqda heç bir məlumat verilmədiyi kimi məhkəmə işi də tam qapalı şəraitdə keçirilib.

Məktəblinin intiharı

6 aprel 2019-cu il

14 yaşlı Elina Hacıyeva məktəbdə digər şagirdlər və müəllimlər tərəfindən sıxışdırıldığı üçün özünü pəncərədən ataraq intihar edib. Məktəb direktoru təcili yardım çağırmaq əvəzinə iki saat ərzində qızı öz kabinetində saxlayıb, onu sorğu-suala tutaraq videoya çəkib. O, qıza ailə münasibətləri üzündən özünə qəsd etdiyini dedirtməklə özünün məsuliyyətdən qurtulacağını düşünüb.

Daha sonra Elina xəstəxanaya aparılıb və uşaq iki gün sonra orada vəfat edib. Bu müddət ərzində doğmalarını onun yanına buraxmayıblar.

Prokurorluq “intihar həddinə çatdırma” maddəsi ilə cinayət işi qaldırıb. Direktor, müavini və məktəb psixoloqu işdən azad edilib. Məktəb direktoru Sevinc Abbasovaya qarşı cinayət məcəlləsinin iki maddəsi üzrə – “Səhlənkarlıq” və “Təhlükədə qoymaq, ölümlə nəticələndiyi halda” ittiham irəli sürülüb.

Hazırda o, ev dustaqlığındadır. Məhkəmə iddiaçının direktorun həbs edilməsi haqda vəsatətini rədd edib. “Elina üçün susma” kampaniyasının çoxsaylı tərəfdarları da daha sərt tədbirlərin görülməsini tələb edirdilər, həm də təkcə direktora qarşı yox, həmin vaxt hadisə yerinə gələn yerli icra hakimiyyəti başçısının müavininə, məktəb psixoloquna, sinif rəhbərinə, o cümlədən də uşağın səhhətinə laqeyd münasibət göstərən həkimlərə qarşı.

Aprelin sonundan bəri istintaqın gedişatı haqda heç bir rəsmi açıqlama verilməyib.

 

Qanunla cəmiyyətin hansı informasiyanı almaq hüququ var?

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli:

“2005-ci ildə qəbul edilmiş “İnformasiya almaq hüququ” haqda qanunda dövlət strukturlarına qarşı konkret tələblər əks olunub: onlar məxfi olmadığı təqdirdə fərdi və hüquqi şəxslərdən daxil olan sorğuları cavablandırmalıdırlar.

Amma qanun qəbul ediləndən yeddi il müddətində onun icrası üçün vasitələr yaradılmayıb, daha sonra isə informasiyanın təqdim olunması ombudsmen aparatına tapşırıldı. Amma birincisi, ombudsmenin bu məqsədlər üçün ştatı yoxdur, ikincisi isə, ombudsmen aparatı heç özünün insan haqları ilə bağlı vəzifələrinin öhdəsindən gələ bilmir”.

Ələsgər Məmmədli bildirir ki, dövlət orqanlarının saytlarında informasiya almaq istəyən şəxslər haqda qanunla nəzərdə tutulmayan məlumatlar, məsələn, şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur. Qanuna əsasən, sorğuya yeddi iş günü ərzində cavab verilməlidir, amma bəzən bu proses bir ay sürə bilər.

Ekspert hesab edir ki, informasiyanın “qapalı olması” şayiələrə və dedi-qoduya səbəb olur, dövlət strukturlarına qarşı etibarı sarsıdır. Bununla da onlar məqsədlərinin tam əksi olan effekt əldə edirlər, yəni cəmiyyət xaricdən daxil olan informasiya təsirinə qarşı həssas olur:

“Bütün bunlar dövlət orqanlarına qarşı cəmiyyətdə etimadsızlıq yaradır, bu isə öz növbəsində ölkənin informasiya təhlükəsizliyini təhdid edir”.

Cavabsız sorğular

Qanunun verdiyi hüquqa baxmayaraq, Azərbaycanda dövlət strukturlarının qapalı olmasından ən çox müstəqil jurnalistlər şikayətlənir. 

Jurnalist Ramin Deko hətta bununla bağlı dövlət orqanları ilə məhkəmə çəkişməsinə də girişib. Yerli məhkəmələr bircə dəfə də onun xeyrinə qərar çıxarmayıb və hazırda onun bir neçə işi baxılması üçün Avropa İnsan Haqları Məhkəməsinə yönləndirilib.

AİHM-da hazırda onlarla belə iş var, Xalid Ağaliyev təsdiqləyir. O, həmçinin danışır ki, Media Hüququ İnstitutunun  məlumatına əsasən, dövlət strukturları yalnız 30-40 faiz hallarda qanunda nəzərdə tutulduğu kimi rəsmi saytlarında cəmiyyətlə informasiya bölüşürlər. Və on informasiya sorğusundan yalnız birinə cavab verirlər.


More on JAMnews