“Bir saniyəmə də heyfim gəlmir. Onların hər biri növbətisini daha dəyərli, mənalı edib. Burada olmaq üçün bütün bunlardan keçməyə dəyərdi”, - Ani deyir. " />

Xərçəngdən sonra həyat – Ermənistandan əhvalat

“Bir saniyəmə də heyfim gəlmir. Onların hər biri növbətisini daha dəyərli, mənalı edib. Burada olmaq üçün bütün bunlardan keçməyə dəyərdi”, - Ani deyir.

Diaqnoz – xərçəng

“Diaqnozumu eşidən kimi düşündüyüm ilk şey o oldu ki, Oksforda təcili zəng etmək və məşğələlərə gecikəcəyimi demək lazımdır”, – Ani Oksforddakı günəşli otağından gülümsəyərək skaypla danışır.

 

Qolundakı ağrıların səbəbini öyrənmək üçün həkimə müraciət edəndə Aninin 30 yaşı vardı. Müayinə bir neçə saat çəkdi və bu diaqnozlyekunlaşdı: süd vəzisinin aqressiv xərçəngi.

«Maraqlıdır, lakin həmin an mən qorxmadım və dərhal qərara aldım ki, heç bir halda pis şeylər barədə düşünməmıliyəm, bu yalnız sınaqdır – öhdəsindən gələrəm. Həkimlər mənə baxırdılar – heç vaxt həmin baxışları unutmaram. Hüzrlə deyil, sadəcə acıyaraq baxırdılar.

Elə həmin gün evdə ailəlikcə qərar verdik: biz ölümlə həyat arasında seçim etməyəcəyik, vaxt itirmədən, emosiyalara qapılmadan işə başlayacağıq», – Ani deyir.

 

 

Ermənistanda ən çox yayılmış bədxassəli şiş növlərindən biri süd vəzisinin xərçəngidir. Hər il yerli həkimlər təxminən 1200 yeni hal müəyyən edirlər. Bunların üçdə bir hissəsi reproduktiv yaşda olan qadınların payına düşür.

Bu hadisəyə az qalmış Ani Britaniyanın Oksford Universitetinə daxil olmuşdu – ən böyük arzusuna çatmışdı. İndi isə ən qorxduğu perspektiv bundan məhrum olmaq idi:

«Mən universitetə yazdım. Oksforddan aldığım cavab çətinlikləri dəf etməkdə çox köməyimə gəldi: onlar mənim yerimi saxlayacaq və sağalıb oxumağa gedəcəyimi gözləyəcəklər. Bundan sonra terapiyanın hətta ən çətin dövrlərində mən özümə deyirdim: bir arzuna artıq çatmısan, indi yeni mərhələdir, hər şey yaxşı olacaq».

Əmin edir ki, bütün xəstəliyi boyunca heç vaxt təslim olmaq barədə düşünməyib, çünki məğlubiyyət bunun mümkünlüyü haqqında fikirdən başlayır. O isə məğlubiyyəti tanımır.

Xərçənglə həyat

«Mən xərçənglə yaşamağa öyrəşdim. Ailəm belə yaşamağı öyrətdi. Bu çətindir. Çox çətindir. Bəzən kimya terapiyası kursları dözülməz dərəcədə çətin olurdu, elə gəlirdi ki, bundan o tərəfə dözmək mümkün deyil. Lakin bu da mənim üçün çox vacib mərhələ idi: mən əvvəllər diqqət yetirmədiyim şeyləri qiymətləndirməyə başladım», – Ani deyir.

Ermənistanda ölümlərin 20 faizi bədxassəli şişlərin payına düşür. Ən çox belə hala 2015-ci ildə rast gəlinib – 6069. Regionda ağciyər və süd vəzisi xərçəngindən ən böyük ölüm göstəricisi Ermənistandadır.

Bu günlərdə qız həm də birdən anlayıb ki, dünyada və onunla yanaşı təsəvvür edilməyəcək dərəcədə güclü və yaxşı insanlar var. Onlar hər dəqiqə kömək etməyə hazır idilər və onlardan bunu heç xahiş də etmək lazım deyildi.

«Anladım ki, qismətimə ən yaxşı ailə, qohumlar, dostlar düşüb. Onlar özləri internetdə vəsait toplanmasına başlamışdılar ki, müalicə xərclərim ödənilsin. Hər dəfə sürprizlər və bayramlar fikirləşirdilər ki, məni ruhlandırsınlar, müalicə prosesini daha dözülməli etsinlər.

Heç kimdə bircə dəfə də olsun ümidsizlik kölgəsi belə görmədim. Onların inamı və çox zəruri praktiki yardımları məni belə düşünməyə vadar etdi ki, mən yalnız mübarizə aparıb sağalmamalıyam, öz həyatımla, öz nümunəmlə nəyisə dəyişməliyəm», – Ani deyir.

Həkimlər belə hesab edir ki, Ermənistanda xərçəng gəncləşib. 2014-cü ilə qədər ona daha çox 40-60 yaş qrupunda rast gəlinirdi. Son illərdə isə, misal üçün, qalxanabənzər vəzinin xərçəngi daha çox 20-30 yaşlılarda rast gəlinməyə başlayıb. Mütəxəssislər bunu stress, tütün çəkmək, alkoqoldan sui-istifadə, izafi çəki ilə izah edirlər. Bundan başqa, gənclər daha çox müayinə olunmağa başlayıblar ki, bu da xəstəliyin aşkarlanması faizini artırır.

Müalicə prosesində Ani bir çox xoşagəlməz vəziyyətlərə düşüb. Deyir ki, xəstəliyi barəsində eşidənlərin çoxu dərhal ölübmüş kimi başsağlığı verirdilər. Eyni zamanda, elə hallarla qarşılaşıb ki, xəstələr özləri xəstəliklərindən biabırçılıq kimi utanırlar, onu gizlətməyə çalışırlar.

«Bir dəfə bir işə görə banka getmişdim. Növbəm çatanda mənə xidmət edən qız gördü ki, saçlarım yoxdur, yəqin ki, kimya terapiyasının başqa nəticələri də nəzərə çarpırdı. O, həmkarından xahiş etdi ki, onu əvəz etsin. Anladım ki, insanları bu xəstəliklə könüllü təmas dəhşətə gətirir. Bu məni incitmədi, sadəcə olaraq, başa düşdüm ki, insanlar kifayət qədər məlumatlı deyillər və bu boşluğu aradan qaldırmaq lazımdır».

Həm də müalicə çox bahadır. Düzdür, bəzi dərmanlar onkoloji xəstələrə pulsuz verilir, lakin bunlar nəinki həyatı xilas etmək üçün, hətta vəziyyəti yüngülləşdirmək üçün belə kifayət etmir:

«Xərçəngin müalicəsində ən vacib olan yarı yolda dayanmamaqdır. Lakin hamı bunu özünə rəva görə bilmir. Bəzi preparatların bir ampulu 800 min dramdan ($1650) bahadır, müalicənin gedişində isə on belə doza tələb oluna bilər. Mənim iki işim vardı, kənara qoyduğun hər hansı məbləğ var idi, lakin mənə də çox tezliklə maddi yardım lazım oldu».

Xəstəliyin həyəcanverici göstəricilərini nəzərə alaraq, 2011-ci ildə hökumət “Bədxassəli törəmələrlə mübarizə Strateji Proqramı”nı təsdiq etdi. Həmin sənədə əsasən, 2015-ci ildən başlayaraq bütün qadınlar uşaqlıq boynunun xərçənginin erkən aşkarlanması üçün pulsuz skrininq müayinəsindən keçmək imkanı əldə etdilər. 2017-ci ildən isə onlara uşaqlıq boynu xərçənginin yaranmasının səbəblərindən biri olan insan papilloması virusuna qarşı pulsuz peyvənd edilir.

Müalicə prosesində Ani eyni diaqnozu olan insanlarla daha çox ünsiyyətdə olmağa başladı. Ən çətini isə yeni dostlarının itkisi idi:

«Bir qızla möhkəm dost olmuşduq. Həmin üç il ərzində həyatımın ən çətin günü onun artıq həyatda olmamasını öyrəndiyim gün oldu. Həmin an mənim də həyatım qırıldı. İnana bilmirdim ki, həgmin işıqlı, gülümsər, bu qədər yaşamaq istəyən qız artıq yoxdur. Bu düzgün deyil, heç düzgün deyil. Mən çoxdan xərçənglə mübarizə haqqında düşünürdüm, amma həmin itki hərəkətə keçmək üçün işarə oldu».

Və o, “Ani Aykuli xərçəng xəstələrinə yardım fondu”nu təsis etdi. Bu iki il əvvəl olub. Ötən vaxt ərzində fond artıq süd vəzisi xərçəngi aşkarlanmış 17 imkansız qadına kömək edib.

Ani təəssüf edir ki, hələlik fond müalicə xərlərini tamamilə qarşılaya bilmir, lakin əmindir ki, hətta azacıq kömək belə hər bir xəstə üçün vacibdir:

«Bu ümid verir, hər şeyin itmədiyini anlamağa kömək edir. Bu problemlə qarşılaşan hər kəs bilməlidir ki, diaqnozunu öyrəndiyin gün sən qələbəyə əmin olmalısan, məğlubiyyət isə ümumiyyətlə müzakirə olunmur. Sənin qələbə şansın cəmi bir faiz təşkil etsə belə, irəli getməlisən».

Xərçəngdən sonrakı həyat

«Xəstəliyimə minnətdaram, çünki indi öz missiyamı bilirəm: mən insanlara kömək etməliyəm. İnsanın üzündə təbəssüm görmək, insanlara yardım edə biləcəyini, hətta onları xilas edə biləcəyini hiss etmək böyük xoşbəxtlikdir və buna görə yaşamağa dəyər», – Ani deyir.

Xərçənglə qarşılaşmış insanlara sadəcə təslim olmamağı məsləhət görür.

«Mən heç vaxt “olumla ölüm” arasında seçim etməmişəm. Mən olmağa qərar verdim. Mənim həyatım hamı üçün nümunədir: həyatı seçməklə xərçəngə qalib gəlmək mümkündür. Həyat gözəldir və onu yaşamağa dəyər. Qorxu isə heç bir şeydir və ona həyatın dəyərli saniyələrini sərf etməyə dəyməz».

Xərçəng xəstəliklərinin 40 faizinin qarşısını almaq və dəf etmək mümkündür. Xəstəlik nə qədər erkən müəyyənləşdirilərsə, müsbət nəticəyə şans da bir o qədər çox olar. Xərçəngin ən çətin mərhələləri – üçüncü və dördüncü – erkən mərhələlərə nisbətən Ermənistanda 10 faiz daha çox aşkarlanır. Əsas səbəb isə insanların həkimə gec müraciət etmələridir.

Uzun müalicə prosesində Ani foto sənətini öyrənib, rəssamlıqla məşğul olub. Ermənistanda onun bir neçə bitməmiş rəsmi qalıb, lakin o, buna görə təəssüflənmir. Qarşıda onu uzun və xoşbəxt həyat gözləyir – onları bitirib yenilərini başlamağa macal tapar.

«Bir saniyəmə də heyfim gəlmir. Onların hər biri növbətisini daha dəyərli, mənalı edib. Burada olmaq üçün bütün bunlardan keçməyə dəyərdi», – Ani deyir.


More on JAMnews