Çoxları hətta məhkəmədən sonra da öz evlərini qaytara bilmir. Gürcülərin sorğularına isə tezliklə ümumiyyətlə baxmayacaqlar " />

Abxaziya: mənzillər “hərbi qənimət” kimi – onları sahiblərinə qaytaracaqlarmı

Çoxları hətta məhkəmədən sonra da öz evlərini qaytara bilmir. Gürcülərin sorğularına isə tezliklə ümumiyyətlə baxmayacaqlar

Xarlampi Politidisin 79 yaşı var. Abxaziyada anadan olub, milliyyətcə yunandır. Artıq uzun illərdir ki, Abxaziya məhkəməsinin qərarı ilə ona məxsus olan Suxumdakı mənzilini özünə qaytarmaq hüququ uğrunda uğursuz mübarizə aparır. 

O, artıq Rusiya və Abxaziyanın demək olar ki, bütün instansiyalarını keçib və nə vaxtsa evinə qayıdacağına hələ də ümid edir. 

1990-cı illərin əvvəllərində Gürcüstan-Abxaziya müharibəsindən sonra Abxaziyada tutulan “qənimət” evlərin qaytarılması problemi hələ də həll olumayıb. 

Artıq iyirmi beş ildir ki, bu mövzu vaxtaşırı olaraq mediada işıqlandırılır, çünki daşınmaz əmlakın qaytarılması ilə bağlı məhkəmə prosesləri hələ də keçirilir. 

Amma hələlik az adam öz əmlakını qaytara bilib.

Çox vaxt müharibədən sonra tutulmuş və yenidən qeydiyyatdan keçirilmiş ev və mənzilləri məhkəmə qərarlarına baxmayaraq, heç kim qaytarmaq istəmir.  

Xarlampi Politidisin başına gələnlər daşınmaz əmlakı müharibədən sonrakı dövrdə əvvəlcə ələ keçirilən, sonra məhkəmə qərarı ilə qaytarılan, amma hələ də sahibinə verilməyən bir çox Abxaziya sakinlərinin başına gəlib. 

Abxaziya-Gürcüstan, ayrılma xətti: müharibədən sonrakı 25 il 

• Gürcüstanda iki qat qaçqınlar üçün qəribə məkan

• Gürcüstanda iki qat qaçqınlar üçün qəribə məkan

Politidis 1991-ci ilə qədər Abxaziyada yaşayıb, sonra onu Moskvaya təyinatı üzrə göndəriblər. Sonra da müharibə başlayıb və o, artıq Abxaziyadakı mənzilinə qayıda bilməyib – evi tutublar. 

Mənzilin yeni sahibi isə “maxinasiya yolu ilə” mənzili dəyişib, keçmiş sahibi danışır. 

“2005-ci ildə məhkəmə qərarı ilə mənzil hüquqi yolla mənə qaytarılıb, bundan sonra da onun qaytarılması ilə bağlı uzun uğursuz mübarizə başlayıb, amma heç bir nəticə verməyib – hətta onu filan müddətə qədər qaytarılacağı ilə bağlı çoxsaylı, o cümlədən yazılı vədlərə baxmayaraq”, – Politidis deyir. 

Bundan əlavə, 2010-cu ildə başqa bir “məhkəmə qərarı” çıxarılır, burada da deyilir ki, ev sahibi 1992-ci  ildə “qeyri-müəyyən istiqamətdə buranı tərk etdiyi üçün” mənzil yiyəsiz qalıb və başqa adama verilib, o da indiyə qədər orada qalır.  

Beləliklə də Politidisin mənzili bu illər ərzində bir neçə “qanuni” sahib dəyişib. 

İndi Xarlampiy Yunanıstanda qızının yanında qalır, xərçəngdən müalicə alır. Ümid edir ki, əlindən alınmış evini qaytara biləcək. 

Suxum, iyul 2019-cu il. Foto: JAMnews

Zəbt, təhdidlər və hakimiyyətin susqunluğu

Yelena Qalitskayanın 56 yaşı var. Ailəsi 1966-cı ildən Abxaziyada yaşayıb. Uzun illərdir ki, Yelena valideynlərinin Pitsundadakı mənzilini qaytarmağa çalışır, mənzil 1994-cü ildə anası qızına ağır doğuşdan sonra kömək etmək üçün Rostova iki il müddətinə gedəndən sonra tutulub. Qadın təxminən səkkiz il yaşamadığı mənzilin kommunal xidmətlərini ödəyib – köhnə xidməti mənzilə köçməli olur.  

“1996-cı ildə Pitsundaya qayıdandan sonra anam mənzilimizin tutulduğunu öyrənir. Adam yanğınsöndürən maşının köməyilə pəncərədən evə girir, giriş qapısını açır və ailəsi ilə ora köçür. Bunu bizə qonşularımız danışıb, amma rəsmi ifadə verməkdən çəkiniblər. Anam milis və administrasiyaya müraciət edib. Amma məmurlar məsələni araşdırmaqdan və hətta müraciəti qeydiyyata almaqdan imtina ediblər”. 

Hakimiyyət nümayəndələri Yelenanın anasına deyiblər ki, onun “problemlərinə baş qoşmağa vaxtları yoxdur” və heç nə edə bilməzlər. 

Mənzili zəbt edən isə Yelenanın anasına təhdid etməyə başlayıb. Bir dəfə naməlum adamlar onu maşınla söhbətə aparıb. Nəticədə onlar hakimiyyətə kömək üçün müraciət etməkdən boyun qaçırıblar.  

2016-cı ildə atası dünyasını dəyişəndən sonra Yelena Qalitskaya və bacısı Olqa mənzilin sahibi olur və mənzili öz adlarına qeydiyyata almağa çalışırlar. Pitsundanın yerli administrasiyası isə əvvəlcə müxtəlif bəhanələrlə kommunal borc haqqında arayış vermir ki, bunsuz mənzili qeydiyyata almaq mümkün deyil. Sonra da Yelena ilə mənzili zəbt edənin oğlu arasında görüş təşkil edir ki, bu yolla qeyri-rəsmi şəkildə məsələ həll olunsun. 

Suxum, iyul 2019-cu il. Foto: JAMnews

Görüşə mənzili zəbt edənin oğlu administrasiyanın hüquqşünası ilə gəlir. Hər ikisi bildirir ki, Yelenanın atası “gürcülərlə əlbir və onların casusu olub”, mənzili isə özü verib, orada da bir vaxtlar çeçen könüllüləri yaşayıb. Sonra da mənzili zəbt edənin sözlərinə görə, mənzil yararsız hala düşüb – qapı-pəncərəsi olmayıb, guya o, mənzili təmir etdirib, sonra da qanuni şəkildə orada yaşayıb. Yəni mənzilin “sahibi” qəti şəkildə onu qaytarmaqdan imtina edib.   

Nəticədə Yelena hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etməli olub. 

“Gürcülər üçün” qanun 

“Hazırda Abxaziya Respublikasının İctimai Palatasına eyni problemlərlə üzləşən insanlardan yüzdən çox ərizə daxil olub. 

Onlardan təxminən əllisi 1992-1993-cü illərdə Abxaziyaya qarşı vuruşan Gürcüstan vətəndaşlarının qohumlarındandır”, – İctimai Palatanın (Abxaziya prezidenti yanında konsultativ orqan) mənzil məsələləri üzrə komissiya sədri Daniil Ubiriya deyir. 

O deyib ki, qohumlar Abxaziyanın müharibədən sonra qəbul olunan və onlara öz daşınmaz əmlakını qaytarmağı qadağan etməyən qanununa istinad edirlər. 

Hamısı respublikadan kənarda yaşayır. 

Mülkiyyət hüququ qadağası ancaq “AR-nın müstəqilliyi və dövlət suverenliyinə qarşı mübarizə aparmış, Abxaziyaya qarşı hərbi əməliyyatlarda iştirak etmiş və ya işğalçı qoşunlara dəstək vermiş” vətəndaşlara şamil edilir, -qanunda deyilir. Bu, qohumlara aid deyil.  

“Yəni qanunla onların bu mülkiyyətə hüququ var. Amma burada çətinliklər var. 

Abxaziyaya qarşı vuruşan və respublikanı tərk edənlərin mənzilləri bizim vətəndaşlarımız arasında paylanıb. Müharibədən sonra məhkəmələr Gürcüstan vətədaşlarının iddialarını qəbul etməyib, amma bu yaxınlarda bir neçə işə baxıblar. Qərarlar iddiaçıların əleyhinə çıxarılıb”, – Daniil Ubiriya deyir.  

Adətən bütün iddiaçılar Rusiya və ya Gürcüstanda yaşayır, orada da lazımi sənədləri tərtib edirlər – varislik barədə, etibarnamə.

“Amma Abxaziyada alınmayan sənədlər bizdə işləmir. Bununla bağlı sərəncam hələ birinci prezident Vladislav Ardzinba tərəfindən imzalanıb”, – komissiya sədri əlavə edir. 

Suxum, iyul 2019-cu il. Foto: JAMnews

Ubiriya danışır ki, bir dəfə əri Abxaziyada vuruşmuş Gürcüstan sakini yoldaşının olüm sənədlərini gətirərək, ona evinin qaytarılmasında kömək etməyi xahiş edib. 

“Deyir ki, bu, mənim mülkiyyətimdir. Siz məni nədə ittiham edirsiz? Biz dərhal həmin adam haqqında Tbilisiyə sorğu göndərdik. Məlum oldu ki, adam sağ-salamatdır. Beləliklə də əvvəldən nəzərdə tutulmayan risklər üzə çıxdı”, – o deyir. 

Məhz bu hallar üçün bir neçə ay əvvəl Abxaziya parlamenti hələlik ilk oxunuşda mülkiyyəti idarə etmək haqqında qanuna düzəlişlər qəbul etdi, bu düzəlişlər təkcə Gürcüstan tərəfində döyüşənlərə deyil, həm də onların bütün qohumlarına mülkiyyətin qaytarılmasını qadağan edəcək. Yəni varislər mülkiyyəti özlərinə qaytara bilməyəcəklər. 

“Burada biz milliyyət məsələsini ortaya qoymuruq”, – düzəlişlərin təşəbbüskarlarından biri, parlament deputatı Raul Lolua deyir. – “Söhbət Abxaziyanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı vuruşmuş və vuruşanlardan gedir. Əlbəttə, bu, əsasən gürcülərə aiddir. Əslində bu, 90%-dən çoxdur, amma qanunda milliyyət qeyd olunmur”, – deyə o, vurğulayır. 

Bu zaman onun sözlərinə görə, hətta qanunla qoyulmuş qadağalar gürcülərə aid olmasa belə, onlara mülkiyyəti qaytarmaq daha çətin olacaq. 

“Gürcülərin evləri bu və ya başqa şəkildə paylanıb, boş ev və ya mənzil demək olar ki, qalmayıb. Hətta adam öz mirası dalınca gəlsə də, problemlərlə üzləşir”, – Lolua deyir. 

Evdə heç kim qalmırsa və əmlak heç kimin adına keçməyibsə, problem həll olunandır, Lolua hesab edir. Amma belə evlər və ya mənzillər varmı – bu, başqa məsələdir. 

Daşınmaz əmlak kadastrının olmadığı bir halda buna cavab vermək çətindir. Amma hər məsələni ayrıca nəzərdən keçirmək lazımdır, çünki 20 il sonra Abxaziyaya qayıdan və evlərini qaytarmaq istəyən adamlar var.  

“Bu vaxta qədər daşınmaz əmlaka aid, o cümlədən köhnə işlərlə bağlı artıq çox sayda qanun qəbul edilib. Adamlar mənzilə görə pul, vergi ödəməyiblər. Yəni onlar heç bir şəkildə özlərinin mövcudluğunu təsdiq etməyiblər. Adam gedib. Xəbər yoxdur, ölüb ya sağdır. Bunu da nəzərə almaq lazımdır”, — Raul Lolua deyir. 

Çoxsaylı cəhdlərə baxmayaraq, Abxaziya hakimiyyətinə evlərinin qaytarılması ilə bağlı müraciət edən etnik gürcülərlə əlaqə saxlamaq mümkün olmayıb. 

Suxum, iyul 2019-cu il. Foto: JAMnews

“Artıq itirəcəyimiz bir şey yoxdur”

Evlərin mülkiyətçilərə qaytarılması məsələləri ilə məşğul olan hüquqşünas Valentina Korniyenko əmindir ki, problem təkcə qanunlara riayət olunmamasında deyil, həm də titulsuz millətin nümayəndələrinə, o cümlədən, Abxaziyada yaşayan ruslara qarşı münasibətdədir.  

“Qanunlar var, amma ruslara münasibətdə işləmirlər. Biz evi ancaq onun sayəsində qaytara bildik ki, mən burada doğulmuşam, qardaşlarım isə müharibəni keçib, Abxaziya Qəhrəmanıdırlar. Proseslərin özü isə çox çətindir, illərlə uzanır. Kimsə öz evini və ya mənzilini qaytara bilir, kiməsə kompensasiya kimi başqa yerdə ev verirlər. Amma istənilən halda bütün işlərdə uduruq”, — o deyir. 

Valentina bildirir ki, 44 halda evin qaytarılmasında kömək edə bilib. 

Stanislav Belousov bəxti gətirənlərdəndir. 2016-cı ildə o, Valentina Korniyenkoya Suxumda həyasızca ələ keçirilən mənzilinin qaytarılmasında kömək etmək xahişi ilə müraciət edir – adamlar pəncərədən onun evinə soxulur, təhdidlərlə psixiatriya xəstəxanasına aparıb, yarım il orada saxlanmasına nail olurlar. Oradan təsadüf sayəsində çıxa bilib.   

“Onlar ondan psixi xəstə düzəltmək istəyirdilər ki, sonra da mənzilini əlindən alsınlar”, – Korniyenko deyir. – “Bir dəfə xəstəxanada o, tanışına rast gəlir və bu hadisəni danışır. Tanışı mənə müraciət edir, mən milisə gedib bildirdim ki, qanunla adamı qohumlarının razılığı olmadan xəstəxanaya yerləşdirmək olmaz. Stanislavı dərhal buraxdılar, indi də rahat yaşayır”, – Korniyenko deyir.  

Suxum, iyul 2019-cu il. Foto: JAMnews

Yelena Qalitskayanın ailəsi hələ də ədalətə nail ola bilmir. O, bütün instansiyalara müraciət edib, amma “çox yuxarı səviyyədə” iddiaçılara deyiblər ki, işin məhkəmədə qanuni baxılmasını təmin etmək çətin olacaq və hətta müsbət məhkəmə qərarı olduğu halda çox güman ki, onlar mənzili qaytara bilməyəcəklər.

Elə də alındı — məhkəmələr iddiaların qanunla müəyyən olunmuş müddətdə qəbulu və onların baxılmasından imtina edirdi. “Qaqra məhkəməsində on üç dəfə iclas təyin olunub, biz Rostovdan gəlirdik, vəkilimiz Suxumdandır, amma əksər vaxtlarda iclaslar təxirə salınırdı. Bundan başqa, biz evi ələ keçirən tərəfindən məhkəmədə verilmiş və qanunsuz qərarın irəli sürülməsinə xidmət edən saxta ifadə və sübutlarla bağlı da cinayət işi açmağa çalışırıq. Axıra qədər də mübarizə aparacağıq. Daha itirəcəyimiz bir şey yoxdur. Bu, bizim mənzilimizdir”,  — Yelena deyir.  

Onun sözlərinə görə, ailənin mənzili qaytarmaqla məşğul olduğu bu müddət ərzində onlara mənzili ələ keçirənlərdən təhdidlər gəlir, məhkəmələr isə təxirə salınır. 

Təhdidlər Yelenanın prokurorluğa şikayətindən sonra kəsilib, prokurorluq təhdidçiləri dindirib, amma cinayət tərkibi tapmayıb. Məhkəmə çəkişmələrinin isə hələ sonu görünmür. 

Ali Məhkəmənin son iclası iyulda baş tutmalı idi. Yelena yoldaşı ilə Abxaziyaya gəldi, onlara dedilər ki, iclas avqustun axırlarına təxirə salınıb. 

Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews və ya ayrı-ayrı əməkdaşlarının fikir və ya ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılmış təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır

None found


More on JAMnews