Etirazçılar paytaxtın mərkəzi küçəsində yolu kəsiblər, polis onları dağıda bilib. On altı etirazçı saxlanılıb" />

Yerevanın mərkəzində kafelərnin sökülməsi sərt etiraz doğurub

Etirazçılar paytaxtın mərkəzi küçəsində yolu kəsiblər, polis onları dağıda bilib. On altı etirazçı saxlanılıb

Yerevanın mərkəzi hissəsində, opera teatrının düz yanında yerləşən kafelərin sökülməsi polislə kafe sahibləri və əməkdaşları arasında toqquşmaya səbəb olub. Artıq ikinci gündür ki, Ermənistan paytaxtında Spendiaryan adına Milli Akademik Opera və Balet Teatrının ətrafındakı kafe və restoranların ləğv edilməsi ilə bağlı mübahisələr səngimir. Toqquşmalar nəticəsində artıq on altı etirazçı saxlanılıb.

Yerevanda qanunsuz inşaat və ərazi zəbt edilməsinə qarşı müharibə elan edilib

Hollandlar yaşamaq üçün necə Ermənistana köçdü?

Hər şey necə olub?

Şəhər hakimiyyəti martın 13-də opera teatrının qarşısındakı kafeləri sökməyə başlayıb. Səhər erkəndən bu kafelərin yerləşdiyi Azadlıq meydanında onlarla etirazçı toplaşaraq məkanların sökülməsini dayandırmağı tələb edib.

Kafe sahibləri və menecerləri bəyan ediblər ki, bu məkanlarda ümumilikdə 300 nəfərə qədər işçi çalışır. Onların hamısı məkanlar söküləndən sonra işsiz qalacaqlar.

“Qoy əvvəlcə iş yerləri açsınlar, sonra söksünlər”, – kafe sahiblərindən biri deyib.

Buna cavab olaraq Yerevan meriyasının mətbuat katibi Akop Karapetyan Facebook səhifəsində yazıb:

“Kafelər söküləndən sonra 300 nəfərə qədər adamın işsiz qalacağı fikri, yumşaq desək, şişirdilib”.

Kafe əməkdaşları texnikanı işə salıb tikililəri sökə bilməsinlər deyə elektrik naqillərini kəsəndən sonra vəziyyət gərginləşib.

Etirazçılar “Utanın!” şüarı səsləndirərək, kafelərin sökülməsini müəyyən müddətə dayandırmağı tələb ediblər.

Paytaxtın mərkəzi inzibati rayonunun rəhbəri Viktor Mnatsakanyan da hadisə yerində olub.

O bildirib ki, meriya sökülən kafelərin sahiblərinə kompensasiya ödəmək niyyətində deyil. Onun sözlərinə görə, bu kafelərdən biri 100 kv.metr sahə ərazini aylıq cəmi 90 min drama (200 dollardan az) icarəyə götürüb.

“Siz başa düşürsüz, şəhərin mərkəzi üçün bu, necə cüzi qiymətdir?! Bəli, mən ehtimal edirəm ki, keçmiş Yerevan hakimiyyəti onlara bu şərtlər altında işləmək imkanı verib. Axı biz onların qərarlarına və hərəkətlərinə görə cavabdeh deyilik”.

Mnatsakanyanın sözlərinə görə, kafelərin ləğv edilməsi yalnız opera teatrının binasını əhatələyən bu ərazinin ilkin görkəminin bərpasının vacibliyi ilə əlaqədardır:

“Biz zonalaşdırma məsələsini müzakirə edir, reklam lövhələrini də sökməyə hazırlaşırıq. Paytaxtda müqəddəs yerlər kimi qorumalı olduğumuz müəyyən ərazilər var. Bu, sadəcə abadlaşdırmadır, burada siyasi və şəxsi məsələ yoxdur”.

Çərşənbə günü axşam söküntü prosesinə ara verilib. Şəhər meriyasının nümayəndələri kafe sahibləri ilə bağlı qapı arxasında görüşüblər. Amma kompromisə gəlmək cəhdi baş tutmayıb.

Viktor Mnatsakanyanın sözlərinə görə, kafe sahibləri kafelərin sökülməsini beş il təxirə salmağı təklif ediblər. Meriya isə öz qərarını dəyişməyib:

“Azadlıq meydanına yaxın yerləşən kafelərin sökülməsi niyyətindən vaz keçilməsi haqda söhbət belə gedə bilməz”, – Mnatsakanyan bəyan edib.

Martın 14-də polis və kafe əməkdaşları arasında qarşıdurmalar sərtləşib. Etirazçılar paytaxtın mərkəzi küçələrindən birini kəsmək istəyiblər. Mitinqçilərin bir hissəsi asfaltda oturub, bir hissəsi isə oturanları əhatəyə alıb. Onlar yolu zibil çənləri ilə kəsməyə çalışıblar, amma polis onlara imkan verməyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları uzun müddət insanları yolun hərəkət hissəsindən uzaqlaşdırmağa çalışıblar. Etirazçılardan birinin halı pisləşib.

“İş yerlərimizi dağıtmayın! Bizi işimizdən eləməyin!”, – kafe işçiləri qışqırıblar.

Bu kafeləri niyə sökmək qərarına gəliblər?

Azadlıq meydanında yerləşəm restoran və kafelərin sökülməsi haqda qərar Yerevan meriyasında şəhərin yaşıllaşdırılması layihəsi çərçivəsində qəbul edilib. Şəhər administrasiyası orada “yaşıl zonanı” bərpa etmək niyyətindədir.

“Aleksandr Spendiaryan adına Milli Opera və Teatrının binası ətrafında Tamanyanın [Yerevanın baş planının müəllifi – JAMnews] layihəsi əsasında 80 il əvvəl park salınmışdı, tamaşaçılar antrakt zamanı bu bağa çıxıb gəzişə bilərdilər. İllər ötəndən sonra şəhərin siması sayılan opera teatrının binası kafelərin mühasirəsinə düşüb. İlin əvvəlindən meriya Yerevanda yaşıl ərazilərin bərpası və inkişafı prosesinə başlayıb”, – meriyanın bəyanatında deyilir.

Kafe sahibləri meriyanın qərarı ilə bağlı narazılıqlarını hələ yanvarda səsləndiriblər. Yerevan meri Hayk Marutyan elə o zaman cavab vermişdi ki, kafelərin sökülməsi prosesi ciddi şəkildə qanunlar çərçivəsində həyata keçiriləcək:

“Bu kafelərin mülkiyyətçilərinin opera və balet teatrının ətrafında yerlləşən bu məkanların sökülməsilə bağlı əlbəttə ki, narazılıqları var, amma qəbul olunmuş qərara yenidən baxılmayacaq”.

Martın 1-də şəhər meriyası rəsmi Facebook səhifəsində yazıb:

“Əziz yerevanlılar, bu gün biz uzun müddətli xəyalımızı həyata keçiririk: opera teatrının ətrafını azad edir və mədəniyyət ocağı atmosferini bərpa edirik. Hər şey hələ yeni başlayır, bu proses davam edəcək. Bütün yerevanlılara bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Gəlin, Yerevana mədəni simasını qaytaraq”.

Şəhər sakinləri buna necə münasibət göstərir?

Yerevanın keçmiş baş memarı Mkrtıç Minasyan hazırkı həmkarının qərarını dəstəkləyir:

“Düşünürəm ki, baş memar Artur Mesçyan və Yerevan meriyası kafelərin sökülməsilə bağlı doğru qərar qəbul ediblər”.

Heykəltəraş Tiqran Arzumanyan hesab edir ki, yay mövsümündə paytaxtda çox turist olur, bu ərazidə sökülüb-yığılan konstruksiyalı kafelər açmaq mümkündür. O, şəhərin bu hissəsinin yalnız yerevanlılar üçün yox, həm də turistlər üçün sevimli məkana çevrildiyi haqda səsləndirilən fikrə cavab olaraq bunları deyib.

Paytaxt sakinlərinin çoxu meriyanın qərarını dəstəkləyib. Onlar Facebook sosial şəbəkəsində bunları yazıblar:

“Bəli, mən də opera teatrının qarşısındakı kafelərdə oturmağı sevirəm, mənim üçün Yerevan həm də bu kafelərdir, orada oturan insanlardır, onlarla ünsiyətdir. Və bu, şəhərimizin mədəniyyətinin bir hissəsidir. Amma əgər ildən-ilə ərazini betonlaşdırmasaydılar, çox sayda “obyekt” tikməsəydilər, korrupsiya sxemləri ilə yox, qanunla işləsəydilər, indi çoxları kafe sahiblərini dəstəkləyərdi”.

“Hər şeyi düz eləyirlər. Biz yaxşı şəhərdə yaşamaq istəyirik, axşamlar mərkəzdə gəzmək adama xoş olsun”.

“Nəhayət ki”.

“Siz öz biznesinizi itirməmək üçün ölkənizi də satarsız”.

Amma bəzi yervanlılar şəhər hakimiyyətinin atdığı addımlara şübhə ilə yanaşıblar. Onlar inanmırlar ki, burada yenidən ağaclar əkiləcək, çünki bu ərazinin altında yeraltı qarajlar tikilib, ağacların kök atması üçün yer yoxdur. Hətta burada yenidən kafe və restoranların peyda olacağını düşünənlər də var.

Facebook Comments

More on JAMnews