Bu on il necə keçdi və xatirələrdə nə qaldı?" />

Avqust müharibəsindən 10 il sonra. Cəbhənin hər iki tərəfində olan iki cavan qadının hekayəsi

Bu on il necə keçdi və xatirələrdə nə qaldı?

2008-ci ilin avqustunda Rusiya və Gürcüstanın iştirak etdiyi Cənubi Osetiya ətrafındakı müharibədən 10 il keçir. Jurnalistlər Tbilisi və Sxinvalidə müharibənin ən çox toxunduğu insanlarla danışıblar. Onlar həyatlarının ən ağır günlərini yada salır, 10 il ərzində necə yaşadıqlarından və gələcəyi necə gördüklərindən danışırlar.

____________

Pikriya Şvelidze, 42 yaşı var, gürcüdür, 2008-ci ilin avqustunda Cənubi Osetiyadakı Kexvi kəndində olan evini tərk edib.

Pikriya Şvelidze, foto ailə albomundandır

“Müharibə? Bu barədə o vaxt heç kim düşünmürdü. Həmin yay biz planlar qururduq, evi biraz təmir edək, uşaqlara pal-paltar alaq. Avqustun 5-də uşaqlarımı Qərbi Gürcüstana anamın yanına göndərdim.

Oğlumun 11, qızımın 3 yaşı var idi. Uşaqlar doğma evimizə qayıtmadılar. Qızım heç xatırlamır, oğlumla mən isə evimizi, küçəmizi, qonşuları yada salırıq. Çox şadam ki, onlar iki gün sonra başımıza gələn dərdi görmədilər.

Artıq avqustun 7-də kəndimizi elə bombalayırdılar ki, qonşuların zirzəmisində gizlənmək məcburiyyətində qaldıq. Hamının üzündə qorxu olsa da, bir birimizə dəstək verməyə çalışırdıq, qonşumuz hətta lətifə də danışmağa cəhd edirdi. Kişilər bizi sakitləşdirirdi ki, iki metrlik dərinlikdəyik və həyatımız üçün təhlükə yoxdur. Biz heç yemək üçün çölə çıxmırdıq. Beləcə iki sutka susuz və qidasız orada qaldıq.

Ətrafda nələrin baş verməsi barədə məlumatsız idik, telefonlar işləmirdi. Avqustun 8-də bizi təyyarələr bombalamağa başladılar. Elə həmin gün gürcü əsgərlər gəlib bizə dəhşəti söylədilər – insanlar buradan qaçır və biz də getməliyik. Mən yalnız onda anladım ki, həyatımız dəyişir və başımıza böyük dərd gəlib.

Biz kəndimizi avqustun 8-də axşam saat 8 radələrində tərk etdik. Bizi öz maşınında qohumumuz çıxartdı. Onda anladım ki, təlaş içində evdən heçnə götürməmişəm. Yalnız biraz sonra çantamda uşaqlarımın şəkillərini tapdım. Heç yadımda deyil onları nə vaxt götürmüşəm.

Biz kəndlərdən keçirdik, orada heçkim qalmamışdı, evlərin qapı-pəncərələri taybatay açıq idi. Biz də maşına doğru qaçarkən evimizin qapısını açıq qoymuşduq, elə bilirdik geri dönəcəyik.

Pikriya uşaqlarla, foto ailə albomundandır

 

Bugün mən qaçqınlar üçün salınmış Karaleti qəsəbəsində yaşayıram (Qori və münaqişə zonası yaxınlığında – JAMnews). Uşaqlar böyüyüb, ancaq o qədər ehtiyacları var ki.

Bütün bu illər yeni reallığa uyğunlaşmaqla keçib. Ən dəhşətlisi ilk iki-üç il idi. Elə bil özgə evdə yaşayırdım, ev üçün yeni heçnə almaq istəmirdim, elə hey düşünürdüm ki, burada müvəqqətiyik, yenisini niyə alım? Sonra anlamağa başladım ki, belə boş gözlənti ilə bütün ömür keçə bilər.

 

İndi biz həyat yoldaşımla həyatımızı nizamlamağa çalışır, uşaqlara təhsil vermək istəyirik. Böyük övladımız artıq universitetin üçüncü kursunda oxuyur, bizə kömək etməyə çalışır, paralel olaraq işləyir. Evi genişləndirmək istəyirik, axı kottecdə 4 nəfər yaşayırıq. Ola bilsin gələn yay bir otaq əlavə tikə bildik. Ancaq Kexvidəki kimi evimiz heçvaxt olmayacaq. Çox böyük idi, iki ailəyə çatardı. Bağımız da böyük idi, oradan yığdığımız məhsulla da dolanırdıq. Ancaq evimiz atıq yoxdur, mən bu barədə müharibədən biraz sonra xəbər tutdum. Evimiz yanıb. Mən hətta internetdə şəkilləri də görmüşəm. Bütün ümidlərim puç oldu. Hərdən mənə elə gəlir ki, bütün bunlar mənim başıma gəlməyib.

2008-ci il avqust müharibəsindən sonra Cənubi Osetiyadan məcburi köçkün düşən gürcülər üçün salınan Verxvebi qəsəbəsi. Avqust 2018. Foto: David Pipiya, JAMnews

Ərim ikinci qrup əlildir, pensiya alır, üstəlik qaçqınlar üçün müavinət. Üst-üstə 400 lari etmir. Müharibə bütün həyatımızı alt-üst etdi. Bunu heçkimə arzulamaram. Qəlbimin dibində yenə də ümid var ki, nə vaxtsa böyüyüb boya-başa çatdığım, həyatımın böyük hissəsini yaşadığım evimizə qayıdacam. Bilirəm ki evim yanıb, ancaq həyət-baca ki qalır. Onu yandırmaq olmaz axı.

Kəndimizdə mayın 20-də ümumi bayram olurdu. Kexvi kəndinin bayramı. Çox şən keçirdi, bütün qonşular bir yerə toplaşırdılar. Bəlkə bu bayramı indi o kənddə yaşayan başqaları qeyd edir?”

________

Anjela Quçmazova, 39 yaşı var, osetindir. Cənubi Osetiyanın Sarabuk kəndində yaşayır. 

Anjela Quçmazova və anası Zareta Kokoyeva. Foto: Qana Yanovskaya, JAMnews

“Bizim kəndimiz 2008-ci ilin avqustunun dəhşətli hadisələrinə bir ay qalmış atəş meydanına çevrildi. Nəticədə mən anamı atəş altında qoyub bir yaşlı oğumu və 4 kiçik bacım qızlarımə götürüb Şimali Osetiyaya qaçmaq məcburiyyətində qaldım”.

Anjela Quçmazova danışır ki, onun doğma kəndi Sarabuku fərqləndirən cəhət Sxinval rayonunda digər kəndlərdən hündürdə yerləşməsidir. Bu səbəbdən gürcü-osetin münaqişəsinin ən qızğın anlarında burada sülhyaratma qüvvələri yerləşmişdi. 2008-ci il müharibəsində burada osetin könüllülərinin taboru var idi, ona görə də kənd çox bombalanırdı. İyunun 15-dən sonra eyvanda çay içmək kimi ailə ənənəsinə son verilmişdi. Gecə dəhşətli atışma başladı.

“Hamımız yatmışdıq. Mən, oğlum, 4 bacım uşağı və anam. Güllələrdən biri çarpayımın üstündən divara girdi. O güllə indi də oradadır. Hamıya dedim ki, heç bir təlaşsız çarpayıdan döşəməyə ensinlər. Uşaqlardan biri məni dinləmədi, bütün otaqboyu qaçaraq gəlib məni qucaqladı” – deyə Anjela danışır.

Atəş sonrakı günlər də davam etdi.

“Avqustun 3-də qadınların və uşaqların köçürülməsinə başlanıldı. Mən anlayırdım ki, bu qədər uşaqla Sarabukda qalmaq təhlükəlidir. Qonşudan xahiş etdim ki, səhər tezdən bizi Rusiya gömrük məntəqəsinə aparsın, orada bizi bacımın yoldaşı, həmin uşaqların atası qarşılayacaq. Avqustun 6-da biz köhnə dağlıq yollarla kəndi tərk etdik. Gürcü kəndi olan Vanatdan keçdik, qorxulu idi, ancaq başqa yolumuz yox idi. Haradan keçirdik, evlər boş idi, həyətlərdə çoxlu sayda heyvanlar – itlər, donuzlar, inəklər qalmışdı. Yolda qarşımıza bir osetin ailəsi çıxdı. Bizi saxlatdılar, yalvarırdılar ki, onları da götürək. Ancaq bizim kiçik maşınımız tavanadək tam dolu idi”.

Cənubi Osetiyada Anjelanın qardaşı və anası qalıb.

“Anam dedi ki, heç yerə gedən deyil. Qalıb evini qoruyacaq. Sonra heç bir əlaqəmiz olmadı. Yalnız qardaşım sms yazdı ki, Sxinvalda zirzəmidədirlər, sağdırlar. Vəssəlam”.

Anjelanın anası, 73 yaşlı Zareta Kokoyeva danışır:

“Avqustun 7-dən 8-ə keçən gecə qardaşım gildəydik. Onun evi aşağıdadır, düşünürdük ki, orada təhlükəsiz olar. Düz evimizin qarşısına mərmi düşdü. Gördüm ki, dalğa evin giriş qapısını yerindən çıxartdı. Mən inersiya ilə qapıya tərəf qaçdım ki, onu yerinə bərpa edim. Qardaşım da arxamca qaçdı. Bu an kəndimizə Eredvi kəndi tərəfdən gürcü tankları və əsgərləri daxil olmağa başladı. Hamı qışqırırdı ki, gizlənmək lazımdır. Biz qapını yerə qoyub zirzəmiyə qaçdıq – mən, qardaşım və onun həyat yoldaşı. Gürcü əsgərlər biz orada tapdılar. Biz üçümüz də gürcü dilini yaxşı bilirik, əllərimizi göyə qaldırıb dedik ki, silahsızıq. Gürcü əsgərlər bildirdilər ki, osetin döyüşçülərini axtarırlar. Cavab verdik ki, burada döyüşçü yoxdur. Onlar bizi buraxdılar”.

Xoşbəxtlikdən həmin müharibədə bu ailədən heç kim vəfat etməyib. Ancaq tanışlar və uzaq qohumlar ölüblər.

Anjela Quçmazovanın oğlu Stas. Foto: Qana Yanovskaya, JAMnews

 

“Biz anamla bütün bu illəri öz gücümüzlə yaşayırıq. O, pensiya alır. Mən maaş. Yavaş-yavaş evimizi bərpa edirik. Biz qadınlar özümüz yaşayırıq.

Oğlumun 11 yaşı var, ərim yoxdur, atam dünyasını dəyişib. Hərdən atamın fotoşəklinə yaxınlaşıb onunla söhbət edirəm. Ancaq bu yaxınlarda anam atamın şəklini yığışdırdı, onun xoşu gəlmir ki, atam həmişə bizə baxır. Anam deyir dəfndən sonra evdə böyük portret saxlamaq olmaz. Anamla buna görə bir-birimizdən küsürük” – Anjela danışır.

Müharibədən 7 il sonra Sarabuk kəndinə it gəlib. Anjela hesab edir ki, bu it qonşu Vanat kəndindəndir. Müharibəyədək orada osetinlərlə gürcülər yaşayırdı.

“Gürcü ailələri müharibə başlamadan əvvəl evakuasiya etdilər. Görünür bu it yaddan çıxıb və bütün bu müddət ərzində sahiblərini gözləyib. Bura gələndə çox pis vəziyyətdə idi, düşündük ki, ölür. Ancaq biz onu bəslədik və adını Pompora qoyduq. O vaxtdan hər il bir bala doğub. Qonşular bu balaları götürürlər, hesab edirlər ki, onlar firavanlıq və uğur gətirir”.

Dərc olunan materialdakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materiallara yazılan, təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə və ya başqa səbəblərdən etnik narazılıq doğura bilən şərhləri silmək haqqını özündə saxlayır
Facebook Comments

More on JAMnews