Ermənistanda koronavirusa görə fövqəladə vəziyyət elan olunub
Koronavirus epidemiyası ilə bağlı Ermənistanda fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət 2020-ci il aprelin 14-ə qədər qüvvədə olacaq.
• Koronavirus: pandemiya elan edilib. Bu nə deməkdir və nə gözləmək lazımdır?
• Qafqazda koronavirus epidemiyası: region üzrə faktlar və rəqəmlər. Yenilənir
Əcnəbilərin ölkəyə girişinin qadağan edilməsi mübahisə mövzusu olub
XİN rəhbəri Zohrab Mnatsakanyan ölkə vətəndaşlarından başqa haradan gəlməsindən asılı olmayaraq hər kəsin Ermənistana girişinə qadağa qoyulmasını təklif edib.
Səhiyyə naziri Arsen Torosyan buna qarşı çıxış edib. Onun fikrincə, hava əlaqəsinə tam qadağa yükdaşımaları iflic edə bilər, bu isə səhiyyə üçün təhlükəlidir.
“O zaman Çindən elə həmin testlər necə gətiriləcək? Dənizlə, sonra isə maşınla? Bizim tamam qapanmağımıza qarşı deyiləm, amma bizim bunun üçün potensialımız yoxdur”, – Torosyan deyib.
Uzun mübahisələrdən sonra baş prokuror Artur Davtyanın təklifi yekdilliklə qəbul edilib: girişi tam bağlamaq, amma istisnaları nəzərə almaq. Hər konkret hal zamanı qərarı komendant qəbul edəcək. Komendant olaraq isə baş nazirin müavini Tiqran Avinyan təyin edilib.
Hansı qadağalar qəbul edilib?
• Bütün uşaq bağçalarında və təhsil müəssisələrində tədris dayandırılıb.
• Bütün kafe, restoran və ticarət mərkəzləri bağlanmalıdır.
• 20 nəfərdən çox insanın iştirak etdiyi bütün toplantılar, o cümlədən də dini ayinlər qadağan edilib. İstisnalar yalnız komendant tərəfindən müəyyən edilə bilər.
• Hərbi hissələrə və həbsxanalara bağlamaların ötürülməsi qadağan edilib.
• Ölkədən mal ixracı üçün əlavə olaraq səhiyyə və iqtisadiyyat nazirlərinin razılığı əldə olunmalıdır.
• Koronavirusla bağlı vəziyyətin təhlükəli olduğu ölkələrdən gələnlər üçün ölkəyə giriş tam bağlıdır, Ermənistan vətəndaşları və vətəndaşlığından asılı olmayaraq onların ailə üzvləri istisna olmaqla.
• Ermənistan vətəndaşları ölkəni quru yolla tərk edə bilməz.
• Fövqəladə hal rejimini təmin etmək üçün həkimlərin insanları müayinə edəcəyi buraxılış məntəqələri qurula bilər. Yerli mediaya yalnız rəsmi informasiyanı yaymağa icazə verilir və panikaya səbəb ola biləcək xəbərlərin dərci qadağan olunur.
Kilsədə dua camaat üçün qapalı olacaq
Martın 16-da Ermənistan Apostol Kilsəsi də koronavirusun yayılması ilə bağlı qərar qəbul edib.
Fövqəladə vəziyyət zamanı bütün kilsə mərasimləri inanclıların iştirakı olmadan keçiriləcək – kilsənin yaydığı məlumatda deyilir.
Ermənistan və Rusiya arasında hava əlaqəsi dayandırılıb
Hələ fövqəladə hal rejimi təsdiqlənənə qədər Ermənistan və Rusiya arasında iki həftə ərzində sərnişin daşınması dayandırılıb. Bu haqda iki ölkənin baş nazirləri Nikol Paşinyan və Mixail Mişustin telefon danışı zamanı razılığa gəliblər.
Rusiya və Ermənistan vətəndaşları vətənlərinə qayıda biləcəklər.
Hərbçilərin məzuniyyətləri və tərxis olunması qadağan edilib
Müdafiə Nazirliyi belə qərar qəbul edilib.
Ermənistanda koronavirus statistikası
Martın 16-a qədər Ermənistanda 52 koronavirusa yoluxma halı qeydə alınıb. Bir nəfər sağalıb.
19 halda yoluxma az əvvəl İtaliyada səfərdə olmuş bir qadın üzündən baş verib. Yüksək temperatur və digər xəstəlik əlamətlərinə baxmayaraq, o, bir neçə kütləvi tədbirdə, o cümlədən də nişan mərasimində iştirak edib.
Nəticədə onlarla insan karantin altına alınıb, yoluxanlardan biri isə məktəblidir.