Meriya və Ermənistan paytaxtında zibilin toplanmasına məsul olan şirkət bir-birini ittiham etdiyi müddətdə şəhər tonlarla zibilin içində qalıb" />

Yerevanda zibilin toplanması sanitar problemdən siyasi problemə çevrilir

Meriya və Ermənistan paytaxtında zibilin toplanmasına məsul olan şirkət bir-birini ittiham etdiyi müddətdə şəhər tonlarla zibilin içində qalıb

Yerevanda zibil daşınması ilə bağlı vəziyyət yenidən kəskinləşib. Paytaxtda zibilin toplanması və daşınmasına cavabdeh olan “Santek” şirkəti öz vəzifəsinin öhdəsindən gələ bilmir. Məsələ gedib baş nazirə çatıb. O, əlavə xərcə düşmədən vəziyyətin öhdəsindən gələ bilsin deyə “Sanitek” şirkətini cərimələməməyə çağırıb. Hökumət qərar qəbul edib – Yerevanda zibil toplanması ilə məşğul olacaq ikinci operator olmalıdır.

Hələlik isə şəhər hakimiyyəti yeni zibil daşıyan maşınlar almağa hazırlaşır. Müxalifət isə meriyanın maşınların alınması üçün tenderi necə təşkil etdiyindən narazıdır.

Yerevanda zibilin toplanmasına cavabdeh olan şirkət böyük məbləğdə cərimə olunub

Başqa iş yoxdur

Yerevanlıların şikayətləri

Yerevanda zibil toplanması ilə bağlı qalmaqallı vəziyyət artıq bir neçə aydır ki, davam edir. Paytaxt sakinləri meriyanı qınayır, şəhər hakimiyyəti isə Yerevanda zibilin toplanması və daşınmasına cavabdeh olan “Sanitek” şirkətinin pis işlədiyindən gileylənir.

Şirkət artıq bir neçə dəfə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi üçün cərimələnib. “Sanitek”in cərimələri ümumilikdə 50 min dollar təşkil edib. Amma vəziyyət heç cür dəyişməyib.

Yerevan meriyasının “Sanitek” şirkəti ilə işlərin koordinasiyasına görə cavabdeh olan əməkdaşı Harutyun Xaçatryan bildirib ki, hər gün paytaxt sakinlərindən dolub-daşan zibil konteynerlərinin fotolarını alır:

“Problem ondadır ki, müqavilə ilə təsbit edilmiş öhdəliyə görə, zibil konteynerləri 80 faizdən çox dolmalı deyil. Amma biz artıq görürük ki, bu, 80 faiz deyil, çoxdur və buradan aydındır ki, zibil bir neçə gün ərzində daşınmayıb”.

Şirkətlə bağlanmış müqaviləyə əsasən, “Sanitek” cəld reaksiya verməli və problemi həll etməlidir. Amma şirkət artıq bir neçə aydır ki, öz öhdəliklərini lazımı səviyyədə yerinə yetirmir. Bunun üçün “Sanitek” şirkətinin kifayət qədər zibil daşıyan maşını yoxdur.

Meriya problemi necə həll etməyə çalışır?

Zibilin daşınması ilə bağlı vəziyyəti nə cürsə həll etmək üçün Ermənistan hökuməti meriyaya əlavə 15 maşın almağa icazə verib.

Ümumilikdə bunun üçün hökumətin ehtiyat fondundan 900 milyon dram (1.8 milyon dollar) ayrılacaq.

Nazirlər Kabineti bu qərarı aprelin 18-də keçirilən və Yerevan meri Hayk Marutyanın da iştirak etdiyi iclasda qəbul edib.

O, danışıb ki, mer kürsüsündə şirkətlə işlədiyi ilk aylar ərzində əldə olunan razılaşmaya görə şirkət öz öhdəliklərini lazımınca yerinə yetirməkdən ötrü subpodradçılar tutmalı idi.

Amma bu, problemi yalnız bir müddətlik həll etməyə imkan verib. Vəziyyətin mürəkkəbləşəcəyinin qaçılmaz olduğunu anlayan meriya bir şəxsdən zibil daşıyan maşın almaq üçün tender elan edib.

Müxalifət nədən narazıdır?

Məhz əlavə maşınların alınması ilə bağlı qərar müxalifətin xoşuna gəlməyib.

Ağsaqqallar Şurasının, yəni şəhər hakimiyyətinin müxalif üzvləri bəyan ediblər ki, mer və onun konmandası vəziyyəti böhran səviyyəsinə gətirib çıxarıb. Məsələn, müxalif “Luys” fraksiyasının nümayəndəsi David Xajakyan hesab edir ki, meriya rəhbərliyinin məqsədi maşınları konkret şəxsdən almaq olub. Və o, burada korrupsiya riski görür:

“Mən hökuməti heç bir qərar qəbul etməməyə çağırmıram, çünki vəziyyət həqiqətən də dəhşətlidir. Amma vəziyyəti bu duruma gətirən və müqavinə bağlayan məmurlar qanunla cavab verməlidirlər”, – David Xajakyan bəyan edib.

Xajakyanın sözlərinə görə, müsabiqədə zibil toplayan maşınların parametrləri göstərilib və bu parametrlərə yalnız “Kamaz” avtomomilləri uyğun gəlir. Nəticədə digər şirkətlər tenderdə iştirak edə bilməyib.

“Əgər müsabiqə lazımı səviyyədə keçirilsəydi, onlarla, hətta bəlkə yüzlərlə milyon drama qənaət etmək mümkün olardı”, – Xajakyan hesab edir.

 “Sanitek” şirkəti haqda

“Sanitek” Livanın tullantıların idarə olunması ilə məşğul olan beynəlxalq təşkilatıdır. Şirkət 2010-cu ildə yaradılıb, 2014-cü ilin dekabrından Ermənistan paytaxtında işləyib.

Şirkət keçmiş Yerevan merinin elan etdiyi beynəlxalq tenderdə qalib gəlib. Öhdəliklərinin yerinə yetirilməsinə başlayan zaman şirkətin ilkin xərcləri 10 milyon avro olub.

 “Sanitek” şirkətində vəziyyəti necə şərh edirlər?

“Sanitek” şirkəti bəyanatla çıxış edib və meriyanı qeyri-obyektiv məlumat yaymaqda günahlandırıb:

 “Tərəfdaşlarımızdan xahiş edirik ki, ədəb normalarını gözləsin və cəmiyyətə yalnız obyektiv informasiya təqdim etsin, Yerevan meriyasının xeyrinə olan birtərəfli məlumat yox. Xarici sərmayəçi kimi şirkət Ermənistanda həmişə daha münasib rejim və ədalətli müdafiə ilə təmin olunmalıdır”.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, şirkətin zibil toplayan maşınlarla bağlı problemi yaranıb. Onlar xarab olur və yenilərini almaq lazım gəlir. Məsələn, ötən ilin sentyabrında “Sanitek” 500 min dollarlıq texnika aldığını bəyan edib. Bundan başqa şirkət direktoru Nikolas El Tavil bildirib ki, hətta onlar yüzlərlə maşın cəlb etsələr də, onların yenə də problemi olacaq. O izah edib ki, Yerevanın “Nubaraşen” zibilliyinə gedən yol problemini həll etmək lazımdır, məhz həmin yola görə maşınlar sıradan çıxır.

Əlavə olaraq sentyabrda şirkət rəhbərliyi meriya ilə razılığa gəlib ki, “Sanitek” yeni maşınlar alacaq, meriya isə yol problemini həll edəcək. Şirkət meriyanın razılaşmaya dair öz öhdəliyini yerinə yetirmədiyini, buna görə də “Sanitek”in ziyan çəkdiyini bildirib.

Bəyanatda  meriyanın yeni maşınların əldə edilməsi məqsədilə hələ fevralda elan etdiyi tender haqda da danışılır. Bu maşınlar “Sanitek” şirkətinə icarəyə verilməli idi, amma şirkət rəhbərliyinin sözlərinə görə, meriya razılaşmanın bu hissəsini də yerinə yetirməyib.

 Sosial şəbəkələrdə nə yazırlar?

Facebook sosial şəbəkəsində istifadəçilər iki düşərgəyə bölünüb.

Onlardan bir hissəsi hesab edir ki, şəhər meriyası “çirkli oyun” aparır və müxalifətin şübhələrini dəstəkləyir. Digərləri isə əmindirlər ki, meriya vətəndaşların marağına uyğun hərəkət edir.

Yerevanlıların yazdığı bəzi şərhlər:

“Mən anlamıram, məgər qanunun işləmədiyi ölkədə yaşamaq hamının xoşuna gəlir? Xajakyan Yerevan meriyasının yol verdiyi pozuntuları bilavasitə göstərir! Niyə hamı buna göz yumur? Deməli, keçmiş hakimiyyət bizə azlıq edib!”

“Meri qovmaq lazımdır! Qoy teatrda qarovulçu işləsin!”

“Müxalifət qəsdən şəhərin, nəhayət, zibildən təmizlənməsinə mane olur!”

“Artıq vacib deyil ki, bu şəhər necə təmizlənəcək, kim və necə tenderi udacaq – təki Yerevan nəhayət, tonlarla zibildən təmizlənsin.”

Facebook Comments

More on JAMnews