Qərarı Ali Rada qəbul edib, yeni seçilmiş prezident tarixdən narazı qalıb" />

Ukraynanın yeni prezidentinin inauqurasiyası mayın 20-də baş tutacaq

Qərarı Ali Rada qəbul edib, yeni seçilmiş prezident tarixdən narazı qalıb

Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskinin inauqurasiyası bazar ertəsi, mayın 20-də baş tutacaq. “Hromadske”nin məlumatına görə, bu qərarı Ukrayna Ali Radası qəbul edib.

Daha əvvəl deputatlar inauqurasiyanın yeni seçilmiş prezidentin təklif etdiyi kimi bazar günü, mayın 19-da keçirilməsini rədd etmişdilər. Onun tərəfdarları Rada qarşısında etiraz aksiyası keçirərək, inauqurasiyanın həmin günə təyin edilməsini tələb edirdilər.

REUTERS/Valentyn Ogirenko

Vladimir Zelenskinin qərargahı parlamentin qərarına kəskin reaksiya verib. Zelenskinin siyasi məsələlər üzrə müşaviri Dmitri Razumkovun bildirdiyi kimi, “xalq deputatlarının bir hissəsi ölkə prezidentinin və seçkilərdə onu dəstəkləyən Ukrayna vətəndaşlarının təklifini dəstəkləməmək üçün istənilən yolla getmək qərarına gəlib”.

Razumkov qeyd edib ki, deputatlar inauqurasiyanı bazar ertəsinə təyin etməklə xarici qonaqların dəvəti ilə bağlı problem yaradıblar, çünki beynəlxalq nümayəndə heyətləri üçün bazar gününə uyğunlaşmaq və öz qrafiklərinə düzəliş etmək daha asan olardı.

Bundan başqa, Razumkov hesab edir ki, parlament inauqurasiya mərasimini bazar gününə yox, iş həftəsinin ilk gününə təyin etməklə Kiyev sakinləri üçün də böyük narahatlıq yaradıb.

Ukraynada analitiklər hesab edirlər ki, Zelenski üçün inauqurasianın mayın 27-ə qədər keçirilməsi prinsipial olaraq vacib idi bu tarixdən sonra o, Ali Radanı buraxmaq səlahiyyətindən məhrum olacaq, çünki parlamentin səlahiyyət müddətinin bitməsinə altı aydan az vaxt qalacaq.

Parlamentin hazırkı tərkibində Zelenskinin tərəfdarları yoxdur, böyük ehtimalla lazımı qanunların qəbuluna nail olmaq çətin olacaq. Amma seçilmiş prezidentin özü hələlik parlamenti buraxmaq niyyəti haqda heç nə deməyib.

Ukraynada prezident seçkiləri necə keçib? 

Vladimir Zelenski prezident seçkilərinin aprelin 21-də keçirilən ikinci turunda seçici səslərinin 73 faizini toplayaraq qalib gəlib. Onun opponenti qüvvədə olan prezident Pyotr Poroşenko isə 24 faizdən bir qədər çox səs qazanıb.

41 yaşlı şoumen, artist və komik Vladimir Zelenski Ukraynada “Xalq qulluqçusu” serialında baş rol (prezident) ifaçısı kimi məşhurlaşıb. Əvvəl heç vaxt siyasi fəaliyyətlə məşğul olmayıb, dövlət vəzifəsi tutmayıb.

2019-cu ilin yanvarında dərc olunan jurnalist araşdırmasında Zelenskinin Rusiyada üç şirkətə sahib olduğunun sübutları yer almışdı. Amma çox qəribə olsa da, sosioloqların fikrincə, bu informasiya Zelenskinin xeyrinə işləyib. 

Bu namizədin əsas şüarları – korrupsiya  və oliqarxlarla mübarizə, həmçinin Rusiya ilə beynəlxalq vasitəçilərin köməyi və danışıqlar yolu ilə münasibətlərin nizamlanması.

Onun yüksək reytinqinin əsas səbəblərindən biri kimi ölkədəki etiraz əhvalının yüksəkliyi və siyasətdə yeni simalara yaranan ehtiyac göstərilir. Vladimir Zelenskini ilk növbədə gənclər və Ukraynanın rusdilli vilayətlərinin sakinləri dəstəkləyir.

Getməkdə olan prezident 52 yaşlı Pyotr Poroşenko Ukraynanın ən zəngin insanlarından biridir. Varidatının mənbəyi şirniyyat məhsullarının istehsalı üzrə biznesdir.

2019-cu ilin fevralında “Bihus. Info” nəşrinin jurnalistləri müdafiə kompleksində korrupsiya sxeminin üstünü açıblar. Sxemdə iştirak edənlər sırasında prezidentin yaxın dostunun – Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleq Qladkovskinin oğlu da var. Poroşenko Qladkovskini işdən çıxarıb və “rezonanslı məqalələri” araşdırmağa çağırıb.

Poroşenkonun kampaniyası onun dövründə ordunun döyüş qabiliyyətinin yüksəlməsi, Avropa İttifaqı ilə vizasız rejim haqda sazişin imzalanması, Ukrayna Pravoslav Kilsəsinin muxtariyyət əldə etməsi təşkil edir.

Poroşenkonun əleyhdarları onu hər şeydən əvvəl korrupsiyanın öhdəsindən gəlməməkdə qınayırlar.

Facebook Comments

More on JAMnews