Meriyanın yaşayış üçün təhlükəli və çoxdan bəri sökülməli olan bu binalarda nə qədər adamın yaşamasından belə xəbəri yoxdur " />

Yerevandakı qəzalı binaların sakinlərinin gedəsi yeri yoxdur və onlar heç nə gözləmirlər

Meriyanın yaşayış üçün təhlükəli və çoxdan bəri sökülməli olan bu binalarda nə qədər adamın yaşamasından belə xəbəri yoxdur

Yerevanın bir-birinin ardınca bütün merləri paytaxtdakı qəzalı binaları ləğv etmək və onların sakinlərini normal mənzillə təmin etmək vədi veriblər. Lakin onlardan heç birinə bu problemi sona qədər həll etmək müyəssər olmayıb. Şəhərdə əvvəlkitək sökülməli olan binalar mövcuddur, bunlardan 100-dən çoxu insanların həyatı üçün təhlükəlidir. Lakin bu binalarda əvvəlki kimi insanar yaşayır – o cümlədən də, uşaqlar və yaşlılar.

Qəzalı binada həyat

“Yağış başlayan kimi uşaqlar vedrə dalınca qaçır, mən isə divanın və çarpayının üstünü polietilen örtüklə bağlayıram. Sonra qonşular gəlirlər, uşaqları gecələmək üçün öz evlərinə aparırlar ki, evdə qalıb islanmasınlar. İki televizorumuz vardı – tanımadığımız adamlar bağışlamışdılar, amma tavandan onların üstünə o qədər su damcıladı ki, xarab oldular”, – qəzalı binada yaşayan Kristine Karapetyan nəql edir.

Kristinenin 35 yaşı var. Həyatının yarısını bu binada keçirib. Əvvəllər bu, robotqayırma zavodunun yanğınsöndürmə xidmətinin korpusu olub. Zavod “Mars” adı altında məşhurdur. Son 20 ildə üçüncü dərəcəli qəzalı vəziyyətdə olan bu binada insanar yaşayır.

Bina paytaxtın kənarında, Malatiya-Sebastiya inzibati dairəsində yerləşir. Bura gəlib çatmaq üçün marşrut xətlərindən birinin son dayanacağına qədər gəlmək və zibilxananı xatırladan, yiyəsiz itlərin gəzişdiyi səhralıq məkanda bir neçə yüz metr irəliləmək lazımdır.

Bu bina yaşayış evi standartlarına uyğun deyil, belə ki, zavod üçün tikilib. Lakin bütün şəraitizliyinə və qəza vəziyyətinə baxmayaraq, burada təxminən 40 ailə yaşayır. İnsanlar binanı “havadan asılmış” adlandırırlar, çünki mütləq mənada bütün dövlət strukturları onun problemləri ilə məşğul olmağa razılaşmırlar.

Kristine bu evə 17 yaşı olanda valideynləri ilə birgə köçüb. Yada salır ki, təzəcə bura köçəndə binada cəmi 30 sakin vardı. İllər keçdikcə onların sayı artdı – həyat şəraiti isə pisləşdi.

Burada o, gələcək həyat yoldaşı ilə tanış olub. Bu binada Kristinenin altı övladı dünyaya gəlib – dörd qız və iki oğlan, onların hamısı hələ ki, yetkinlik yaşına çatmamış uşaqlardır.

Səkkiz nəfərdən ibarət ailə 18 kvadrat metrlik otağa sığınıb. Bu, eyni zamanda həm qonaq, həm də yataq otağıdır. Bütün ailə üzvləri gecələr birtəhər bir divanda və bir çarpayıda yerləşib yatırlar. Mənzildə sanitar qovşağı da var ki, burada yalnız unitaz quraşdırılıb, əlüzyuyan və duş yoxdur.

Bu otaq heç vaxt təmir olunmayb – divarlar və tavan çat verib, malası artıq çoxdan qopub.

Elektrik naqilləri bütün binada və bəzi mənzillərdə heç cür bərkidilməyib və üstü bağlanmayıb. Bu, bir neçə dəfə bədbəxt hadisələrə gətirib çıxarıb. Tavandan asılı qalmış açıq naqillər üzündən bir neçə il əvvəl Kristinenin oğlu da xəsarət alıb. O vaxt 11 aylıq olan uşaq elektrik cərəyanı vurduğundan iki barmağını və dodağının bir hissəsini itirib.

Sakinlər arasında tez-tez sanitar qovşaqları üzündən münaqişələr düşür. Bəziləri zədələnmiş borulardan suyun qonşuların mənzilindən onların mənzilinə axması və tavanı daha da çox korlamasına görə sadəcə olaraq “düşmənlik” edirlər.

Ən çox sakinlər uşaqlarına görə narahat olurlar. Daim onların dalınca düşürlər ki, dağılmış pilləkənlərlə ehtiyatla qalxıb düşsünlər, mərtəbələr arasında qaçışan siçovullardan, həyətdə gəzişən itlərdən və hətta ilanlardan özlərini gözləsinlər.

«Uşaqlar burada bütün gün ərzində bu daşların və zibillərin arasında oynayırlar. Yorulurlar burda, amma oynamalı başqa yerləri yoxdur, hara getsinlər. Pulumuz da yoxdur ki, onları yelləncəklərə və parklara aparaq. Mən artıq ümidimi itirmişəm. Fikirləşirəm ki, bütün ömrümü burada keçirəcəyəm», – Kristine deyir. 

Yeri gəlmişkən, sakinlər jurnalist qızın onların evinə qədər piyada gəlməyə “cürət etməsinə” və yiyəsiz itlərdən, ilanlardan qorxmamasına təəccüblənmişdilər.

Onlar özləri bu yolu təkbaşına getməkdən çəkinirlər. Hər ayın əvvəlində sosial müavinəti almaq vaxtı yetişəndə qonşular toplaşıb bu yolu birlikdə gedirlər.

“Marslılar” boş vədlərdən yorulublar

“Mars”ın sakinləri zarafat edirlər: onların binası əslində başqa planetdir və hardasa Yer kürəsindən çox uzaqda yerləşir.

Onların hamısı bura məcburən köçüb. Buradakı sakinlərdən kimisi hansısa səbəbə görə öz evini itirib, kiminsə evi heç zaman olmayıb. Lakin onlar danışırlar ki, pis həyat şəraitinə baxmayaraq, çoxu burada öz xoşbəxtliyini tapıb, ailə qurub – Kristine kimi.

Bu insanlar öz problemləri və ehtiyacları, başqa binaya köçmək arzuları, hansısa qərara gəlmək barədə həmişə danışmağa hazırdırlar – təki onları dinləyən olsun.

Onların hamısı bir ağızdan təkrarlayırlar ki, artıq ümidlərini itiriblər: bütün dövlət idarələrinin qapısını döyüblər. Hər yerdə eyni cavab olub: bina onların səlahiyyətində deyil, buna görə də, təftiş aparıb sakinlərin həyatı üçün təhlükənin səviyyəsini müəyyənləşdirə bilməzlər.

Bu adamların problemlərini kim həll etməlidir?

Deyilənə görə, binaya sakinlər 1999-cu ildə Milli məclisin spikeri Karen Dəmirçyanın təklifindən sonra köçməyə başlayıblar. Robotqayırma zavodu onun təşəbbüsü ilə hələ Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini tutduğu dövrdə tikilib. Dəmirçyan mənzil problemi olan insanlara bu binadakı otaqlara yerləşməyə imkan verilməsini təklif edib. Lakin binanın sakinləri indiyə kimi yaşadıqları mənzillərə mülkiyyət hüququnu əldə edə bilməyiblər.

JAMnews binanın sonrakı taleyi barədə məlumat almağa cəhd edərkən meriyada binanın sakinləri ilə görüşməyə razılaşıblar. Bu zaman sakinləri hətta ittiham da ediblər, belə ki, onlar burada yaşadıqları dövrdə “bir sıra qanunsuz hərəkətlərə” yol veriblər, misal üçün, bir neçə aparıcı divarı söküblər ki, təhlükəsizlik baxımından bu yolverilməzdir.

İnsanları narahat edən məsələlər yenə də həllini tapmayıb. Onlara yalnız məsləhət görüblər ki, Dövlət əmlakının idarə edilməsi üzrə komitəyə müraciət etsinlər – bina həmin idarənin balansındadır.

Komitədə isə bildiriblər ki, həmin vətəndaşlar orada qeyri-qanuni şəkildə yaşayırlar – mülkiyyət hüququ olmadan. Bildirilib ki, onları dəfələrlə könüllü şəkildə binanı boşaltmağa çağırıblar, çünki həyatları üçün təhlükə mövcuddur. Lakin bu çağırışlar eşidilməyib – səbəb isə onlar üçün aydındır: insanların gedəsi yeri yoxdur. O da məlum olub ki, Dövlət əmlakının idarə edilməsi üzrə komitədə sakinlərin köçürülməsi üzrə plan yoxdur, belə ki, bunun üçün hökumətin qərarı tələb olunur.

Qəzalı binalarda nə qədər adamın yaşadığı məlum deyil

Həyat üçün ən çox təhlükəli 3-cü və 4-cü dərəcəli qəzalı vəziyyətdə olan binalar hesab olunur. Yerevanda hazırda

• 3-cü dərəcəli qəzalı 107 binada və

• 4-cü dərəcəli qəzalı 8 binada yaşayış var.  

Qəzalı binalarda nə qədər insanın yaşadığını meriyada dəqiq bilmirlər. İş burasındadır ki, onların sayı hər dəfə dəyişir. Təftişdən və məlumatların qeydə alınmasından bir həftə sonra belə bu rəqəmlər xeyli dəyişə bilər – kimsə köçüb gedir, kimsə köçüb gəlir.

Uğursuzlar barədə

Bu, Yerevanın Şirak küçəsində yerləşən, sökülməli olan 4-cü dərəcəli qəzalı binalardan biridir.

Sakinlərin sözlərinə görə, onlar başqa evə köçürüləcəklərinə ümidlərini çoxdan itiriblər. Bir neçə il əvvəl meriyada onların köçürülməsi məsələsi müzakirə olunub. Lakin sakinlər və meriya hansısa məsələlərdə razılığa gələ bilməyiblər. Bundan sonra dövlət strukturları bu binanın mövcudluğunu unudublar, sakinlərin köçürülməsi layihəsi qeyri-müəyyən müddətə dayandırılıb.

Bəxti gətirənlər

Şəhər hakimiyyəti son aylar ərzində 4-cü dərəcəli qəzalı vəziyyətdə olan başqa binanın – Artsax, 8 ünvanında yerləşən evin sakinlərinin köçürülməsi layihəsini müzakirə edir.

Bir neçə gün bundan əvvəl təsdiqlənib ki, burada yaşayan 81 ailənin əksəriyyəti yeni mənzillərə köçürüləcək və onların mülkiyyət hüququ rəsmiləşdiriləcək. Yerdə qalan sakinlər müvəqqəti olaraq kirayə mənzillərə köçürüləcəklər ki, bu sakinlər üçün nəzərdə tutulmuş binanın tikintisi bitənə qədər kirayənin pulunu meriya ödəyəcək.

Sonra meriya qonşuluqda – Artsax, 10 ünvanında yerləşən qəzalı binanın sakinlərinin köçürülməsi ilə məşğul olmağı planlaşdırır.

Lakin problemin ümumilikdə nə vaxt həll ediləcəyi və bütün qəzalı binaların sakinlərinin nə vaxt köçürüləcəyi məlum deyil. Şəhər hakimiyyətinin müəyyən planı və qrafiki yoxdur.


More on JAMnews