Rusiyada siyasi motivlərlə 70-ə yaxın Ukrayna vətəndaşı həbs olunub. Bu insanlar kimdir və niyə siyasi məhbus hesab edilirlər?" />

Ukraynalı rejissor Oleq Sentsov bir aydan uzun sürən aclıq nəticəsində Rusiya həbsxanasında ölür

Rusiyada siyasi motivlərlə 70-ə yaxın Ukrayna vətəndaşı həbs olunub. Bu insanlar kimdir və niyə siyasi məhbus hesab edilirlər?

Müxtəlif hüquq müdafiə təşkilatlarının məlumatına görə, Rusiya həbsxanalarında siyasi motivlərlə azadlıqdan məhrum edilmiş 64 nəfərdən 70 nəfərə qədər Ukrayna vətəndaşı saxlanılır. Onlara qarşı irəli sürülən ittihamlar əsasən terrorçuluq və qarətlə bağlıdır.

Ən məşhur siyasi məhkum

İyunun 22-də ukraynalı kinorejissor Oleq Sentsovun Rusiya həbsxanasına salınmasından dörd il keçdi. Bir aydan çoxdur ki, o müddətsiz aclıq aksiyasına başlayıb. Rejissor Rusiya hakimiyyətindən bütün ukraynalı siyasi məhbusların azad edilməsini tələb edir.

Oleq Sentsov 2015-ci ildə məhkəmə prosesi zamanı. Foto: REUTERS/ Sergey Pivovarov

Sentsov 2014-cü ildə Krımın bir neçə şəhərində terror aktı hazırlamaq və həyata keçirmək ittihamı ilə məhkum olunub. Rejissor 20 il müddətinə azadlıqdan məhrum edilib, amma o, bütün ittihamları rədd edir. Bir çox hüquq müdafiəçiləri Sentsovun işini saxtalaşdırılmış və siyasi motivli hesab edir.

Bu dörd ildə bir sıra nəhəng kinematoqrafçı və digər şəxslər rejissorun müdafiəsinə qalxıb. Onlar arasında rusiyalı və avropalı rejissorlar var – Andrey Zvyaqintsev, Aleksandr Sokurov, Aki Kaurismyaki, Vim Venders, amerikalı aktyor Conni Depp.

Rusiya hakimiyyəti Sentsovun azad edilməsi ilə bağlı müraciətlərə reaksiya verməyib.

Ukraynanın ombudsmeni Lyudmila Denisova jurnalistlərə bildirib ki, Ukrayna tərəfinin Oleq Sentsovun səhhəti ilə bağlı dəqiq məlumatı yoxdur. Ombudsmen bildirib ki, əldə olan məlumata görə, “Sentsov qeyri-insani şəraitdə saxlanılır və onu zorla yedizdirirlər”.

Oleq Sentsov 1976-cı ildə Simferopolda anadan olub. Onun “Gamer” sənədli filmi kinofestivallarda bir neçə mükafat qazanıb. Maydan hərəkatının fəalı olub. O, iki uşaq atasıdır.

Hökm elan olunan zaman Oleq Sentsov və eyni iş üzrə məhkum olunan Aleksandr Kolçenko Ukrayna himnini oxuyublar:

Rusiya həbsxanalarında nə qədər ukraynalı siyasi məhkum var?

Sentsov aclıq elan edən zaman koloniya rəisinə tələblərini yazılı şəkildə göndərib. Orada bildirilib ki, Rusiya həbsxanalarında saxlanılan bütün ukraynalı siyasi məhkumlar azad ediləndən sonra Sentsov aclıq aksiyasını dayandıracaq.

Amma Sentsov ukraynalı siyasi məhkumların sayını və adlarını yazmayıb.

Müxtəlif məlumatlara görə, Rusiyada siyasi motivlərlə məhkum olunmuş Ukrayna vətəndaşlarının sayı 63-dən 71-ə qədərdir.

Bu insanlar kimdir? 

“OVD-info” hüquq müdafiə portalının məlumatına görə, onların sayı məhz 71 nəfərdir. Media resurs cinayəət işlərinə dair şərhlərlə birlikdə adbaad siyahı da təqdim edib. “OVD-info” eyni zamanda siyahıdakı bir neçə şəxsə qarşı irəli sürülən ittiham haqda heç nə məlum olmadığını da yazır.

Ümumilikdə Ukrayna vətəndaşları Rusiya həbsxanalarında bu səbəblərdən saxlanılırlar: 

28 ukraynalı Rusiya məhkəməsi tərəfindən “Hizb ut-Təxrir əl-İslami” radikal islam partiyasının üzvü olmaqda təqsirli bilinib. Partiya Rusiyada qadağan olunub. Amma Rusiya Krımı ilhaq edənə qəədər “Hizb ut-Təhrir” partiyası yarımada ərazisində leqal fəaliyyət göstərib. Rusiya məhkəməsinin məhkum etdiyi şəxslərin çoxu Kremlin yürütdüyü siyasətin fəal əleyhdarı olub və siyasi müqavimət göstərməyə çalışıb. Onların çoxu beş il müddətinə azadlıqdan məhrum edilib.

“Hizb ut-Təhrir” üzvləri kimi daha üç ukraynalı da eyni maddə ilə məhkum edilib. Onlar “Təbliği Cəmaət” islam təşkilatının üzvləri olublar. Onlar da Rusiyada qadağan olunan təşkilatda iştirakda ittiham ediliblər. Daha üç Ukrayna vətəndaşı isə Rusiyada qadağan olunmuş “Sağ sektor” təşkilatının üzvü olduğu üçün istintaq altındadır.

8 Ukrayna vətəndaşı “Krım diversantları işi” üzrə saxlanılıb və məhkum olunub. Onları 2016-cı ildə Krımda bir neçə hərbi və mülki obyektdə partlayış hazırlamaqda təqsirləndiriblər. İstintaqın versiyasına görə, onlar Ukrayna kəşfiyyat idarəsinin tapşırığı ilə hərəkət ediblər. “Krım diversantları” 3 ildən 6 il yarıma qədər müddətə azadlıqdan məhrum ediliblər.

Oleq Sentsovla birlikdə terror aktlarının hazırlanması işi üzrə daha iki nəfər – Aleksandr Kolçenko (10 il) və Aleksey Çirniy (7 il) də məhkum edilib. Kolçenko və Sentsov dəfələrlə istintaq zamanı işgəncəyə məruz qaldıqlarını bəyan ediblər.

“Sentsovun siyahısına” daxil olan daha beş nəfər sosial şəbəkələrdə yazdıqları status və şərhlərə görə mühakimə olunub və ya istintaq altındadır. Onlar ekstremizmdə və nifrəti qızışdırmaqda ittiham olunurlar.

Ukrayna prezidenti Pyotr Poroşenko (sağdan) və britaniyalı müğənni Elton Con əllərində üzərində Oleq Sentsovun portreti olan maykanı tutublar. Sentyabr, 2015. Foto: REUTERS

Rusiya hakimiyyətinin reaksiyası

Görünür ki, Oleq Sentsov Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı zamanı təsadüfən aclıq elan etməyib. Yəqin ki, o bu yolla daha geniş beynəlxalq ictimaiyyətin diqqətini çempionatın insan haqlarının tapdalandığı bir ölkədə keçirildiyinə cəlb edəcəyinə ümid bəsləyib.

İyunun 7-də ənənəvi “birbaşa bağlantı” zamanı Rusiya prezidenti Vladimir Putinə Oleq Sentsovun azad edilməsinin və ya 2018-ci ilin mayında Kiyevdə dövlətə xəyanət ittihamı ilə həbs olunan “RİA Novosti – Ukrayna”nın baş redaktoru Kiril Vışınski ilə dəyişməyin mümkün olub-olmaması haqda sual ünvanlayıblar.

Putin belə cavab verib: “Biz hələlik bu barədə düşünməmişik”.

None found


More on JAMnews