Azərbaycanda Bakının türk ordusu tərəfindən azad edilməsinin 100 illiyi şərəfinə parad keçirilib " />

Türkiyə Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir – Ərdoğan Bakıda bəyan edib

Azərbaycanda Bakının türk ordusu tərəfindən azad edilməsinin 100 illiyi şərəfinə parad keçirilib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən bayram paradında bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir. Ərdoğanın sözlərinə görə, Ermənistan-Türkiyə sərhədinin açılması haqda söhbət belə gedə bilməz.

Türkiyə Ermənistanla quru yolunu 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanla həmrəylik nümayiş etdirərək bağlayıb.

Parad 1918-ci il Bakı uğrunda silahlı mübarizədə Azərbaycan-Türkiyə qoşunlarının qələbəsinin 100 illiyinə həsr olunub. Bu tarixi epizod indiyə qədər fərqli yozulur, amma Azərbaycanda sentyabrın 15-i Bakının azad olunduğu və qeyri-rəsmi bayram günü hesab olunur. O cümlədən də iki ölkə arasındakı dostluq bayramı kimi qəbul edilir.

Paradda Dövlət Sərhəd Xidmətinin kavaleriyası, hərbi orkestr və hərbi texnika iştirak edib, səmada isə Azərbaycan və Türkiyənin hücumçu, qırıcı təyyarələri və hərbi-nəqliyyat vertolyotları havalanıb. Texnika təntənəli şəkildə meydandan keçib, onları tribunada iki prezident və digər rəsmi şəxslər salamlayıb. Bakı bulvarı və yaxın küçələr əvvəlcədən insanlardan təmizlənib, odur ki, bakılılar paradı yüksək vəzifəli qonaqlardan çox uzaq məsafədə izləyiblər.

1917-ci ildə Rusiyada monarxiyanın süqutu və Birinci Dünya Müharibəsi fonunda Azərbaycan heç bir qəsbçi tərəfindən tutulmamışdı və burada bir neçə qüvvə arasında hakimiyyət uğrunda mübarizə başlamışdı. 1918-ci il sentyabrın 15-də Bakı uğrunda həlledici döyüş baş verdi.

 

Bir tərəfdən bu döyüşdə Türkiyə və Azərbaycan qoşunları, digər tərəfdən isə Brtaniyanın ekspedisiya korpusu və “Sentrokaspi Diktaturası”nın qoşunları, ermənilərin Daşnaksütun partiyasının da daxil olduğu müxtəlif partiyaların birləşmələri iştirak edirdi.

 

Türkiyə-Azərbaycan qoşunları qələbə qazandı. Bu, yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinə paytaxt üzərində nəzarəti ələ keçirib, 22 ay mövcud olmaq imkanı verdi, daha sonra isə şəhərə bolşeviklərin 11-ci Qızıl Ordusu daxil oldu.

Sosial şəbəkələrdə bayram günü azərbaycanlı istifadəçilər tarixi məlumatlar paylaşıblar. 1918-ci il Azərbaycan tarixində o qədər önəmli və ziddiyyətli hadisələrlə zəngin olub ki, indiyə qədər Azərbaycan müstəqilliyinə kimin dost, kimin düşmən olduğu haqda mübahisələr üçün mövzuya çevrilir.

Amma sosial şəbəkələrin ən əsas və ən kütləvi trendi paraddan bir sutka əvvəl şəhərin mərkəzində yolların bağlanması və əmələ gələn tıxaclar olub.


More on JAMnews