Liana, Ramella və Anuşun ərləri cəbhəyə könüllü yollanıblar: onların taleləri əsas etibarilə eyni cür olub, lakin eyni zamanda həm də müxtəlifdir" />

Üç tale – həm bu qədər müxtəlif, həm də oxşar

Liana, Ramella və Anuşun ərləri cəbhəyə könüllü yollanıblar: onların taleləri əsas etibarilə eyni cür olub, lakin eyni zamanda həm də müxtəlifdir

Liana Vardanyan

57 yaşlı Liana Vardanyan Qafan şəhərində birotaqlı mənzildə yaşayır.

Bir vaxtlar o, burada sevimli əri Aramaislə birgə yaşayırdı. Onlar birlikdə 15 il yaşayıblar, sonra isə xoşbəxt ailə həyatı Qarabağdakı müharibəyə görə yarımçıq qalıb.

Liana Qarabağda Martuni şəhərində anadan olub, sonradan 1977-ci ildə Ermənistanda yerləşən Qafan şəhərinə köçüb ki, texniki peşə məktəbində təhsilini davam etdirsin. Elə buradaca gələcək əri ilə taleyüklü görüş baş tutur.

Uzun illərdir ki, Liana ərinin medallarını qayğı ilə qoruyub saxlayır

Liana və Aramais. Fotoşəkil Qarabağ müharibəsinə qədər çəkilib

Əri ilə ilk görüş onun yaddaşına həmişəlik həkk olunub: bu, tədris ilinin əvvəlində baş verib.

“Biz təsadüfən görüşdük. Mən onun baxışlarını üzərimdə hiss etdim. Bu, qeyri-adi baxışlar idi. Sonradan Aramais etiraf etdi ki, o vaxt ilk baxışdan aşiq olmuşdu. Təxminən bir il inadla arxamca düşmüşdü, mən də ona qarşılıqla cavab verdim”.

1993-cü ilin ortalarında Aramais Qafanın 97-ci briqadasının “Şikaox” 6-cı motoatıcı batalyonunun uşaqları ilə birlikdə könüllü cəbhəyə yollandı.

“O, bəzən evə gəlirdi, çox darıxdığı uşaqları ilə görüşürdü, sonra ön cəbhəyə qayıdırdı. Biz Yeni ili birlikdə keçirdik və o, yenidən batalyondakı uşaqlara qoşuldu”.

1994-cü ilin yanvar ayının 5-də Aramais xəstələnir və yoldaşları qərara alırlar ki. onu evinə aparsınlar.

“O, özünü zəif hiss edirdi, hərarəti qalxmışdı. O, uşaqlarla evdə qaldı, mən isə mağazada növbəyə durmalı oldum. Mən evə qayıdanda o, artıq yox idi. Uşaqlar dedilər ki, həyəcan siqnalı verilib, ata da getməli olub. O, qonşulardan bizdən muğayat olmalarını xahiş etdi, sonuncu dəfə uzaqdan evimizə tərəf baxdı və həmişəlik getdi…”

Ərinin getməsindən iki gün sonra – 1994-cü ilin yanvar ayının 7-də ailə bəd xəbər aldı. Aramais 19 döyüş yoldaşı və komandir Martun Badalyanla birlikdə mühasirəyə düşüb.

Aramais müharibəyə könüllü olaraq gedib

Onun üç uşağı qalıb: bir vaxtlar 10 yaşlı Sona, 12 yaşlı Mxitar və 14 yaşlı Yelena sonuncu dəfə atalarını cəbhəyə yola salmışdılar, oindi isə özləri valideyn olublar.

Ərinin ölümündən sonra Liana üç uşağöı təkbaşına böyütməli olub.

“Jiquli” markalı maşınımız vardı, oölumunsa gödəkçəsi yox idi. Maşını satıb oğluma və qızlara geyim almalı olduq ki, onları məktəbə yola sala bilim. Aramais həlak olmasaydı, bizim həyatımız başqa cür olardı», — 57 yaşlı Liana deyir.

Evdə çox şey ərini xatırladır: fotoşəkillər, medallar, şəxsi əşyalar, evlə bağlı əhvalatlar

Bu gün Liana ayda 77 min dram pensiya alır. Amerika valyutasına çevirəndə bu, heç 200 dollar da etmir.

Liananın beş nəvəsi var, payızda altıncısı anadan olacaq.

Nəvələrindən biri – Armen hərbçi olub. 018-ci ilin aprelində baş vermiş “məxməri” inqilabdan sonra Armen Rusiyadan qayıdıb ki, vətənində xidmət etsin.

Yelena və Mxitar Rusiyada fast fud şəbəkəsində işləyirlər.

Onlar gec-gec görüşürlər.

Liananın əın çox istədiyi odur ki, onun uşaqları bir vaxtlar atalarının müdafiə etdiyi torpaqda yaşayıb işləsinlər.

Ramella Qukasyan

Ramella, sən mənim həyatım, bağçamdakı qızılgülsən.

Sənə, martda anadan olmuş qıza, mən hər zaman sadiq olacağam.

Sən gün işığında çiçək açmısan,

Günəş altında açmış bir çiçək kimi.

Ramella Qukasyan bir vaxtlar ərinin ona həsr etdiyi şeiri oxuyur

“Nəvəm tez-tez bunu xahiş edir. Deyir ki, nənə, siz tanış olduğunuz günlərdə babanın sənin üçün yazdığı o şeiri oxu. Maraqlıdır, görəsən, mən ərə gedəndə bu qədər seviləcəyəm?”

Ramella tez-tez nəvələrinə onların babası ilə öz sevgi hekayəsini nəql edir. Viktoriya, Elena və babasının şərəfinə adlandırılmış Sarkis hətta fəxr edirlər ki, nənələri ilə babalarının arasında bu cür romantik münasibətlər olub.

Müharibəyə 24 il əvvəl yollanmış Sarkis babanı onlar heç vaxt görməyiblər.

“Sonuncu dəfə qızımız Sonanın 11 yaşı tamam olanda görüşdük. Qarabağda müharibənin ən qızğın vaxtı idi. 1993-cü il noyabrın 1-də o, kəsik-kəsik omuş ayaqları ilə Şikaox kəndindən Qafandakı Alidzor məhəlləsinə qədər əlində iki yotuq tutaraq 23 kilometr addımlamışdı ki, qızımızın ad günündə iştirak etsin. Biz Yeni ili birlikdə qeyd etdik, sonra isə o yenidən getdi və dedi ki, qayıdandan sonra iş yerini dəyişməyi qərara alıb, yeni planları var”, – Qarabağ müharibəsində itkin düşmüş Qafan sakini Sarkis Qukasyanın həyat yoldaşı, 58 yaşlı Ramella danışır.

1994-cü ilin yanvar ayının 7-də Qukasyan “Şikaox” batalyonundan olan döyüş yoldaşları ilə birlikdə Horadizdə mühasirəyə düşür və qayıtmır. 24 illik axtarışlar nəticə verməyib.

“Təki o qayıdaydı, lap qocalmış olsa da, güclə hərəkət etsə belə, qolsuz qalsa da. Kaş görəydi ki, onun ərköyün saxladığı və qolları üstündə gəzdirdiyi kövrək həyat yoldaşı ədalətsizliyi dəf edərək uşaqlarına qarşılarına qoyduqları məqsədlərə çatmağa yardımçı olub. O, tərbiyə etdiyi uşaqlarla fəxe edə bilərdi”.

Bu qədər il keçib, Ramella isə Sarkisi gənc, mərd, valideynlərini sevən oğul, ona qayğı ilə yanaşan ər və uşaqları üçün gözəl ata kimi xatırlayır

“Biz hər işi birlikdə görmüşük. Texnikumda oxumuşuq, diplom işi yazmışıq, Qafanda rele zavodunda işləmişik və hətta ev təsərrüfatı ilə birlikdə məşğul olmuşuq. Bu, tamam başqa sevgi idi, biz sanki bir-birimiz üçün yaranmışdıq. Əvvəlcə doqquz il dostluq etdik, sonra isə evləndik. 12 illik xoşbəxt nikah və böyük sevgidən doğulmuş üç uşaq haqqında xatirələr mənim indim olub və bunda Sarkis ruhən həmişə iştirak edib”.

“Mən 16 il Qafan Dağ-Mədən Kombinatındakı Şaumyan şaxtasında üç növbə işləmişəm. Hər gün gözüyaşlı şaxtaya düşür və ümid edirdim ki, indi ərim məni qucaqlayıb oradan çıxaracaq. 35 min dram (təxminən 71 dollar) maaş və cüzi dövlət müavinəti ilə mən öz uşaqlarımı böyütdüm. Zinət əşyalarımı satdım ki, birtəhər dolanaq”.

Artıq səkkiz ildir ki, Ramella heç yerdə işləmir. İndi yenicə anadan olmuş nəvəsinə qulluq edir. O əmindir ki, Sarkis sağ qalsaydı, onlar indi başqa cür yaşayardılar. İşləməyinə ehtiyac qalmazdı, uşaqları ali təhsil alardılar, oğlu isə qazanc dalınca Rusiyaya getməzdi.

“Ərim itkin düşəndən sonra mən tamamilə tək qaldım: onun valideynləri və bacısı bir ilin içində öldülər, mənə kömək edəcək heç kim yox idi. Uşaqlarım indi mənə kömək edirlər, Sarkis isə sanki qüvvəsini mənə ötürüb”.

Qafan muzeyində itkin düşənlərin xatirəsinə həsr olunmuş guşə var

Qafanın tarix muzeyində Qarabağ müharibəsinə həlak olmuş və itkin düşmüş əsgərlərin xatirəsinə həsr olunmuş xüsusi guşədə hərbi əməliyyatların iştirakçısı, çoxlu medal almış Sarkis Qukasyanın fotoşəkli asılıb. Qukasyanın məzunu olduğu 1 saylı Qafan məıktəbində də həlak olanlara guşə ayırmaq və siniflərdən birinə onun adını verməyə hazlrlaşırlar.

“Daha 24 il keçsə belə yenə də Sarkisimi gözləyəcəyəm. Həyatımda başqası üçün yer ola bilməz”, – Ramella əminliklə bildirir.

Anuş Adamyan

Qarabağdakı müharibədə həlak olmuş Asatur Akopyanın dul qalmış arvadı Anuş Adamyan yeddi ildir ki, arıçılıqla məşğul olur və valideynlərinin işini davam etdirir.

“Arılarla ünsiyyət mənə rahatlaşmağa kömək edir, enerji verir və qayğılardan uzaqlaşdırır”, – ixtisasca mühasib olan Anuş gülümsəyərək arılarla dostluğundan danışır.

Artıq neçə ildir ki, Anuşun topladığı şirin məhsul yalnız qohumlara deyil, həmdə dostlara və hətta tanış olmayan insanlara qismət olur. Bal toplamaq mövsümü yetişəndə Anuş dəqiq bilir ki, bu dəfə qəhumlardan kimə, hansı rayona nə qədər bal yollamağa hazırlaşır.

Anuş Adamyan balın süzülməsi prosesini izləyir

“Mın bircə dəfə bal satmışam və 114 min dram (təxminən 235 dollar) qazanmışam, yoxsa adəti üzrə, onu sadəcə hədiyyə edirəm, ya da evdə saxlayıb öz ailələri olan qızlarım üçün qoruyuram. Mən bala şəkər tozu əlavə etmirəm, təmiz halda saxlamağa üstünlük verirəm, axı belə daha faydalıdır”, – Anuş Adamyan söyləyir.

İl əlverişli alınmayıb, bol məhsul gözləməyə dəyməz, o, hər pətəkdən ancaq yeddi kiloqrama qədər bal toplamağa ümid edir. Anuş Sünik vilayətinin sərhədyanı Tsav kəndində yaşayır və buradan Yerevana 357 kilometr yol var.

Düz 40 il əvvəl o, ərə gedib və qonşu Şişkert kəndindən bura köçüb. Gələcək əri ilə yerli məktəbdə oxuyarkən tanış olub.

Asatur Akopyan Qarabağ müharibəsində həlak olub

“1993-cü ilin aprel ayının 10-da yaxınlıqdakı kəndlərdə yaşayan azərbaycanlılar qonşuluqdakı Nerkin Xand kəndinə hücum etdilər. Asatur da bu döyüşdə həlak olub. Həmin gün biz bütün kənd sakinləri ilə birlikdə yaxınlıqdakı Şişkert kəndinə qalxdıq, ora bir qədər təhlükəsiz idi. Ertəsi gün biz qayıtdıq və mən təsadüfən taksi sürücüsündən eşitdim ki, ərim həlak olub. Aprelin 16-da Ermənistan və Azərbaycan tərəfləri həlak olanların cəsədlərini bir-biri ilə dəyişdirdilər. Ərimin cəsədini başqaları ilə birlikdə gətirdilər”.

“Bizə imkan verdilər ki, onun paltarlarına baxaq və təsdiqləyək ki, onlar Asatura məxsusdur. Böyük qızım Varduinin o vaxt 12 yaşı vardı, kiçik qızım Aninin isə iki yaşı. “Ana, xatırlayıram ki, divanda atamın yanında uzanmışdım, başqa heç bə xatırlaya bilmirəm”, – qızım Ani deyir”.

Ərinin ölümündən sonra Anuş arıçılıqla, bağçılıqla və yerli və qonşu məktəblərdə mühasibatla məşğul olmalı olub və bunun, qohumların dəstəyinin sayəsində o vaxt yetkinlik yaşına çatmamış dörd qızını böyüdərək, onlara ali təhsil verə bilib.

“Biz zirzəmilərdə gizlənirdik, elektrik yox idi. Ərimin ölümündən sonra qızlar tıhlükəsiz yerə – xalamın yaşadığı Nor Xaçna getdilər. Mən isə ərimin valideynləri ilə qaldım.

Atəşkəs sazişi baqlanandan sonra onlar geri qayıtdılar. Allaha şükür ki, hamısı ali təhsil alıb. Üç qızım ərdədir, tezliklə sonuncusu – Armenui də ərə gedəcək. Əvvəlki kimi Asaturun yeri görünür. Qızlarıməız həmişə öz ataları ilə fəxr ediblər. Onlar yaxşı mütəxəssis olublar, atalarının şərəfini həmişə uca tutublar”.

Akopyan ailəsi

Böyük qız Vardui tibb bacısı, Armenui proqramçı-mühəndis, üçüncü qızım Qoar Moskvada mama-ginekoloq işləyir, Abi isə ixtisasca maliyyəçidir.

“Onlar heç vaxt hər yerdə atalarının müharibədə öldüyünü göstərməyiblər, oxuyanda dövlətin təqdim etdiyi güzəştlərdən istifadə etməyiblər. Qızlarım öz güclərinin hesabına ali məktəblərə daxil olublar, yüksək bal toplayıblar və dövlət hesabına təhsil alıblar. İndi isə onlar mənə dörd nəvə bəxş ediblər”.

Anuş 92 yaşlı qayınanası Vardanuşla birlikdə Tsav kəndindəki birmərtəbəli şəxsi evində yaşayır.

“Qoy həmişə sülh olsun, müharibələr olmasın. Və bütün uşaqlar ailələrində atalarının sevgisi və istisi ilə əhatələnmiş halda yaşasın”, – Anuş Adamyan özünün ən böyük arzusu ilə bölüşür.

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür.

More on JAMnews