Abxaziyada bu gün baş verənlər və yerli sakinlərdən qısa sorğu" />

Abxaziyada gürcü-abxaz müharibəsinin bitməsinin 25 illiyi Qələbə Günü kimi qeyd olunur

Abxaziyada bu gün baş verənlər və yerli sakinlərdən qısa sorğu

Gürcü-abxaz müharibəsinin bitməsinin 25 illiyi Abxaziyada vətən müharibəsində abxaz xalqının Qələbə Günü, həm də yubiley kimi qeyd olunur.

Abxaziyada silahlı münaqişə 1992-ci il avqustun 14-də başlayıb, 13 ay və 13 gün davam edib, 1993-cü il sentyabrın 27 –də abxaz və Şimali Qafqaz silahlı qüvvələrinə qarşı Gürcüstan qoşunlarının qələbəsi ilə başa çatıb. Bəzi məlumatlara görə, hər iki tərəfdən 13 min insan həlak olub, böyük hissəsi etnik gürcülərdən ibarət 300 min nəfərə yaxın insan qaçqın düşüb.

 

2008-ci ildə, avqust müharibəsindın sonra Rusiya hökuməti Abxaziyanı müstəqil dövlət kimi tanıyıb. Gürcüstan hökuməti isə bunun cavabında həmin ərazini rəsmən işğal olunmuş elaan edib.

Həmçinin oxuyun: Gürcü-abxaz müharibəsinin bitməsindən 25 il keçir. Gürcüstanda 27 sentyabr Suxuminin işğal günü kimi qeyd olunur

Abxaziyada qələbənin 25 illiyi təntənə ilə qeyd olunur: hərbi parad, “Ölümsüz Alay” aksiyası və üzərində birinci Abxaziya prezidenti Vladislav Ardzinbanın şəkli olan ilk Abxaziya pul əskinasının dövriyyəyə buraxılması.

Respublikada rəsmi bayram günü sentyabrın 30-u hesab olunur. Bu gün 1993-cü ildə abxaz qoşunlarının İnqur çayı ilə Gürcüstan sərhədinə çıxdığı gündür.

Amma illərlə formalaşmış ənənəyə görə, Abxaziyada bayramlar üç gün əvvəldən – sentyabrın 27-dən başlayır. Bu gün xatirə günləri sırasında Suxumun Azad edilməsi Günü hesab edilir.

Hər il Qələbə Günü və müstəqillik münasibətilə keçirilən tədbirlər gürcü-abxaz müharibəsində həlak olanların xatirə memorialları önünə gül çələngləri qoymaqla başlayır. Belə abidələr Abxaziyanın demək olar ki, bütün yaşayış məntəqələrində mövcuddur.

Suxumdakı memorialın üzərinə 1992-1993-cü illərdə həlak olmuş bütün dörd min əsgərin adı yazılıb.

Abxaziyada müharibədə ziyan çəkməyən və yaxınlarından kimi isə itirməyən bircə dənə də olsun abxaz ailəsi yoxdur. Bu il ilk dəfə “Ölümsüz Alay” aksiyası da keçirilir. İstənilən adam yürüşə qoşula və müharibədə həlak olan, ya da aldığı yaradan və ya xəstəlikdən daha sonra dünyasını dəyişən doğmasının şəklini əlində tutaraq küçələri addımlaya bilər.    

Sentyabrın 30-u Suxumda Azadlıq meydanında hərbi parad keçiriləcək və orada həm müntəzəm qoşun, həm də müharibə veteranları iştirak edəcək.

Abxaziya Milli Bankı yubiley gününə həsr olunmuş ilk 500 apsarlıq (təxminən 75 dollar) abxaz pul əskinasını dövriyyəyə buraxıb. Əskinasın üzərində abxazlar üçün müharibədə qələbə rəmzinə çevrilmiş ilk Abxaziya prezidenti Vladislav Ardzinbanın şəkli əks olunub.

İlk abxaz pul əskinası

Abxaziya sakinləri JAMnews-un üç sualına cavab verib

Birinci sual: Abxaziyada nəyi və niyə hər şeydən çox sevirəm?

Yeva 28 yaş: “Abxaziyada hər şeydən çox o xoşuma gəlir ki, bura mənim evimdir. Burada doğmalarım, ailəm yaşayır. Mən ölkəmin tarixini bilirəm və fəxr edirəm. Biz böyük itkilər vermişik, amma azadlıq və müstəqillik qazanmışıq”.

Sariya, 32 yaş: “Abxaziyada ən çox təbiəti sevirəm. Bizdə qış olmur, qızmar yaydan mülayim payıza, sonra da bahara keçirik. Abxaziya ilk növbədə gözəllikdir”.

Daur 35 yaş: “Ölkəmi azadlığına görə sevirəm. Əcdadlarımızın qazandığı, bizim tədricən övladlarımıza ötürdüyümüz azadlığı. Bu azadlıq hissi insanın başına gələ biləcək ən dəyərli şeydir. Hələ mənim atam, babam heç vaxt inanmazdılar ki, Abxaziya bu cür ola bilər”.

İkinci sual: Abxaziyada ən çox nə xoşuma gəlmir?

Yeva, 28 yaş: “Xoşuma gəlmir ki, uzun illər ərzində hakimiyyətə insani keyfiyyətlərə və vətənpərvərliyə sahib olan əsl peşəkarlar gələ bilməyib. Bacarıqlı insanlar vardı, amma bu onlara yenə də korrupsiya sxemləri çərçivəsində hərəkət etməyə mane olmurdu”.

Sariya, 32 yaş: “Ən çox kobudluq xoşuma gəlmir. Bir-birimizə və qonaqlarımıza qarşı hörmətsizliyi nəzərdə tuturam. Nəyə görəsə çox vaxt bizim insanları qəzəbli, aqressiv görürəm”.

Daur, 35 yaş: “Abxaziyadakı hərcmərclik xoşuma gəlmir. Bu hər yanda mövcuddur – məmurlarımızın beyinlərindən tutmuş məktəb proqramlarına qədər. Hər şeyi elə bil ki, qəsdən pis eləyirlər. Bəzən elə şeyi pis eləyirlər ki, bunu pis eləmək prinsipcə mümkün deyil. Bu hərcmərclik hissinin sonu yoxdur. Heç kim heç nəyə görə cavabdeh deyil, amma hər kəs nədənsə narazıdır”.

Üçüncü sual: Hakimiyyət ilk növbədə nə etməlidir?

Yeva, 28 yaş: “İlk növbədə hakimiyyət infrastrukturu qaydaya salmalıdır. Müharibədən sonra 25 il keçib, Suxumun mərkəzində isə indiyə qədər dağılmış yollar, evlər qalmaqdadır. Digər şəhərləri daha demirəm”.

Sariya, 32 yaş: “Hakimiyyət, nəhayət, bizim təhlükəsizliyimizi və rahatlığımızı təmin etməlidir. Bu, güc strukturlarına, yaşayış təsərrüfatlarına və sosial məsələlərə görə cavabdeh olanlara da aiddir”.

Daur, 35 yaş: “Hakimiyyətin eləməli olduğu ən əsas şey qanunları kağızdan həyata keçirməkdir. Birincisi, qanuna əməl olunmalıdır. İkincisi, qanun qarşısında hamı bərabər olmalıdır. Üçüncüsü, dövlət bütövlükdə, dövlət olaraq özünə etibar qazanmalıdır, daha ayrı-ayrı şəxslər və şüarlar qismində yox”.

FOTO VƏ VİDEO: DMİTRİ STATEYNOV

Məqalədəki termin, toponim, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.

More on JAMnews