Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün gəlib. İkitərəfli görüş haqqında nə məlumdur və dövlət başçılarının iclasının təfərrüatları" />

Yerevanda Ermənistan baş nazirinin və Rusiya prezidentinin birbaşa danışıqları keçirilib

Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün gəlib. İkitərəfli görüş haqqında nə məlumdur və dövlət başçılarının iclasının təfərrüatları

AAİŞ, Nikol Paşinyan, Vladimir Putin, Sinqapur, Misir, azad ticarət zonası haqqında saziş

Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün Rusiya prezidenti oktyabrın 1-də Yerevana gəlib. İclasdan sonra, təxminən saat 22:00-da Putinin Ermənistanın baş naziri ilə ikitərəfli görüşü baş tutub.

Hələlik təfərrüatlar açıqlanmır. Məlumdur ki, Paşinyan Rusiya prezidenti ilə Moskva ilə münasibətlərin Yerevan üçün əhəmiyyəti barədə danışıb.

Rusiya bizim strateji tərəfdaşımızdır və biz tərəfdaşlığı daha güclü etməyə ümidvarıq. Hazır olmanıza, münasibətlərimizə qarşı həssaslığınıza görə sağ olun. Düşünürəm ki, onlar getdikcə daha güclü olacaqlar. Ən azından, biz bu əhval-ruhiyyədəyik”.

O ki qaldı, Ali Avrasiya İqtisadi Şurasının iclasına, burada ilk dəfə olaraq yalnız Avrasiya İqtisadi Şurasına üzv ölkələrin (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya) başçıları deyil, həm də fəxri qonaqlar – Sinqapur, İran dövlət başçıları, həmçinin ittifaq nəzdində müşahidəçi dövlətin nümayəndəsi kimi Moldova prezidenti də iştirak ediblər.

Bununla əlaqədar Ali Avrasiya İqtisadi Şurasının Yerevandakı iclası və ümumilikdə, Ermənistanın AAİŞ-də sədrliyi dövrü əməkdaşlığın coğrafiyasının genişlənməsi ilə əlamətdar olub.

Bu iclas çərçivəsində Avrasiya İqtisadi Şurası və AAİŞ-ə üzv ölkələr Sinqapurla hərtərəfli iqtisadi əməkdaşlıq haqqında çərçivə sazişi və Azad ticarət haqqında saziş imzalayıblar.

Daha öncə AAİŞ-lə azad ticarət zonası haqqında saziş İranla da bağlanmışdı ki, iclasda İran lideri Həsən Ruhaninin iştirak etməsi bununla izah olunur.

Zirvə görüşünün gündəliyində təxminən iyirmi məsələ var idi. Lakin dövlət başçılarının müzakirə etdikləri ən kəskin problem ittifaq daxilində ticarətdə maneələrin aradan qaldırılması oldu.

AAİŞ – Rusiyanın nüfuzu altında fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun üzvləri Ermənistan, Belarus, Rusiya, Qazaxıstan və Qırğızıstandır. Təşkilat öz üzvlərinə işçi qüvvəsinin, malların, xidmətlərin və kapitalın hərəkət azadlığı təminatını verir. İttifaq 2015-ci ilin yanvar ayının 1-dən fəaliyyət göstərir. 2019-cu ildə təşkilata sədrliyi Ermənistan həyata keçirir.

 İclasdan əvvəl baş vermiş hadisə

Ali Avrasiya İqtisadi Şurasının iclası Rusiya prezidenti Vladimir Putinlə baş vermiş kiçik bir hadisə ilə başladı. Tədbirin bütün iştirakçılarının ümumi fotoşəklinin çəkilişindən dərhal sonra, onlar pilləkənlə prezident iqamətgahına qalxdıqları zaman Gürcüstanın “Rustavi 2” telekanalının jurnalisti olan qadın qışqıraraq Putinə iki sualla müraciət etməyə macal tapdı:

«Siz 2008-ci ildə üzərinizə götürdüyünüz öhdəlikləri nə zaman yerinə yetirməyə başlayacaqsınız?»

Birinci suala Putin kifayət qədər sakit və təbəssümlə cavab verdi:

«Biz həmişə öz öhdəliklərimizi yerinə yetiririk».

O ki qaldı gürcüstanlı jurnalistin ikinci – “qoşunlar Gürcüstanın işğal olunmuş ərazilərindən nə vaxt çıxacaqlar?” sualına cavab olaraq Putin daha ciddi görkəmdə dedi:

«Biz bu qərarı verdiyimiz zaman».

Bundan sonra Rusiya prezidenti binaya daxil oldu, təhlükəsizlik xidmətinin əməkdaşları isə “Rustavi 2”nin jurnalistindən geriyə çəkilməyi xahiş etdilər.

İclasda nədən danışdılar

Artıq salamlama nitqində Ermənistanın baş naziri Nikol Paşinyan bildirdi:

«Bugünkü iclası keçirmək ikiqat xoşdur, belə ki, burada İttifaqın azad ticarət rejiminin bərqərar edilməsinə yönəldilmiş ticarət-iqtisadi münasibətləri inkişaf etdirdiyi iki ölkənin – İranın və Sinqapurun rəhbərləri iştirak edəcəklər.

Təşkilatımızın bütün halqaları ilə sıx və effektiv əməkdaşlıq nəticəsində biz İttifaqın coğrafiyasını daha da genişləndirməyə nail ola bildik ki, bunun sayəsində bugünkü görüş xüsusi əhəmiyyət qazanır».

Əvvəlcə dar heyətdə görüş keçirildi ki, bu görüşdə Avrasiya beşliyinin rəhbərləri və Avrasiya iqtisadi komissiyasının sədri Tiqran Sarqsyan iştirak edirdilər. Bu iclas mətbuat üçün qapalı idi. Jurnalistlər zala yalnız geniş heyətdə iclasın başlanması ilə qayıtdılar ki, bu iclasda dəvət olunmuş dövlətlərin də başçıları iştirak edirdilər.

Həllini tələb edən və üzv ölkələrin rəhbərlərinin qaldırdıqları əsas mənfi məsələ ittifaq daxilində ticarətdə maneələr məsələsi idi. Hələ ötən il Sankt-Peterburqdakı analoji görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko açıq şəkildə bildirmişdi ki, bu cəbhədə iş “yolverilməz tərzdə yavaş” aparılır.

Yerevanda Lukaşenko bir daha aradan götürülməsinin zəruri olduğu çoxsaylı maneələr haqqında söz açdı:

«Dövlət sifarişləri kimi hissiyyatlı sahələrdə tətbiq edildikləri halda bu, xüsusilə ehtiyatlandırır».

Belarus prezidenti bildirdi ki, effektiv iqtisadi ittifaq əldə etmək üçün çox qüvvə və vəsait sərf edilməlidir. Bununla yanaşı, o, Yerevanda AAİŞ-in ümumi maliyyə bazarının formalaşdırılması konsepsiyasının təsdiq edilməsini və kapital və xidmətlərin azad hərəkətinin təmin edilməsi üçün əsasların qoyulmasını müsbət qiymətləndirdi.

O ki qaldı Ermənistanın baş nazirinə, öz ölkəsinin sakinləri üçün öncül məsələ kimi işçi qüvvəsinin hərəkəti haqqında məsələnin həllinin vacibliyini vurğuladı. Onun fikrincə, AAİŞ çərçivəsində işçi qüvvəsinin hərəkətində mövcud maneələr ümumi əmək bazarının yaradılmasına maneə törədir. Bu məsələ isə əməkdaşlığın effektivliyinin artırılması məsədilə həll edilməlidir.

AAİŞ-in ümumilikdə fəaliyyətini qiymətləndirərkən Ermənistanın baş naziri dedi:

«Təşkilatımız ildən ilə möhkəmlənir. O, inteqrasiya birliyi kimi özünün həyat qabiliyyətini və cəlbediciliyini sübuta yetirib. Bu il AAİŞ-də sədrlik edən Ermənistan bu işdə gücü çatan əməyi sərgiləyir».

İttifaqda Ermənsitanın rolundan danışarkən Paşinyan qeyd edib ki, İran, Sinqapur və Moldova rəhbərlərinin iştirakı Ermənistanın sədrliyinin özünəməxsus zirvə nöqtəsi oldu.

Bu yaxınlarda AAİŞ Serbiya ilə azad ticarət haqqında saziş imzalayıb, Hindistanla, Misirlə və İsraillə danışıqlar aparılır.

Avrasiya iqtisadi komissiyasının ticarət üzrə naziri Veronika Nikişina bununla bağlı olaraq deyib:

«Biz yaxşı templərlə irəliləyirik və ciddi sıçrayışa hazırlaşırıq».

 Sinqapurla sazişlər

Sinqapurla AAİŞ arasında azad ticarət haqqında saziş Ali Avrasiya İqtisadi Şurasının iclası başa çatdıqdan dərhal sonra bağlandı.

Saziş bir çox mallara gömrük rüsumunun ləğvini nəzərdə tutur, lakin istisnalar da var.

AAİŞ-ə üzv ölkələrin təşəbbüsü ilə bəzi ərzaq məhsullarına (mal əti, süd, uşaq yeməyi, pendir, şəkər), həmçinin minik avtomobillərinə rüsumlar ləğv ediməyib.

Sinqapur gömrük rüsumlarını dərhal, AAİŞ ölkələri isə tədricən – 10 il ərzində ləğv edəcəklər.

Sinqapurla azad ticarət haqqında sazişdən əlavə, tərəflər hərtərəfli iqtisadi əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar.

 Ruhaninin bəyanatları

Sentyabrın 30-dan İran prezidenti Həsən Ruhani də Ermənistanda səfərdə idi. Bu, “məxməri” inqilabdan sonra onun Ermənistana ilk gəlişidir.

Ruhaninin sözlərinə görə, ilk dəfədir ki, ölkə regional iqtisadi birliyə qoşulur və bu, ABŞ-ın İrana güclü təzyiq göstərdiyi bir zamanda çox vacib addımdır.

AAİŞ-lə azad ticarət zonası haqqında sazişin imzalanması, onun sözlərinə əsasən, İranın regional və çoxtərəfli ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üzrə möhkəm siyasi iradəsini ifadə edir.

«İranın coğrafi mövqeyi Avropadan Asiyaya, qərbdən şərqə, şimaldan cənuba tranzitin həyata keçirilməsinə şərait yaradır. Biz bu imkandan ölkənin sabit inkişafı və iqtisadi inteqrasiyası üçün istifadə etməyə çalışırıq», – Ruhani qeyd edib.

İranla AAİŞ arasında azad ticarət zonası oktyabrın 27-də fəaliyyətə başlayacaq. AAİŞ-lə saziş qüvvəyə mindikdən sonra yüzlərlə İran malı xüsusi güzəştli şərtlərdən yararlana biləcək. Azad ticarət rejimi erkən yığım kənd təsərrüfatı məhsullarına və tikinti sahəsinə aid bəzi məhsullara şamil olunacaq.

Yerevanda İran prezidentinin Ermənistanın baş naziri ilə ikitərəfli görüşü də keçirilib.

Ermənistan İrandan 500-dən çox mala gömrük güzəştləri əldə edir

Ruhani qeyd edib ki, İran Ermənistanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir. O, həmçinin vurğulayıb ki, iki ölkə arasında mal dövriyyəsinin həcmi Paşinyanın komandasının fəaliyyəti dövründə artıb, birgə layihələr isə uğurla həyata keçirilməkdədir.

2009-cu ilin may ayının 15-dən Ermənistan İran-Ermənistan qaz kəməri vasitəsilə İrandan qaz alır. “Elektrik enerjisi əvəzinə qaz” proqramı çərçivəsində İran yanacağı Ermənistan ərazisində elektrik enerjisinə emal edilir ki, bu da 1 kub metr təbii qaza görə 3 kVt/saat nisbəti ilə İrana ixracat üçün nəzərdə tutulub.

«Biz “Elektrik enejisi əvəzinə qaz” proqramının həcminin artırılması və yeni layihələrin işlənib gerçəkləşdirilməsi ilə bağlı sizin hökumətinizlə işləməyə davam etməyə hazırıq. Eyni zamanda, biz qazın, küləyin və günəşin köməyi ilə Ermənistanda elektrik enerjisinin hasilatı üzrə layihələrin həyata keçirilməsinə hazırıq. Biz regional energetika layihələrinin həyata keçirilməsində və infrastrukturun inkişafında maraqlıyıq», – o deyib.


More on JAMnews