Öldürülənlər varsa, deməli öldürənlər də var. Yazıçı Ruta Vanaqayte onların adlarını sadalayıb " />

Yəhudiləri öldürən litvalılar. Holokost haqqında kitab Litvanı sarsıtdı

Öldürülənlər varsa, deməli öldürənlər də var. Yazıçı Ruta Vanaqayte onların adlarını sadalayıb

Xaçlar Dağı Litvada zəvvarlıq yeridir. Şaulyay şəhərindən 12 kilometr aralıda yerləşir. Zahiri oxşarlığına baxmayaraq, Xaçlar Dağı qəbiristanlıq deyil. Xalq deyiminə görə, Xaçlar Dağında xaç qoyan adamı uğur gözləyir. Həmin yerdə eyni zamanda 50 min xaçın olduğu güman edilir

Litvalı yazıçı Ruta Vanaqaytenin dərc etdirdiyi “Bizimkilər” adlı kitabı litvalıların İkinci Dünya Müharibəsi illərində Litvanın yəhudi əhalisinin məhvində rolundan bəhs edir.

Kitab bir anın içində bestseller oldu. Müəllif isə çoxları üçün öz vətəninə qara yaxan düşmənə çevrildi.

Hazırda isə Ruta Vanaqayte ünvanına səslənən təhdidlər səbəbindən daimi gərgin vəziyyətdə yaşayır. Ondan hətta köhnə dostları da üz çevirib.

“Bizimkilər” kitabının yaradılması ideyası və onu yazmağına görə peşman olub-olmaması barədə Ruta Vanaqayte Rusiyanın “Novaya qazeta” saytına müsahibəsində danışıb.

– Məktəbdə deyirlər: “Hitlerçilər 200 min litvalı yəhudini qətlə yetirib”, vergül, “bəzi əclaflar onlara kömək edib”, vergül, “amma (!) bir çox litvalılar onları xilas edib” – vəssalam. Bu, 45 dəqiqə ərzində tədris edilir. Mən məktəbdə oxuyanda “yəhudi” əvəzinə “sovet vətəndaşları” deyirdilər… Biz də – müstəqil Litvada! – bu ənənəni davam etdiririk, həqiqəti bilməmək, ondan imtina etmək.

– Sovet qoşunları Litvanı işğal edəndə – onlar 150 min əsgər idi. Almanlar gələndə Qırmızı ordu şərqə üz tutdu, bütün alman ordusu da onların arxasınca getdi. Litvada isə cəmi 600 alman qaldı. 600!

Üç ay ərzində 200 min adam qətlə yetirilib! 20 min litvalı almana işləyib. Almanlar hətta bir çox güllələnmələrdə iştirak etməyib. Amma hər şeyi almanların üstünə atmaq daha asandır.

– Mən təsəvvürümə gətirə bilmirəm, insanın başına güllə çaxmaq necə mümkündür. Amma yenə də onları başa düşməyə çalışdım: bax, indi o sadəcə hasarı, sonra da yəhudiləri topladıqları sinaqoqanı mühafizə edir, sonra onları müşayiət edir… sonra da o artıq quyunun ağzındadır və onun əlinə tüfəng verirlər… Və o, atəş açır. Onların şüurunda bu, artıq insan deyildi. Bu, ya nömrədir, ya da taxtabitidir… Axı antisemitizm də varıydı, təbliğat da. İnsan zəif məxluqdur. O, uyğunlaşır. Onun əsas instinkti sağ qalmaqdır.

– Baxın, məşhur rejissor Nyakroşus mənim ən yaxın dostumdur. İndi isə artıq dostum deyil, bu kitaba görə. Bu, çox ağırıydı. Biz bir yerdə oxumuşuq, çox şeydən keçmişik, 40 ilin dostu olmuşuq. Amma ona bu kitabı yazdığımı deyəndə qışqırdı: axı sən vətənini satırsan! Vəssalam. Və biz münasibətlərimizi kəsdik.

Mən məhkəməyə veriləcəyimdən qorxurdum – axı kitabda qatillərin adlarını çəkirəm.

– Amma heç kim məni məhkəməyə vermədi. Kiminsə məndən qisas almağından qorxurdum: evə maşında gəlib, faraları yandırıb, meşəyə işıq vururdum ki, nə olar, nə olmaz… Bilirdim ki, bu kitabla həyatımı zəhərləyəcəm. Amma nə olsun ki!

– Amma başqaları da varıydı. Tamamilə yad adamlar. Küçədə yaxınlaşırdılar. Minnətdarlıqlarını bildirirdilər. Deyirdilər ki, oxuyanda, ağlayırdılar. Valideynləri ilə mübahisə edirdilər. Onlar isı deyirdilər ki, mən Putindən pul almışam, yəhudilər isə istədiklərini alıblar. Bunlar isə əsəbiləşirdilər: “Necə yəni istədiklərini? İnsanları necə öldürmək olar?” Litva həqiqətən də iki yerə bölündü.

– 23 sentyabr tarixi Litvada Yəhudilərin Soyqırımı Günüdür. Həmişə də siyasətçilər bir yerə gedir – Ponarıya. Əklil qoydular, nəsə dedilər və çıxıb getdilər. Hər il eyni şeylər təkrar olunur.

Belə yerlərin sayı isə 227-dir. Çoxunu tapmaq belə çətindir.  

– Ötən il də mən “Facebook” vasitəsilə təklif etdim ki, insanlar gedib, yaxınlıqda olan həmin yerləri tapsınlar, ora kiçik daş parçası qoysunlar, şam yandırsınlar. Hər bir litvalı belə yerə 20-30 dəqiqəyə çata bilər.

– Yeddi yerdən insanlar cavab yazdı mənə. Necə olsa da, başlanğıcdır.

Ruta Vanaqayte məzarlıqlardan birində. Burada 1,767 nəfər var, onlardan 551-i uşaqdır. Dərənin perimetri üzrə daşlar yığılıb. Müəllifin fotosu/Novaya qazeta

More on JAMnews