İslamçıların ən çox nifrət elədikləri və qovduqları xalqın nümayəndələri necə yaşayırlar " />

Yezidlər kimdir və onlar niyə İŞİD-dən qurtulmaq üçün Cənubi Qafqaza qaçırlar?

İslamçıların ən çox nifrət elədikləri və qovduqları xalqın nümayəndələri necə yaşayırlar

Mətn, foto və video JAMnews-un Ukrayna teleşirkəti Qromadskoyedən olan tərəfdaşları tərəfindən hazırlanıb   
 

Qromadskoyenin jurnalisti “İslam dövləti” döyüşçülərinin iblisə sitayiş etdiyini düşündükləri adamlarla ünsiyyətdə olmaq üçün Gürcüstan və Ermənistana yollanıb. Onlar harda sığınacaq tapıblar və Vətənə qayıtmaq barədə nə düşünürlər? 

Həmişə qovulanlar

Yezidlər – etnodini azlıqdır, Vətənləri Kürdüstan dağlarında yerləşir, – bütün tarixləri boyu təqibə məruz qalıblar. Onlar özləri burda artıq 7  min il yaşadıqlarını söyləyirlər və bütün bu müddət ərzində 70 dəfə kökündən məhv edilmə cəhdi ilə üz-üzə qalıblar. Yazılı mənbələrsə yezidləri XI əsrə aid edir. Özü də bu millətin adını çəkən ən erkən sənədlər yezidləri ayrıca xalq kimi deyil, günü bu gün də İraqda, Suriyada və regionun digər dövlətlərində, həmçinin Qafqazda yayılmış islam mistisizminin – sufizmin tərkibindəki bir cərəyan kimi təsvir edir.

Lakin zaman keçdikcə yezidlər məhz etnodini qrup – xalq kimi xüsusiləşdirilir, yəni ona aid olmaq onun etiqadını bölüşmək anlamına gəlir. Ümumi dillərinin və qismən ümumi tarixlərinin olmasına baxmayaraq, İraq yezidləri tez-tez özlərinin kürd olmadıqlarını qeyd edirlər. Bundan başqa, yezid ənənələrinin qoruyucularından biri və bu xalqın tarixinin bilicisi Lukman Süleyman bu fikirdədir: hazırkı kürdlərin çoxu və özünü türk, fars və ərəb hesab edən böyük əksəriyyət əslində zor gücünə islam dinini qəbul etmiş yezidlərdir.

– İndi bizi məhv edən İŞİD yezidlərə müharibə elan edən, insanları seçim qarşısında qoyan ilk qüvvə deyil: ya öz etiqadından üz döndərib islam dinini qəbul edin, ya da qətlə yetiriləcəksiniz. Biz bunu əvvəllər də yaşamışıq. Burda min illərlə yaşadığımız müddətdə, – Süleyman danışır, – təxminən yüz ildən bir hansısa növbəti İŞİD peyda olub bizi qətlə yetirir. Məsələn, XVI əsrdə 1 milyon 200 min yezid Osman hökumətinin əmri ilə öldürülüb. Daha 2 milyon yezidsə canlarını qurtarmaq üçün etiqadlarından üz döndərməli olub. Elə o zaman da indi olduğu kimi, yezidləri öldürən, ya da onları öz etiqadlarından üz döndərməyə məcbur edən kəslər bunu islam naminə etdiklərini söyləyiblər. Onda, 400 il əvvəl çoxlarını əcdadlarının etiqadından üz döndərməyə məcbur etmişdilər, amma biz bilirik ki, hazırda İraqda, Suriyada, İranda və Türkiyədə yaşayan milyonlarla insan vaxtilə zor gücünə öz köklərindən və tarixindən məhrum edilmiş insanlardır.

Süleymanla təkcə etiqadlarından zorla döndərilmiş insanların sayı ilə bağlı mübahisə eləmək olar, hərçənd bu mübahisənin özü də mənasızdır. Çünki hazırda mövcud olan yezid nəslinin nümayəndələrinin dəqiq sayını müəyyənləşdirmək çətin ki mümkün olsun. Ancaq onu qeyd etməyinə dəyər ki, Kürdüstanda bir çox müsəlman əcdadlarının 100 il, bəzənsə cəmi 10 illər əvvəl yezid olmalarını, sadəcə müsəlman qonşularının təzyiqi altında islam dinini qəbul elədiklərini həvəslə danışırlar.

Münaqişələrin tarixi

Bəs yezidlərin qonşuları ilə çoxsaylı münaqişələrinin səbəbi nədir? Bütün məsələ yezidlərin dinlərinin mərkəzi fiqurlarından biri olan mələk-tovuzquşu Mələk Tausdadır. Əfsanəyə görə, bu mələk, həm də Quranda xatırlanan şeytan-İblis kimi, ilk bəni-insan – Adəmə təslim olmaqdan imtina edib. Və elə həmin İblis kimi cəhənnəmə düşüb. Yenə həmin əfsanəyə görə, Mələk Taus cəhənnəmdə əzab çəkən günah sahiblərinin halına acıyaraq 1000 il ağlayıb, sonra Allahın rəhmini qazanaraq mələklərin başçısı təyin edilib. Amma Allah-təala tərəfindən cəhənnəmə göndərilən birisinə sitayiş faktının özü yezidləri radikal müsəlmanların gözündə iblisə etiqad edən kimi göstərir. Bax elə bu səbəbdən onları tez-tez seçim qarşısında qoyublar: ya etiqadlarından üz döndərsinlər, ya da həlak olsunlar.

Yaxınlaradək islam dinini (əslində elə istənilən digər dini) qəbul etmək icma ilə tam üzülüşmə anlamına gəlirdi. Prozeletizmi rədd edən və öz dinindən dönməni qəbul etməyən yezidlər (sonradan yezid olmaq mümkün deyil, təkcə yezid ailəsində doğulmaqla yezid olursan) hətta ölüm qorxusu altında başqa dini qəbul edən qardaş və bacılarını geri götürmürdülər.

Amma zəmanə dəyişir. Və indi gürcü yezid icması bu prinsipi geridə qoymağa çalışır. Burda çoxları onu bütün xalq üçün çox zərərli ənənə sayır.

– Əlbəttə, biz hansısa islahatçı yenilikləri özümüzə rəva bilmirik, amma Gürcüstanda adamları geri qəbul etmək haqqında danışmağa başlamışıq, – yezid icmasının sabiq başçısı, hüquq müdafiəçisi Aqit Mirzəyev deyir. – Çünki əks-halda biz sadəcə mövcudluğumuzu dayandıracağıq, yaxın 5-10 ildə tam assimilyasiyaya uğrayacağıq. Nəyisə dəyişmək lazımdır. Və biz bunu təcrübədən keçirməyə başlamışıq (insanların yenidən icmaya qəbul olunmasını). Bu cür qərarlar çıxarmağa, əlbəttə ki, mənim haqqım yoxdur, onunla lokal səviyyədə bizim ruhani şuramız məşğul olur. Bu, şübhəsiz, o demək deyil ki, bütün yezidlər məlum təcrübəni sınaqdan keçirməlidirlər, amma mən istərdim ki, onlar bir incə məqamı nəzərə alsınlar: biz yezidizm ardıcıllarını bu cür rahatlıqla buraxmaqla çox şey itirmiş oluruq.

Cənubi Qafqazda yeni ev

Yezidlər Gürcüstanda və Ermənistanda artıq bir neçə yüz il yaşayırlar. Hər iki dövlətin on minlərlə yezid vətəndaşı var. Gürcüstanın paytaxtı Tbilisidə və bir neçə erməni kəndində yezid məbədləri və ibadətgahları inşa edilib. Gənclər yeni Vətənlərinin dillərini əcdadlarının dillərindən pis bilmirlər, amma çoxları ulu babalarının məcburən tərk etdikləri yerlərə – İraqa, yezidizmin əsas ziyarətgahına, məbəd-şəhər Lalişə qayıtmağı arzulayırlar. Yezidlərin inandıqlarına görə, bu şəhər Adəmlə Həvvanın yaşadığı cənnət bağı olub.

– Yaxın Şərqdə bütün bu müsibətlər, bu müharibə, bu soyqırımı başa çatandan sonra mən ora köçüb getmək istəyərdim, – Yerevandan təxminən 100 kilometr aralıda yerləşən Alaqyaz yezid kəndində riyaziyyat müəllimi işləyən Vəzir Avdolyan etiraf edir. – Bu mənim arzumdur. Hətta əcdadlarımın Vətəninə gedib çıxmaq mənə qismət olmasa belə, ora övladlarımın ayağının dəyməsini istərdim.

Amma hələ ki hətta başqa evləri olmayanlar – “İslam dövləti” dəstələri hücuma keçməzdən öncə evlərini tərk etmiş qaçqınlar belə İraq Kürdüstanına qayıtmağa tələsmirlər. Vaxtilə Mosul universitetində informatika üzrə təhsil alan Nuri Alale hazırda Tbilisidə yaşayır. Mosul cihadçılar tərəfindən alınmamışdan az əvvəl o, ev-eşiyini tərk etmək məcburiyyətində qalıb. Qaçqınlıq həyatı çox çətindir: Nurinin işi və elə bu səbəbdən qazancı yoxdur. O, iraqlı yerlilərinin Tbilisidə kirayə tutduqları balaca bir mənzildə yaşayır. Amma yenə də bu şəraitin Vətənindən yaxşı olduğunu deyir. Nuri əslən yezid paytaxtı olan Şanqaldandır. Orda əhalinin əksər hissəsi yezidlərdir. Daha doğrusu, əvvəllər bu cür olub. Çünki indi hətta Şanqal “İslam dövləti”ndən azad olunduqdan sonra belə orda vəziyyət gərgin olmaqda davam edir və İraqın müxtəlif yerlərindən toplanmış kürd könüllü döyüşçüləri – peşmərgələr böyük ehtimalla hazırda daimi sakinlərdən daha çoxdur.

– Cihadçılar deyirlər ki, Vətənimizdə yezidlərə yer yoxdur. Amma Kürdüstan hökuməti ilə də münasibətlər o qədər sadə deyil. Mənim doğma şəhərim Şanqal artıq azad edilib, amma yezidləri ora heç də həvəslə buraxmırlar, – Nuri deyir. – Müxtəlif qruplaşmalar onların üzərində nəzarət uğrunda mübarizə aparır. Və heç kəs müharibənin dağıtdığı şəhəri bərpa eləmək üçün bir addım atmır. Ona görə də mən hələ ki Gürcüstanda qalıram.


More on JAMnews