Gürcüstanın dağ kəndləri boşalır. 15 yaşlı qızın həyat hekayəsi" />

Xatiya ərə getmək istəmir

Gürcüstanın dağ kəndləri boşalır. 15 yaşlı qızın həyat hekayəsi

Məktəbə qədər iki kilometr yolu piyada getməlidir. Dərslər səhər saat 9-da başlayır, Xatiya evdən səhər saat 8-də çıxır. Birinci sinif şagirdlərinin açıq dərsinə özünü çatdırmalıdır.

Əvvəlcə cığırla toxaclanıb bərkidilmiş torpaq yola çıxır, sonra yenə də cığırla tarladan keçir. Yağışdan yollar palçıq olub, buna görə də qəşəng qırmızı çəkmələrinin üstündən rezin qaloş geyinir.

Xatiya Qobadze Gürcüstanın Acara dağlarında yerləşən Tabaxmeli kənd məktəbinin 9-cu sinfində oxuyur. Birinci sinifdə düz üç uşağın olmasına çox sevinir. Həm də çox təəssüflənir ki, özü məktəbi təntənəli son zəng və vida mərasimi keçirilmədən bitirməli olacaq – artıq neçə ildir ki, o sinfin yeganə şagirdidir.

“Oxumağı sevirəm, xüsusən də biologiyadan xoşum gəlir, müəllimlərim də yaxşıdır. Amma sinifdə təkəm və darıxıram. Dostlarım olsaydı daha böyük məmnuniyyətlə və həvəslə oxuyardım.

Onun uzun qara saçları var, hörük hörməyi sevmir. 15 yaşlı Xatiya həkim olmağı arzulayır, halbuki ailənin maddi vəziyyətinin pis olduğunu bilir və fərqindədir ki, valideynləri universitetin təhsil haqqını ödəyə biləcək durumda deyil.  

Həm də o qorxur ki, valideynləri onu tələsik ərə vermək qərarına gəlsinlər. Belə olsa, o, kənddəki bir çox gənc qız kimi evdar xanım olacaq və həkim olmaq arzusu yerinə yetməyəcək.

“Çox yaxşı oxumaq lazımdır”, – o deyir. – “Onda bəlkə böyüyəndən sonra yaxşı qazana biləcəm və özüm öz taleyimi həll edəcəm.

Tabaxmeli kəndi dəniz səviyyəsindən 1,050 metr hündürlüyündə yerləşir və Xulo bələdiyyəsinə aiddir. Diyar özünün sərt qışı ilə məşhurdur. Bəzən qar bütün yolları örtür və kənd sivilizasiyadan təcrid olunur. 

Amma yay fəslində də bura gənclər üçün o qədər də perspektivli yer deyil.

Əyləncə ancaq yerli xarakterlidir. Gənc oğlanlar kəndin mərkəzində yığışıb, kart oynayır. Bundan başqa oturub mobil telefonla “Facebookda kimin nə yazdığını oxumaq olar.  

Kənddə bircə mağaza var. Xatiya deyir ki, hərdən, bəxtin gətirsə burada Batumidən gətirilən qəşəng reytuz almaq olar.

Bütün bu səbəblər üzündən imkan düşən kimi gənclər buranı tərk edib, təhsillərini Batumiyə daha yaxın yerləşən Daba Xulo kənd məktəbində və ya ən yaxşı halda Batuminin özündə davam etdirməyə çalışırlar.

Taxtadan tikilmiş birmərtəbəli məktəbdə ümumilikdə 11 şagird var, onlara 14 müəllim dərs deyir. Məktəb direktoru Otar Qobadze siniflərin divarlarında şagirdlərin xeyli əvvəl qoyub getdikləri şəkillərə və cədvəllərə sakit, emosiyasız baxa bilmir.

O deyir ki, məktəb əvvəldən 60 şagird üçün nəzərdə tutulmuşdu. Sonra miqrasiya başladı, insanlar həyat şəraitinin daha yaxşı olduğu yerlərə: bəziləri Salkaya, digərləri Batumiyə üz tutdular.

“Miqrasiya həm kəndə, həm də məktəbə problemlər yaratdı. Bu gün üçüncü, dördüncü, beşinci və doqquzuncu siniflərin hər birində bir şagird var. Bütün həyatımı uşaqlarla bu məktəbin divarları arasında keçirmişəm, bu gün isə bir vaxtlar canlı, fəal kəndin necə boşaldığına baxıram.

Marina Tavartkiladze də Tabaxmelidə, amma Xatiyanın ailəsindən fərqli olaraq, kəndin mərkəzinə daha yaxın yaşayır. Marina deyir ki, insanlar kəndi iş yerlərinin olmadığına görə tərk ediblər, daha bir səbəb həyat şəraitinin XVII əsrdəki kimi olmasıdır. Üç övladı var, amma tək yaşayır – övladlarının üçü də Batumiyə köçüb və onları gec-gec görür. Deyir – yaxşı ki, mobil telefon var.   

“Cavanlara gözəl dağlar və təmiz hava ümumiyyətlə lazım deyil, – Marina deyir. – Onlara kinoteatr, diskoteka və çox işıqlı küçə lazımdır. Əlbəttə, həm də iş yerləri.

Anzor Bolkvadze Gürcüstan Parlamentinin deputatıdır. Tabaxmelidə deyil, Xulo rayonunda, qonşuluqdakı kənddə anadan olub, böyüyüb. O, Parlamentdə yüksək dağ regionlarını təmsil edir. 

“Acarada vəziyyət Gürcüstanın başqa dağ regionlarına baxanda hələ yaxşıdır. Dağ regionlarına dəstəklə bağlı yeni qanun çoxlu imtiyaz nəzərdə tutur, misal üçün, müəllimlər daha yüksək maaş alacaqlar. Bütün bunlar dağlarda qalıb yaşayanlara kömək etməli, köçənlərdən çoxuna isə qayıtmaq üçün stimul olmalıdır, – deputat deyir.

Emine Abuladze artıq 15 ildir ki, Tabaxmelidə gürcü dili və ədəbiyyat fənnini tədris edir. Ailə üzvləri çoxdandır ki, Batumiyə köçüb. O isə məktəbi və artıq doğmalaşan insanları atıb gedə bilmir, indi də Tabaxmelidə tək yaşayır. 

“Məktəb açılan gündən burada dərs deyirəm. Uşaqlarımız aktivdir, hər sinifdə az uşaq olduqları üçün faktiki olaraq onlarla individual rejimdə işləyirik, hər gün biliklərini yoxlayırıq. Bunun mənfi tərəfi də var – şagirdlərimiz yaşıdları ilə kollektiv işə alışmayıblar, bu da onlarda kommunikasiya ilə bağlı problemlərin yaranmasına səbəb ola bilər. 

Xulodakı resurs mərkəzinin rəhbəri Eduard Mikeladzenin sözlərinə görə, şagird azlığı rayonun 49 ümumtəhsil məktəbindən 11-də qeydə alınıb. Ən çox – 315 şagird Daba Xulo kənd məktəbindədir.

Eduard Mikeladze deyir ki, rayondakı dinamika təəssüf doğurur: kəndi müvəqqəti olaraq oxumaq və haradasa işləmək üçün tərk edənlər bir qayda olaraq, geri qayıtmırlar. 

“Qanunvericiliyə görə, məktəbdə bir nəfər də olsun şagird varsa, məktəb işləməlidir, – Milekadze deyir. – Rayonun demək olar ki, bütün məktəbləri qaydaya salınıb, infrastrukturla təmin olunub. Amma insanlar ailəlicə kəndi tərk edir – kimsə sosial şəraitə görə, kimsə başqa səbəblərdən. Çox yerdə təkcə qocalar qalır.

Xatiya məktəbdən piyada qayıdır, artıq qaranlıq düşüb. Uzun qarlı qış başlayıb, kəndlilər çatdırıb, kartofu yığmalıdır. Buna görə də Xatiya evə deyil, düz ailələrinə məxsus kartof sahəsinə, valideynlərinə kömək etməyə gedir. Hər il Xatiya Qobadzenin ailəsi 20 tona yaxın kartof toplayır.


More on JAMnews