Azərbaycanda doğuş: bu nə dərəcədə baha və nə dərəcədə təhlükəlidir?" />

Uşağın həyatı neçəyədir?

Azərbaycanda doğuş: bu nə dərəcədə baha və nə dərəcədə təhlükəlidir?

Salyan şəhərinin (Bakıdan 130 kilometr aralıda) doğum evində iki yeni doğulmuş körpənin ölünümdən bir ilə yaxın vaxt keçib. Abdullayeva Mirzabitə iyunun 20-də Salyan şəhərinin mərkəzi kliniki xəstəxanasında 3 sağlam oğlan uşağı dünyaya gətirib. Üçəmlər küves aparatına yerləşdirilib (əkizlər və üçəmlər doğulduğu zaman adi haldır – onların çəkisi adi uşaqların çəkisindən az olur).

Gecə isə üçəmlərdən ikisi ölüb. Salyan rayonunun prokurorluğu cinayət işi açmışdır. Versiyalardan birinə görə, körpələrin ölümünə səbəb həmin gecə xəstəxanada işığın sönməsi olub.

baku.ws saytında gedən məqalədə deyilir ki, xəstəxanada əlavə generator var, amma işləmir. 

Faciə böyük səs-küyə səbəb olub, mətbuatda və televiziyada işıqlandırıldı, sosial şəbəkələrdə müzakirə olunurdu. Amma üstündən bir ay keçəndən sonra istintaqın nəticələri ilə heç kim maraqlanmırdı.

Üstəlik bu, mamalıq və ginekologiya sahəsində ilk qalmaqal deyildi.

Narazılıqlarını bildirib, unutdular

Misal üçün, Bakı əyalətlərindən birində, gənc qadın düz səkinin üstündə uşaq dünyaya gətirmişdi, çünki poliklinika işçiləri ona kömək etməkdən imtina edərək, xəstəxanaya göndərmişdilər. Təbii ki, qadın xəstəxanaya qədər gedib çıxa bilməmişdi. Təcili tibbi yardım maşını gəlib çıxana qədər uşaq artıq ölmüşdü.

Bu hadisə sosial şəbəkələrdə əməlli-başlı səs-küyə səbəb oldu. Tibb işçilərinin ünvanına bütün ağıla gələn və gəlməyən qarğışlar yağdırıldı. İnsanlar deyirdilər ki, istənilən poliklinikada ginekoloji otaq var və ümumiyyətlə həkimlər Hippokrat andı içib və kömək etməyə borcluydular. Amma kimisə məsuliyyətə cəlb etmək üçün sosial şəbəkələrdə status yazmaq çox azdır, zərərçəkənlərin özlərinin böyük səy göstərməsi lazımdır. Buna görə də heç bir nəticə olmadı – danışıb-danışıb, unutdular.

Düzdür, bir neçə gün sonra başqa bir versiya da ortaya çıxdı: Təcili yardımın baş həkimi Rauf Nağıyevin şərhinə görə, doğan qadın qaraçı olub, təcili tibbi yardım maşınında sağlam uşaq dünyaya gətirib, bundan sonra da xəstəxanaya çatdırılıb.

Rəqəmlər

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ana ölümlərinin 99%-i inkişaf etməkdə olan ölkələrdə baş verir, dünyada isə hər gün hamiləlik və doğuşla bağlı olan və qarşısı alına biləcək səbəblərdən 830 qadın ölür. Ümumilikdə isə dünyada 1990-cı ildən 2015-ci ilə qədər ana ölümü təxminən 44% azalıb. Uşaq ölümünə gəlincə, onun ölçülməsi üçün xüsusi əmsal mövcuddur – bir yaşına qədər ölən uşaqların sayının il ərzində ölən 1000 nəfər yeni doğulmuş körpənin sayına bölünməsi. BMT-nin məlumatlarına görə, körpə ölümünün orta əmsalı 50-dir.

Həkim-ginekoloq Lalə İmanovanın dediyinə görə, bizdə də ana və uşaq ölümlərinin statistikası var, onun da əmsalı az-çox stabildir. “Sadəcə bununla bağlı faktlardan danışılmır, amma bu təəssüf ki, az-çox təbii prosesdir.

Ümumiyyətlə, uşaq ölümü Azərbaycan statistikasının heç sevmədiyi “mənfi göstəricilərdən biridir. Bu ölümlərin səbəblərinin təhlili elə də asan iş deyil, çünki heç də hər belə hadisədən sonra faciənin səbəbləri müəyyən olunub, fiksə edilmir.

Səhiyyə Nazirliyi mətbuata münasibətdə ən “qapalı nazirliklərdən biri sayılır – mətbuat xidməti ictimaiyyətə misal üçün, hansısa virusun epidemiyası və ya bir neçə yüz adda dərman preparatının dövriyyədən çıxarılması ilə bağlı press-relizləri və rəsmi məlumatı təqdim edir. Rəsmi saytda olan “gecə-gündüz vətəndaşlar üçün çalışan” qaynar xəttə müraciət edib, şikayətini bildirmək olar. Amma bu xəttə daxil olan müraciətlərin sayı və çeşidi hələlik nazirliyin daxili işi olaraq qalır, çünki mətbuatda belə bir məlumat yoxdur.

Mərkəzi Kəşfiyyat İdarəsinin statistikasına görə, Azərbaycanda körpə ölümünün 2014-cü ilə olan əmsalı 26,67 təşkil edib (Surinamla – 26,55 Zimbabve arasında – 27,07). Müqayisə üçün deyək ki, Ukraynada bu göstərici 8,10-a, Polşada isə 6,19-a bərabərdir.

Pullu və pulsuz tibb

Dövlət doğum evi postsovet məkanının bir çox ölkəsində xoş olmayan yerdir: pis şərait, işçi heyətin kobud davranışı, sonu görünməyən xərclər (söhbət xidmətin rəsmi qiymətindən deyil, personalın xalatının cibinə qoyulmalı olan rüşvətdən gedir).

İmkanı olanlar çox sayda olan özəl klinikalarda doğmağı üstün tutur. Burada doğuşun qiyməti 700 manatdan 1600 manata qədərdir ($460-$1050). Bu məbləğə hər şey daxildir: anesteziya, ayrıca sanitar qovşağı olan təmiz və rahat palatada doğuşdan sonrakı qulluq, yemək, uşağın ilk peyvəndləri.

Dövlət doğum evlərində həkimə 500-800 manat vermək lazımdır. Ən yaxşı halda, nümunəvi dövlət doğum evlərində bununla da hər şey bitir. Əksər hallarda isə bu məbləğə həm də müxtəlif analizlərin qiymətləri, tibb bacılarına uşağı bələmək üçün verilən kiçik “rüşvət” və ya misal üçün, xəstəxanadan çıxarkən ənənəvi “hörmət” də əlavə olunur. Son nəticədə doğuşun qiyməti az qala özəl klinikadakı qiymətlərə bərabər olur.

Dövlət xəstəxanası əksər vaxtlarda risk və ekstrimdir. Gənc ana danışır: “Mənə 2012-ci ildə qeysəriyyə əməliyyatı etdilər, ikinci gün oradan [xəstəxanadan] qaçdım. Mənə dedilər ki, həkim yatır, oyanandan sonra yaxınlaşacaq sizə. Belimə üç dəfə iynə [anesteziya] vurdular, hələ də əziyyət çəkirəm. Sonra da gecə saat birdən səhər saat beşə qədər dəhşətli üşütməm oldu. Uşaq üçün boks tapılmadığı üçün, onu qonşu çarpayıya uzadıb, yorğanla elə örtdülər ki, uşaq az qala boğulacaqdı, titrəməkdən danışa bilmirdim – tibb bacısını güclə çağırdım.

Sonra qəhrəmanımızın bəxti gətirib, palatada onunla birlikdə təcrübəli analar yatırmış, onlar ona körpəyə qulluqda kömək ediblər. Su üçün ümumi dəhlizin bir başına, yemək qızdırmaq üçün o biri başına getmək lazımıymış. O, dövlət xəstəxanasına müraciət etməklə qənaət edəcəyini düşünsə də, qənaət etdiyi məbləğin həcmi cəmi 200 manat olub, çünki nevropatoloq, pediatr, tibb bacıları və hətta xəstəxanadan çıxarkən uşağı geyindirən “xüsusi qadının” (ananın özünə bunu etməyə icazə verməyiblər) hər birinin cibinə on-on beş manat qoymalı olub.

Təhlükəli vəziyyətlər barədə hekayələr də nadir hal deyil. Gənc qadın danışır ki, sancılar zamanı ağrıdan qışqırmağa başlayanda onu “psixi xəstə kimi çarpayıya bağlayıblar. Sonradan doğuşla bağlı problemlər yaranıb. Həkim də deyib ki, 15 dəqiqə ərzində qeysəriyyə əməliyyatı olunmasa, uşaq ölə bilər. “Baş həkim isə qeysəriyyə əməliyyatına razılıq vermək istəmirdi və bunu “bizə qeysəriyyə əməliyyatını qadağan ediblər”lə izah edirdi. Yoldaşım uzun-uzadı onunla dava etdi, o isə heç cür “qanunu pozmağa” cəsarət edə bilmirdi. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı, nəhayət, razılıq ala bildik”.

Qadınlar həmişə həvəslə belə hadisələri danışsa da, xəstəxanaların və öz adlarının açıqlanmasına qarşı olurlar. Ya sadəcə qalmaqalın yaranmasını istəmirlər, ya da həmin xəstəxanaya ikinci və ya üçüncü hamiləliklə gələcəklərini düşünürlər. Bəzən isə bu, qohumları tərəfindən ittiham olunmaq qorxusu ilə bağlı olur – şərq qadını doğuş barədə danışmamalıdır, bu ayıb sayılır.
Amma hər halda bu hekayədə xəstəxananın adı verilir: “2000-ci ildə Krupskaya adına xəstəxanada doğmuşam. Belə alçaq adamlara həyatımda rast gəlməmişəm. Bütün tibbi heyət özünə qulluq edən, bahalı paltarda, qızıl-brilyantlı qadınlar idi. Amma əsl dilənçi kimi davranırdılar. Səhər yeməyinə gəlirdilər, bir pasientdən çörək, başqasından pendir, üçüncüdən yağ istəyib, yeyirdilər. Sonra da gəlib, xəstələrin dolabçalarında axtarış aparırdılar, “sənə dolma gətiriblər? Sənə dolma olmaz, özümə götürürəm”, “mandarin olmaz, götürürəm”. Mən qışda doğmuşdum, çox soyuq idi. İsti su yoxdu. İsti su ilə yuyunmaq istəyənlərə bir banka isti suyu 3 manata satırdılar”.

Ədalət naminə bütün dövlət doğum evlərində vəziyyətin bu cür olmadığını demək lazımdır. Bir neçə “nümunəvi xəstəxana” var ki, burada iş “qərb standartları ilə” aparılır, xidmətlər özəl xəstəxanaların xidmətlərindən demək olar ki, fərqlənmir. 

Səngərin qrşı tərəfində

14 il ərzində doğum evində baş tibb bacısı işləyən Səbinə Əhmədova (adı məlum səbəblərdən dəyişdirilib) bu xəstəxanaların “mətbəxindən” danışır.

2000-ci ildən 2014-cü ilə qədər o, dövlət doğum evlərindən birində tibb bacısı işləyib.

“Doğum evinin siyasəti ancaq baş həkimdən asılıdır, – Səbinə izah edir. – Əvvəlcə bizdə baş həkim şəhərdə məşhur olan bir həkim idi. Onun “hakimiyyəti vaxtında yeganə məqsəd pul qazanmaqdı. Xəstəxana fonduna pul yığılırdı. Əslində, bu pul inventarın, dərman preparatlarının və s. alınmasına xərclənməlidir. Amma heç nə alınmırdı. “Fond pulu xəstələrdən rüşvət şəklində alınırdı, müəyyən faiz rüşvət yığana – tibb bacısına, sanitara, həkimə çatırdı, qalan pul isə yuxarı instansiyalara verilirdi.

“Hər gün işə böyük çanta ilə gedirdim, – Səbinə danışır, – özümlə bint, iynə, plastır götürürdüm. Bütün bunlar doğum evlərinə dövlət tərəfindən verilir, əslində isə inventarımızın hara yoxa çıxdığını bilmirəm. Ola bilsin, baş həkim təsərrüfat hissəsinin müdiri ilə birlikdə onların hamısını mağazalara satırırdı.

Doğum evində işləyən tibb bacılarının əmək haqqı 120 manatdır ($80). Baş tibb bacısı isə 160 manat almalıdır. Amma bu, tam maaşdır. Tam maaşı isə heç kim almırdı, çoxları 50-60 manat alırdı. Bu puldan həm də bəzi ehtiyaclara pul ayırmaq lazım olurdu: “Xalat tikmək üçün topdan metrlərlə material alırdıq. Bu, hazır xalat almaqdan daha ucuz başa gəlirdi.

“Bunun nə dərəcədə alçaldıcı olduğunu təsəvvürünüzə gətirə bilməzsiz: xəstədən pul istəmək, götürmək, sənə qəpik-quruş vermək üçün əlini cibinə salmağını gözləmək. Həkimlər bizə deyirdi: “Götürəndə elə edin ki, səs-küy olmasın. Əks halda özünüzdən küsün.

Sonra da doğum evinin baş həkimi dəyişdi. “6-cı doğum evindən həkim Nigar Axundova gəldi. Biz ilk dəfə əvvəl bizdə olduğu kimi deyil, başqa cür də işləməyin mümkün olduğunu öyrəndik, – tibb bacısı danışır. – O, xəstəxanamız üçün yeni avadanlıq, təzə masalar, yeni doğulmuş körpələr üçün küvetlər gətizdirdi. Bizə hər şey verdilər – yeni çarpayılar, yataq dəstləri, başqa xırda şeylər haqqında heç danışmıram da. Biz hətta dəftərxana ləvazimatları, stəkan və sabun da aldıq. Demə, bütün bunlar dövlət tərəfindən verilirmiş.

Doğuş, əməliyyat və müalicəyə görə pasientlər tərəfindən ödənilən vəsait hesabına formalaşan fonddan tibb bacıları və sanitarlara hər gün müəyyən məbləğdə pul ayrılırdı. Zahı qadınlardan xırda xidmətlərə görə pul almaq qadağan olundu. İşçi heyət artıq yuxarı instansiyalara pul ödəməli deyildi. “Biz nəhayət, normal işləməyə və yaşamağa başladıq”, – tibb bacısı danışır.

Bakıda pulsuz doğuş mümkündürmü?

“Ən son” səs-küylü hadisələrdən biri Avropa ölkəsindən olan emiqrant xanımın yerli forumlardan birində dərc olunan hekayəsi oldu. Həmin vaxt bunu şəbəkələrdə bölüşür, bir-birinə göstərirdilər. İş orasındadır ki, uşaq gözləyən cütlük müsəlman idi və rüşvət vermək kimi haram bir işə əl atmaq istəmirdi.

“Azərbaycanda biz “şirinlik” adlı çox geniş yayılmış bir virusla üzləşdik – onu hər yerdə, uşaq bağçalarında, məktəblərdə, xəstəxanalarda, başqa idarələrdə verirlər”, – qız danışır, – “amma biz özümüz üçün başqa bir yol seçdik, “daha az vermək” yox, “ümumiyyətlə pul verməmək” yolunu”.

Ər-arvadın özəl klinikaya getmək imkanı olmadığı üçün, onlar dövlət doğum evinə müraciət ediblər. Onlar orada bütün ənənəvi neqativ hallarla üzləşməli olublar – yorğan-döşək ağının, yastıqların olmaması, masanın üstü ilə gəzən qarışqalar, diqqətsiz həkim, 50 manat məbləğində maaş aldığını etiraf edən heyət və s. Doğuşdan sonra kişiyə pul mükafatı verməli olduğuna eyham vurmağa başlayıblar, o isə başa salıb ki, pul verməyəcək, çünki bu, günahdır, arvadı və ya uşağının başına bir şey gəlsə onlar qanun qarşısında cavab verməli olacaqlar. Görünür, bunun təsiri olub, çünki yenicə ana olmuş qadın xəstəxanadan çıxan günə qədər onun başına dolanıblar.

Xəstəxanadan çıxanda valideynlər işçi heyətinə böyük tort gətirib, onlar üçün dua edəcəklərini deyiblər.


More on JAMnews